İran polisi ölkədəki etiraz aksiyalarında iştirak edən 297 nəfəri saxlayıb.
Musavat.com bildirir ki, bu barədə İRİB dövlət televiziya və radio şirkəti məlumat yayıb.
“Polisin ictimai təhlükəsizlik departamentinin rəhbəri iğtişaşlarda iştirak edən, Amerika və İsrail təşkilatları ilə əlaqəsi olan 297 nəfərin həbs edildiyini bildirib”, - məlumatda deyilir.
Görünən budur ki, bu şəxslər casusluqda ittiham olunanlardır. İranda saxlanılanların ümumi sayı 10 mini keçib.
İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib ki, öldürülən hökumət məmurlarının qanlarının qisası alınacaq. O, bu "qisasın" “qətiyyətli və təsirli” olacağını və bunun reallaşması üçün “müxtəlif imkanlardan istifadə edilməli” olduğunu bildirib.
Ejei eyni zamanda baş prokurora və prokurorlara etirazların “əsas ünsürləri” hesab etdiyi şəxslərin “məhkəməsini və cəzalandırılmasını sürətləndirmək” tapşırığını verdiyini söyləyib.
Qeyd edək ki, 14 yanvarda aksiya fəalı olan gənclərdən birinin edam olunacağı barədə xəbər yayılıb.
Musavat.com






