“Rusiya İrana hərbi və digər zəruri yardım göstərəcək, çünki ölkələr arasında müqavilə var və bu, onların öz təhlükəsizliyi ilə bağlıdır”.
Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
O bildirib ki, Rusiya münaqişə zonasına qoşun göndərməyəcək, lakin hərbi texnika və təyyarələr göndərə bilər:
“Bu, yüksək rəhbərlik tərəfindən qərarlaşdırılacaq. Görün Yaxın Şərqdəki münaqişəyə dərhal neçə ölkə cəlb edildi? Ölkəmiz İranın məhv olmasına icazə verə bilməz. S-300 sistemlərimiz artıq orada mövcuddur. Düşünürəm ki, ora daha müasir silahlar göndərə bilərik. Bu, ölkənin ali rəhbərliyinin səlahiyyətidir”.
Rusiya İran tərəfdə müharibəyə qoşula bilərmi? Hətta yalnız hərbi sursatla İrana kömək eləsə belə, bu, onun Ukrayna cəbhəsində mövqelərini zəiflətməzmi?

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, dövlətlərin xarici siyasətində əsas meyar strateji maraqlar və resurs balansıdır:
“Bu baxımdan Rusiya üçün əsas prioritet hazırda davam edən Rusiya-Ukrayna müharibəsidir. Moskvanın hərbi, iqtisadi və siyasi resurslarının böyük hissəsi bu cəbhəyə yönəldilib. Ona görə də Moskvanın Yaxın Şərqdə yeni bir müharibəyə birbaşa qoşulması real görünmür. Rusiya İranın tam məğlubiyyətində də maraqlı deyil. Çünki İran regionda Qərbə qarşı müəyyən geosiyasi balans elementidir. Əgər Tehran zəifləsə, sıradan çıxsa, Yaxın Şərqdə qüvvələr balansı Moskvanın əleyhinə dəyişə bilər. Buna görə Rusiya İranın tam hərbi məğlubiyyətinə imkan verməməyə çalışa bilər, lakin bunu dolayı mexanizmlərlə edər”.
Siyasi şərhçi deyib ki, belə mexanizmlər əsasən hərbi-texniki əməkdaşlıq, kəşfiyyat məlumatlarının paylaşılması və müdafiə sistemlərinin verilməsi ola bilər:
“Məsələn, İranın arsenalında olan S-300 kimi sistemlər bu əməkdaşlığın nümunəsi hesab olunur. Bu yardımın miqyası məhdud qalacaq və Moskva öz resurslarını risk altına atacaq addımlardan qaçacaq. Digər tərəfdən, Rusiyanın İrana ciddi miqdarda silah göndərməsi də müəyyən risklər yaradır. Bu halda Ukrayna cəbhəsində istifadə olunan bəzi resursların azalması mümkündür. Amma burada da qarşılıqlı asılılıq faktoru var. İran artıq Rusiyaya pilotsuz uçuş aparatları texnologiyası ilə dəstək verib və bu əməkdaşlıq mübadilə xarakteri daşıyır. Rusiya İrana siyasi və hərbi-texniki dəstək verə bilər, amma bu, müharibəyə birbaşa qoşulmaq səviyyəsinə çatmayacaq. Moskva üçün əsas məqsəd yeni cəbhə açmaq deyil, regional balansı qorumaq və öz strateji maraqlarını minimal risklə təmin etməkdir”.
E.Məmmədəliyev,
Musavat.com






