İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rejimi bu dəfə də qurtuldu?..

1601 11.10.2022 09:50 Yazarlar A A

Siyasi etirazların uzanmasının iki nəticəsi ola bilir. Etirazlar uzanaraq tədricən sönür, ya da ki, əksinə, güclənir. Bu baxımdan İrandakı etirazlar artıq üçüncü həftəyə adlayıb. İnsanlar böyük fədakarlıq göstərirlər, minlərlə insan saxlanılıb, yüzə yaxın insan həlak olub, amma etirazlar hələ də öz məqsədinə çatmayıb.


Əslində qonşu İranda etirazlar çoxdan başlayıb. Amma bu vaxta qədər onlar ya sosial-iqtisadi, ya da ekoloji məzmun kəsb edibdir. Bu etirazlar ona görə diqqət çəkdi ki, onlar ilk gündən siyasi məzmun kəsb etdi və ilk gündən onları siyasi müşahidəçilər azadlıq mübarizəsi adlandırdılar.


İran rəsmilərinin yanaşması bir az fərqlidir. Onlar bu etirazları ilk gündən ölkələrinə qarşı aparılan hibrid müharibəsinin bir elementi kimi yozdular.


Amma düşünmürük ki, belə olsun. İran islam inqilabından qırx ilə yaxın vaxt keçibdir. Bu illər ərzində İran rejimi insanlarına düşmənlərdən və sanksiyalardan savayı heç nə qazandırmayıbdır. Ona görə də təəccüblənmək lazım deyil ki, bu ölkəni etirazlar bürüyüb və artıq cəmiyyətin böyük hissəsi rejimin dəyişməsi tələbilə küçə və meydanlara axışır. Amma sual yaranır: onlar məqsədlərinə çatacaqlarmı?


Çətin sualdır. Burada dərhal “ərəb baharları” yada düşür. Bəzi avtoritar ərəb ölkələrindəki siyasi rejimlər çökdü, amma “Kral öldü! Yaşasın kral!” düsturu ilə. Ötən yazılarda Suriyanı xatırlatmışdıq. Bu ölkə viran qaldı, amma Bəşər Əsəd hakimiyyətdən getmədi...


Siyasi rejimlərin çökməsinin bir neçə şərti vardır. Bunlardan biri də hakim siyasi elitanın parçalanmasıdır. Xatırladaq ki, artıq İranda ruhani elitasının bir neçə nüfuzlu üzvü etirazçıların tərəfinə keçib. Səhv etmiriksə, onların sayı üçdür. Bundan başqa, etirazlara tələbələr də qoşulub, amma rejim ayaqda durmaqda davam edir.


O ki qaldı hibrid müharibəsi məsələsinə, bizə elə gəlir ki, ABŞ bu istiqamətdə işləmir. Ümumiyyətlə, bəzən bizə elə gəlir ki, ABŞ heç də İran rejiminin çökməsini istəmir, çünki bu rejim xarici düşmən obrazını imitasiya edir. Bəli, Vaşinqton bunsuz keçinə bilmir. Bunun ən primitiv izahını vaxtilə politoloq S.Xantinqton vermişdi. Onun fikrincə, xarici düşmən ABŞ cəmiyyətini səfərbər edir, onları bir hədəf ətrafında birləşdirir. Bəli, bunun nümunəsini soyuq müharibə vaxtı gördük. Amma əsas budur ki, milyardlarla dollar kəsb edən hərbi xərcləri əsaslandırmaq və izah etmək ehtiyacı var. Bunun üçün xarici hədəf və düşmən olmalıdı. İran da belə hədəflərdən biridir.


Bir ara bu rolu bin Laden oynadı. Sonradan deyildi ki, bu adam Pakistanda ABŞ səfirliyinin lap yaxınlığında gizlənibmiş. Biz bunun nə qədər düzgün olduğunu bilmirik. Əsas odur ki, bir gün bin Laden özünün missiyasını başa vurdu, necə deyərlər, Mavr işini gördü və getdi. Ola bilsin, nə vaxtsa, İran rejimi də belə olacaqdır. Amma hələki belə bir şey görünmür, Tehran rejimi müqavimət göstərməkdə davam edir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR