İranda davam edən kütləvi etirazlar ölkəni dərin humanitar və mənəvi böhrana sürükləyib.
Musavat.com xəbər verir ki, Reuters agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, etirazlar zamanı azı 5 min nəfər həlak olub, ölənlər arasında təxminən 500 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Mənbələr bildirir ki, ən qanlı toqquşmalar İranın şimal-qərbində qeydə alınıb. Rəsmi Tehran hadisələrlə bağlı dəqiq statistika açıqlamasa da, müxtəlif mənbələrdən toplanan məlumatlar itkilərin miqyasının daha geniş ola biləcəyini göstərir. Küçələrdə hökm sürən xaos, qorxu və repressiya fonunda ölkə faktiki olaraq iflic vəziyyətinə düşüb.
Baş verənlər fonunda bir məqam xüsusilə diqqət çəkir: İslam dininə ləkə olan İran rejiminin fəaliyyəti İslamın əsas prinsiplərinə tam ziddir. Rejim ümumü ümmət anlayışına deyil, açıq şəkildə məzhəbçilik, farsçılıq və sasaniçilik düşüncəsinə söykənir. Bu yanaşma İslamın ədalət, insan həyatı və ümmət birliyi prinsiplərini tapdalayır, dini siyasi və etnik hegemonluq alətinə çevirir.
Bu mənzərə fonunda Peyğəmbərimizin (s.ə.s) hədisi xüsusi mənəvi çəki qazanır: “Kim bir insanı öldürərsə – o, qiyamət günü Allahın hüzuruna alnında belə bir yazı ilə çıxar: ‘Bu şəxs Allahın mərhəmətindən məhrumdur.’”
İranda baş verənlər təkcə siyasi böhran deyil, həm də İslamın adından sui-istifadə edilərək insan həyatının dəyərsizləşdirildiyi dərin mənəvi uçurum kimi qiymətləndirilir.
Musavat.com






