İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Qərblə Ermənistan sərhədində barışır

1342 06.10.2023 12:44 Siyasət A A

Tehran ermənilərlə sərhəddə düşmən hesab etdiyi  Avropa Birliyi ilə necə birgə müşahidə aparacaq?

Fransa Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasını genişləndirməsi və onun “daha faydalı ola bilməsi” üçün mandatını gücləndirmək xahişi ilə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə müraciət edib.

Qeyd edək ki, Fransanın Ermənistanda AB “mülki missiyasını” genişləndirmək cəhdi fürsətdən istifadə edərək, AB qüvvələrinin regiona daha çox yerləşdirilməsi deməkdir. Eyni zamanda Ermənistanın Avropa Sülh Mexanizminə daxil edilməsi onun KTMT-dən çıxması anlamına gəlir. Fransa Ermənistanın “təhlükəsizliyi”ni üzərinə götürməklə, Rusiyanı bu ölkədən çıxarmaq niyyətini açıq şəkildə ortaya qoyur. Maraqlıdır ki, İran da Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə hazır olduğunu bəyan edib. APA xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.

“İran İslam Respublikası Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə kömək etməyə hazırdır. Biz Ermənistan-Azərbaycan Respublikası sərhədinə müşahidəçi göndərməyə hazır olduğumuzu bildiririk. Regiondan kənar yeni aktorların olması mürəkkəbliyi və qeyri-sabitliyi artırır”, - İran Baş Qərargah rəisi qeyd edib. Məlumdur ki, Rusiyaya qarşı dönük çıxan İrəvan indi yeni qucaq axtarışındadır və indi Fransa bu təhlükəsizlik kəmərinin Ermənistana verməyə hazır kimi görünür. Bundan əvvəl də Avropa Birliyinin yarımhərbi müşahidəçiləri Ermənistan sərhədinə yerləşib. İran həm sərhədə müşahidəçi göndərməyə hazır olduğunu deyir, həm də “regiondan kənar yeni aktorların olması mürəkkəbliyi və qeyri-sabitliyi artırır” bəyanatı verir.

Bu ziddiyyəti necə izah etmək olar? İran Ermənistan sərhədində düşmən hesab etdiyi Qərb təşkilatları ilə birgə müşahidəmi aparacaq?

Keçmiş maliyyə naziri Fikrət Yusifov Samir Şərifovla münasibətlərindən  danışdı - FOTOLAR

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Ali Baş Komandanımızın Fransa və onun rəhbərinə vurduğu tərs sillədən söz açdı: “Azərbaycanın Qarabağla bağlı apardığı düşünülmüş xarici siyasət bəhrəsini verməkdədir. Belə olan halda, Fransa kimi ikiüzlü ölkələrə Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində heç bir rol vermək olmaz. Azərbaycan hökuməti artıq çoxdandır ki, Fransanın bu məsələlərin həllində iştirakını görmək istəmədiyini bəyan edib və son dəfə İlham Əliyev Qranadaya getməməklə Fransa dövlətinin və onun prezidenti Emmanuel Makronun üzünə tərs bir sillə vurmuş oldu. Fransa indi Azərbaycanın ona qarşı sərgilədiyi bu münasibətinin qarşılığını hər hansı bir formada vermək üçün çaba göstərir. Ancaq bütün bunlar əbəsdir. Görünən budur ki, Fransadakı erməni lobbisi qarşısında müəyyən öhdəliklər götürmüş Makron və onun hakimiyyətində təmsil olunan bəzi boşboğazlar, ermənilərə olan borclarını qaytarmaq üçün "dəridən-qabıqdan çıxdıqlarını" nümayiş etdirməlidirlər. Real olan isə budur ki, Makron da, onun hakimiyyətinin üzvləri də atdıqları bu addımların hamısının fiaskoya uğrayacağını öncədən bilirlər. Lakin erməni lobbisi qarşısında “biz çalışırıq” görüntüsünü yaratmağa məhkumdurlar. Əks halda, bu lobbinin onlara göstərdiyi xidmətlərin və çəkdiyi xərclərin qarşılığının verildiklərini onlara necə sübut edə bilərlər?

Azərbaycan öz ərazisində separatizmin kökünü kəsdi və bununla da Qarabağ torpaqlarımızda suverenliyimiz tam bərpa olundu. İranın Ermənistanla Azərbaycan arasındakı münaqişədə vasitəçi roluna gəlincə isə burada hansı vasitəçilikdən söhbət gedə bilər? İran da Fransa kimi 30 ildir Ermənistanın yanındadır, ona dəstəkçidir və Qarabağ torpaqlarımızdakı işğalı tətikləmiş bir dövlətdir. Əslində Fransanın da, İranın da bu təşəbbüsləri əbəsdir. Çünki bizim Ermənistanla həll olunmayan heç bir problemimiz qalmayıb. Qarabağ torpaqlarımızda separatizmin kökünü kəsdikdən və bu torpaqlarda suverenliyimizi bərpa etdikdən sonra Ermənistanla aramızda qalan sərhəd münaqişəsinin həllində indi Ermənistan daha maraqlı olmalıdı. Bu sərhədlərin bəlli xəritələr əsasında keçdiyi bütün yerlər məlumdur və biz rəsmi xəritələrlə tanınan o sərhədlərimizdə dayanmışıq.  Bu qədər acılar yaşadıqdan, 35 ildə yaratdıqları “Qarabağ Ermənistandır” mifinə Azərbaycan Ordusu tərəfindən 24 saat ərzində fətva verildikdən sonra Ermənistanın Azərbaycana deyəcək nə sözü ola bilər ki? İndi Ermənistan gedib Azərbaycan torpaqlarında 30 ildə törətdiyi vəhşiliklərin, dağıntıların qarşılığında ödəyəcəyi təzminat haqqında düşünsün. Söhbət Ermənistanın 200 illik büdcəsi qədər reparasiyadan gedir. Bax bu məsələnin həllində Fransa Ermənistana maddi yardım göstərə bilər ki, Ermənistan Azərbaycana vurduğu maddi zərəri ödəsin. Əks halda, Ermənistan borcunu torpağı ilə ödəməli olacaq. Yəqin ki, Ermənistan borcun əvəzində ilk öncə İrəvanı təklif etməz. Deməli, birinci mərhələdə bütün yollar Zəngəzura aparır".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli İranın regionda kənarda qalmamaq üçün ən müxtəlif cəhdlər etdiyini qeyd etdi: “Ermənistan ərazi bütövlüyünü qoruması üçün Sinqapurdan da müşahidəçi dəvət edər. Bədnam qonşularımız faktiki olaraq suverenliyini itirən ölkədir. Öz ərazilərini bir neçə ölkənin proteroktaratı altına paylaşmaqdadır. Əvvəl Ermənistan bütün ərazisini Rusiyanın nəzarətinə verib. 2020-ci il 44 günlük müharibədən sonra Ermənistan ərazisini növbəti tarixi satışa çıxartdı. Bizim qorxumuzdan Zəngəzuru təcili İranın nəzarətinə verdilər. Sonra avropalı müşahidəçiləri dəvət etdilər. Bununla da kifayətlənməyib amerikalı hərbçilərlə Ermənistanda hərbi təlim keçdilər. İndi də Avropa müşahidə missiyasını daha da genişləndirib müddətini uzatmaq istəyirlər. İrana gəldikdə isə onlar yerləşdiyimiz regionda kənarda qalmamaq üçün cəhdlərdə bulunmaqdadırlar. Bunun üçün də ermənilərlə də, avropalılarla da anlaşmağa hazırdırlar. Ermənilər iranlıları rahat şəkildə əvvəl avropalılara, sonra amerikalılara dəyişdilər. Ermənistan ərazisini başqa ölkələrin yarı və tam hərbi nümayəndələri ilə doldurmaqla məşğuldur. Bütün bunlar Azərbaycanın qarşısının alınması üçün edilir. İrana bir daha qayıtsaq, bu ölkə nə qədər Qərblə qarşıdurmada olsa da, mövzu Türkiyə və Azərbaycan olanda bu ölkə həmişə qarşımıza dikilir. Bunun tarixi nədənləri var, bu haqda danışmışıq. Farslar ermənilərin bütün şıltaqlıq, xəyanətlərinə dözməyə hazırdır, təkcə türkün dediyi olmasın. Buna qətiyyən təəcüblənməməliyik. Həmçinin İranın Fransa ilə yaxın əlaqələri var. Hazırda Ermənistanın əsas himayədarları Fransa ilə İrandır. İran-Fransa əlaqələri tarixi anti-Türkiyə mövqeyi üstündə qurulan və indiyə qədər davam edən münasibətlərdir. Ermənistanda iranlılarla fransızlar çox yaxşı anlaşa bilərlər. Bu anlamda ruslar bizim üçün iranlılardan daha güvəniləsi tərəfdaşlardır. Bir də unutmayaq ki, farslara şərqin fransızları deyilir. Qərblə qarşıdurmada Rusiya İrandan daha prinsipialdır. İran Qərblə, ələlxüsus da Avropa ilə regionda tərəfdaşlıq etməyə başlasa, Rusiya və Çinin qəzəbinə uğraya bilər. Bunu da Tehranda bilməmiş deyillər”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR