İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycan səfirliyinin açılmasında israr edir - səbəbləri açıqlandı

1718 17.08.2023 08:12 Siyasət A A

Tehran terror edilən səfirliyimizin işinin bərpasında çox maraqlıdır, lakin Bakının da konkret tələbləri var; Elman Nəsirov: “İranda praqmatik düşüncəli adamlar az deyil və onlar anladılar ki...”

“Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik”. “Yeni Müsavat” qeyd edir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian media nümayəndələri ilə görüşündə Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror hücumundan danışarkən deyib.

Bəli, baş diplomat etiraf edir ki, səfirlikləri qorumaq bizim borcumuzdur və təhlükəsizliyi təmin etməliyik. Onun sözlərinə görə, İran ədliyyə sistemi hadisənin ölçülərini araşdırıb. Nazir bu yaxınlarda İran baş prokurorunun müavininin Azərbaycana səfər etdiyini də diqqətə çatdırıb.  “Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik. Bundan başqa, bütün dövlətlər diplomatik məkanların və şəxslərin qorunmasına cavabdehdirlər, lakin müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”, - XİN rəhbəri qeyd edib.

Və nazir yenə də terroru “insident” adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyev və ölkə rəsmiləri bu hadisəyə birmənalı şəkildə terror qiyməti verib. Terrorçu Yasin Hüseynzadə saxlanılaraq dəlixanaya salınıb. Guya hadisə məişət zəminində, öz arvadını səfirlikdən tələb etdiyi üçün baş verib. Bakı tələb edir ki, terroru törədənlər, sifarişçilər cəzalandırılsın, hüquq-mühafizə orqanlarının məsuliyyətsizliyi qəbul edilsin, ondan sonra Tehranda səfirliyimiz işini bərpa edə bilər. Lakin Abdullahiyanın çıxışından belə məlum olur ki, istintaq başa çatmamış, cinayətin üstü tam açılmamış Azərbaycan səfirliyi fəaliyyətə başlamalıdır. Qeyd edək ki, nazirin “insident” adlandırdığı terror aktı bu ilin yanvarında törədilib. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb. Göründüyü kimi, Tehran Azərbaycan səfirliyin açılmasında az qala israr edir. Terror aktını isə “insident” hesab edir. Halbuki hələ də səhhəti bərpa edilməyən mühafizə əməkdaşı terrorçunun qarşısını almasaydı, böyük bir fəlakət yaşanacaqdı. Maraqlıdır, Tehran Azərbaycan səfirliyinin işini bərpa etməsində niyə bu qədər israr edir?

Millət vəkili - Elman Nəsirov

Elman Nəsirov

Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, İran İslam Respublikasının siyasi və ali rəhbərliyi əvvəlcə başqa proqnozlara malik idi. Onun fikrincə, Tehranda hesab edirdilər ki, İranın Ermənistana açıq və gizli dəstəyi Azərbaycanın məğlubiyyətini şərtləndirəcək, bundan divident əldə edəcəklər: “Amma gördülər ki, yox, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Ölkədə səfərbər olunmuş bir cəmiyyət, güclü ordu, yüksək döyüş ruhuna sahib zabitlər, xalq-hakimiyyət arasında monolit birlik və prezidentin müstəqil siyasəti var. Bu da Tehranın yanaşmasına təsir etdi. İran güman edirdi ki, vətəndaş həmrəyliyi pozulacaq, müharibə nəticəsiz qalacaq, amma bu da olmadı, torpaqlarımızı azad etdik və indi həmin əraziləri abadlaşdırırıq. Ona görə Azərbaycan İran qarşısında konkret tələblər qoyub. Biz mehriban qonşuluq münasibətlərinin tərəfdarıyıq. Amma bu, bir tərəfin istəyi ilə olmur, hər iki ölkə mehriban qonşuluq siyasətini istəməlidir”.

E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyev də qeyd edib ki, İranla əlaqələrin bərpasını istəyirik, amma ilk növbədə səfirliyimizi terror edənlər ən sərt şəkildə cəzalandırılmalıdır və Azərbaycandan üzr istənilməlidir: “İran sübut etməlidir ki, baş verənlər anti-Azərbaycan siyasəti deyil. Son zamanlar rəsmi Tehrandan gələn açıqlamalardan, İran mətbuatında gedən məqalələrdən də hiss olunur ki, bəli, bizimlə əlaqələri düzəltmək istəyirlər. Biz də bunun əleyhinə deyilik, ancaq terroru sifariş edənlər üzə çıxarılıb cəzalandırılmalıdır. Məncə, İranda praqmatik düşüncəli adamlar az deyil və onlar anladılar ki, beynəlxalq birliyin sanksiyaları altındadırlar, izqoy vəziyyətə düşüblər, belə olan halda Azərbaycan heç zaman onlarla münasibətlərdə üz çevirməyib. Yəqin ki, bu baxış da onların yanaşmasına təsir edib. Eyni zamanda Ermənistana dəstəyin heç bir əhəmiyyəti olmadığını dərk edirlər və artıq o zamanlar keçib getdi”.

Fuad Əliyev: Zəngəzur dəhlizinin açılması ermənilər tərəfindən uzanır

 Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyevin sözlərinə görə, İranın sərhədlərimizdə keçirdiyi hərbi təlimlər, mediasının təhqir dolu yazıları, təhdid xarakterli açıqlamaları, o cümlədən rəsmi Tehranın “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” açıqlamaları heç bir fayda vermədi. Ekspert hesab edir ki, cənub qonşumuz Azərbaycanla əlaqələri korladı, düşmənçilik etdi, indi barışmaq üçün əl uzadır: “Bizə İranın etdiyi pisliyi heç ermənilər bəlkə də etməyiblər. Səfirliyimizi terror etmək, millət vəkili Fazil Mustafaya sui-qəsd... Bunların üstündən sükutla keçib, hər şeyi unudaraq səfirliyimizin işini bərpa etmək sadəlövhlük, acizlik olardı. Azərbaycan bu məsələdə qətiyyətli mövqe tutub və konkret tələblər irəli sürüb. Ölkənin birinci şəxsi səviyyəsində Tehrana deyilib ki, etdiyiniz cinayətlərin, terrorun cavabını verməli, əsl günahkarı üzə çıxarmalısınız”.

Onun fikrincə, İran xarici işlər nazirinin deməyi ilə məsələ həllini tapmır. Azərbaycan İranın diktəsi və arzuları ilə siyasət yürütmür. Onlar anladılar ki, təzyiq və hədə-qorxu çıxış yolu deyil: "Üstəlik, son vaxtlar İrana yaxın “Həşdi-Şabi” silahlı qruplaşmasının bir dəstə üzvünün Ağdərə istiqamətində yerləşməsi xəbərləri yayılıb. Bu informasiyalara da Tehran rəsmi reaksiya bildirməyib. Əgər İran bölgədə gərginliyi körükləmək xətti tutubsa, altdan-altdan erməniyə dəstək verirsə, o zaman səfirliyin açılmasını hələ çox gözləməli olacaq. Azərbaycan normal qonşuluq münasibətlərini təklif edir, İran səmimi ola bilmədiyi üçün hələ də əlaqələr axarına düşmür".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR