İnsanlara hürriyət, millətlərə istiqlal!

İran mediasında Ermənistana açıq dəstək - Məkrli siyasətlərini yenə ifadə etdilər

1658 12.01.2024 11:57 Siyasət A A

İran mediası yenə də ermənipərəst mövqeli yazılar dərc edir.

“Tahlil Bazaar” saytı yazır ki, Tehranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsi və Zəngəzur dəhlizinə qarşı çıxması İrəvan üçün xüsusi əhəmiyyət kəsb edir.

Sayt məqalənin davamında qeyd edir:

“Ermənistanın İran üçün Qafqaza və Avropaya giriş qapısı kimi geostrateji mövqeyi və yaxın əlaqələri İranı bu ölkə ilə iqtisadi əlaqələri daha çox nəzərdən keçirməyə sövq edib. Ermənistan üçün İran xarici dünyaya, xüsusən də Yaxın Şərqə açılan qapı sayılır. Xüsusilə nəzərə alaq ki, dörd qonşusu arasında Ermənistanın ancaq Gürcüstan və İranla açıq sərhədi var”.

Sayt onu da qeyd edir ki, Ermənistan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla hələ də bir çox tranzit və sərhəd problemləri ilə üzləşir.

İranın Ermənistana dəstəyi hər zaman müşahidə olunub. İstər 44 günlük müharibə ərəfəsində, istər ondan əvvəl, istərsə də sonra. Əvvəllər Ermənistana dəstəyini gizli formada edən İran müharibədən sonra açıq bəyanatlarla çıxış edir, bu kimi məqalələrlə siyasətini gizlətmir.

Bu, təəssüf doğuran haldır. Çünki bir müsəlman dövləti olan İran 67 məscidi dağıdan, bir neçə min kilometrliyində dini və tarixi abidələri dağıdan erməninin yanında yer alıb.

Azərbaycan yaxın qonşu və müsəlman dövləti hesab etdiyi İran İslam Respublikası ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişafına çalışıb, onun daxili işlərinə müdaxilə kimi dəyərləndiriləcək hər hansı addıma yol verməyib.

Eyni zamanda geosiyasi proseslərdə belə İranın ayağını tapdalayan addım atmamışıq. Ancaq İrandan həmişə bunun əksini görmüşük.

Xatırlatmaq lazımdır ki, Cənub qonşumuzun hələ 90-cı illərin sonu 2000-ci illərin əvvəlində Xəzərin statusu məsələsində qeyri-adekvat və beynəlxalq konvensiyalara zidd mövqe tutması, Azərbaycan neft yataqlarını istismar etməsinə qarşı çıxması, hərbi təyyarələrlə hava sərhədlərimizi pozması ikitərəflli münasibətlərlə ciddi gərginliyə səbəb olmuşdu. Həmin vaxt Türkiyənin mənəvi-siyasi dəstəyi, qardaş ölkənin hərbi qırıcılarının Bakı üzərində dövrə vurmaları təhdid mövqeyi tutan İrana sərt mesaj oldu.

Sonrakı mərhələdə isə Ümummilli lider Heydər Əliyev İran prezidenti Məhəmməd Xatəminin Bakıda Xəzər dənizini “Mazandaran gölü” adlandırmasına kəskin etirazını ifadə etmişdi.

Yəni yuxarıda da qeyd etdiyimiz kimi, baş verənlər yeni deyil və İrandan zatən artıq bu istiqamətdə müsbət addım gözləmirik.

İslam həmrəyliyi, dini-mənəvi dəyərlər və ən əsası beynəlxalq hüquq normaları baxımından İranın təcavüzkar Ermənistana bu dəstəyi rəsmi Tehranın dünyada sülh və ədalət çağırışları ilə ziddiyyət təşkil edib.

İran heç BMT qətnamələrinə də ədalətli yanaşma göstərməyib.

Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edən cənub qonşumuz əməldə belə görünməyib. Həmişə Ermənistanı şirnikləndirən addımlar atıb. Hətta bir çox hallarda İran öz şirkətlərinin işğal altında olan torpaqlarımızdakı qanunsuz fəaliyyətinə də göz yumub.

Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etmiş İran 44 günlük Vətən müharibəsi zamanı fərqli mövqe sərgilədi.

Görünür, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyi istəmirdi. Müharibənin ilk günlərində yenə də beynəlxalq hüququ, İslam dəyərləri əsas tutmadı, ölkəmizin haqlı mövqeyinə hər hansı dəstək ifadə etmədi. Əksinə, hələ 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən sonra İranın hava məkanında istifadə olunmaqla Rusiya ərazisindən Ermənistana yüzlərlə ton hərbi texnika və sursatın daşınması kimi xəbərlərin yayılması rəsmi Tehranın ermənipərəst mövqeyinin açıq ifadəsi oldu. Silah daşınmasına aid fotolar, videolar yayıldı. Ancaq İran bütün bunları qəbul etmədi.

İstənilər halda Azərbaycan bütün qonşuları ilə beynəlxalq hüquq çərçivəsində davranır və hər hansı bir qonşumuza qarşı ərazi iddiamızın olmadığını dəfələrlə bəyan etmişik. Ümid edirik ki, İran da qonşuluq, İslami və hüquqi prinsiplərə uyğun davranmağı öyrənər.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR