İnsanlara hürriyət, millətlərə istiqlal!

İran hakimiyyəti üçün daha nə “qırmızı xətt"dir?

1393 01.10.2022 10:35 Yazarlar A A

Suriyanın altını üstünə çevirdilər, amma Bəşər Əsəd hakimiyyətdən getmədi, istefa vermədi. Ona görə də düşünmək ki, İran hakimiyyəti yüzə yaxın etirazçıçını qətlə yetirəndən sonra istefa verəcək, bu, bir az sadəlövhlük olardı.

Yox, qırx ildir ki, hakimiyyətdə olan ruhani elitası belə asanlıqa siyasətdən getməyəcək, baxmayaraq ki, etirazlar başlayandan onların sırasına bir neçə ruhani də qoşulub və hakimiyyəti tənqidlərdən düzgün nəticə çıxarmağa səsləyib.

Bu qırx ildə İran hakimiyyəti vətəndaşlarına nə verdi? Xarici düşmənlərdən və sanksiyalardan başqa, demək olar ki, heç nə. Onlar bir din olaraq islama da heç nə vermədilər, əksinə, onun haqqında neqativ təsəvvürlərin yaranmasında böyük rol oynadılar.

İran inqilabının başlanması mənim çox yaxşı yadıma gəlir. O vaxt Sovet İttifaqında böyük eyforiya yaşanırdı.

SSRİ-də deyirdilər ki, amerikalılar çörək yeyəndə ağzımızın içini görürdü, daha olmayacaq. Amma bundan da böyük ümidlər vardı, Moskva İran kommunistlərinin güclənəcəyini gözləyirdi,- bu, necə deyərlər, maksimum gözlənti idi və o, doğrulmadı. Amma SSRİ-ni minimum proqram da qane edirdi – ABŞ-ın İrandan qovulması Kreml üçün böyük hadisə idi, Vaşinqton daha özünün elektron izləyicilərinin köməyilə sovet vətəndaşlarının “ağzının içini” görməyəcəkdi.

İslam inqilabının nəticəsi bu oldu ki, Tehran allahsız Moskva ilə bir geosiyasi platformada qərarlaşdı və bu, indi də davam edir. Moskvanın və Tehranın bir ümumi düşməni var – o da Qərbdir.

Rusiyanın Ukraynaya qarşı müharibə elan etməsi ABŞ-ı və Avropa ölkələrini bir az da gücləndirdi – iki ölkə NATO-ya üzv olmaq qərarı verdi və bununla bir daha təsdiq olundu ki, Şimali Atlantika bloku ilə bağlı pessimist proqnozlara qapılmağın heç bir əsası yoxdur və NATO özünün missiyasını hələ başa vurmayıb. Burada İranda siyasi rejimin dəyişməsi Qərb üçün böyük və əvəzsiz həddiyə ola bilərdi.

Amma bizi başqa bir perspektiv düşündürür. Azərbaycanın Ermənistanla müharibədə qələbəsi təəssüf ki, Tehranın ürəyincə olmadı. Bu iki il ərzində İran daha hansı fokuslar çıxarmadı? Odur ki, Azərbaycan İrana qarşı daim neytrallıq və dinc qonşuluq siyasəti nümayiş etdirsə də, cənub qonşusunun cavab siyasətindən elə də razı deyil. Əlbəttə, İrandakı etirazların hansı ssenarilə bitəcəyi hələ məlum deyil. Hətta bircə anlığa fərz etsək ki, İranda rejim dəyişib, bu, bizə yüzə-yüz pozitiv münasibət vəd etmir, çünki ABŞ və Fransa da Qərb dövlətləridir və Ermənistanı Azərbaycana qarşı gücləndirmək üçün bir an belə rahatlaşmırlar.

Amma burada başqa bir məqam da var. İranda on milyonlarla azərbaycanlı yaşayır və demokratikləşmiş İran həmişə bunu nəzərə almaq məcburiyyətində olacaq. Ona görə də qonşu İranda demokratikləşmə bizim maraqlarımıza cavab verir. Baxmayaraq ki, Azərbaycan cənub qonşunun daxili işlərinə qarışmır, orada bu və ya digər siyasi tendensiyaya dəstək vermir. Ona görə də başqa ölkələr kimi Azərbaycan də sadəcə, proseslərin sonunu gözləyir və həm də ümid edir ki, İran hakimiyyəti özünün daxili və regional siyasətilə bağlı müəyyən nəticələr çıxarmaq iqtidarında olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR