İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar dalğası - yeni dövrün bəlası, yoxsa...

563 28.09.2023 12:12 Hadisə A A

Əhməd Qəşəmoğlu: “Dəyərlər sistemi də arzuolunan səviyyədə deyil”

Ölkədə intiharların və intihara cəhdlərin sayı getdikcə çoxalır. Təkcə ötən 1 həftə ərazində ölkədə 5 intihar hadisəsi baş verib. Xırdalanda gənc qız özünü binadan atıb, Kürdəmirdə ər-arvad özünü yandırıb, Zərdabda bir gənc oğlan özünə qəsd edib, Bakıda azyaşlı məktəbli intihara cəhd edib.

Qızın anası bildirib ki, övladına sinif yoldaşının valideyni təzyiqlər göstərib, nəticədə bu hadisə baş verib.

Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində intiharlar artır. Səbəb nədir? Yeni informasiya dövrünün gərginlikləridirmi, yoxsa dünyanı bürüyən müharibələr, pandemiya təsirləri var? Kütləvi şəkildə bir dalğa hiss olunur. Bununla bağlı qlobal şəkildə tədbirlər görülməsi çağırışlarına ehtiyac var. İnsanlara intiharın çıxış yolu olmadığını anlatmağın mexanizmini tapmaq mümkündürmü? Səbəblərin araşdırılması hansı qənaəti ortaya qoyur?

Fikirlərini öyrəndiyimiz mütəxəssislər bu qənaətdədir ki, cəmiyyətə ciddi təsiri olan kütləvi informasiya vasitələri  insan psixologiyasının həssaslığını nəzərə alaraq intihar xəbərlərini diqqət çəkən tərzdən uzaqlaşdırmalı və alternativ həll yollarını əlavə edərək təqdim etməlidir. Yəni sadəcə xəbər kimi yox, səbəb göstərilməli, kökündə nələr yatır o izah edilməlidir. Çünki baş verənlərə yanaşma, psixoloji durum hamıda eyni deyil. Ola bilər kimsə baş verən hadisədən nəticə çıxarar, başqa biri isə buna çıxış yolu kimi baxar. İntihar xəbərlərinə limitlər və müəyyən məhdudiyyətlər tətbiq edilməlidir. Psixoloqlar deyir ki, intiharlar bir sıra səbəblərin - fiziki, əqli, iqtisadi problemlər, alkoqol və narkotik vasitələrdən istifadə, ailələrin dağılması, zorakılıq, günahkarlıq hissi və s. təsiri ilə baş verir.

Bəzən insan affekt vəziyyətində və yaxud özünü çox çarəsiz hiss edərkən çıxış yolu kimi intiharı seçir. Əslində isə intihar çıxış yolu deyil. İntiharların artmasına əsas səbəb kimi “Verter effekti” qeyd olunur. Bu effektin mahiyyəti ondan ibarətdir ki, intiharla bağlı eşidilən və yayılan xəbərlər digərlərini stimullaşdırır. Belə bir addımın atılması digərlərində də “cəsarət” oyadır. Xüsusilə indiki dövrdə sosial media istifadəçiləri potensial “mətbuat orqanına”çevrilib. Bu, dünyanın bütün inkişaf etmiş dövlətlərində belədir və intiharların kütləviləşməsinin səbəblərindən biri də budur.  Düşüncəsizlikdən və maariflənmə səviyyəsinin aşağı olmasından irəli gələrək intihar görüntüləri yayılır. Psixoloqlar deyir ki, bəzən intihar düşüncəsi olmayan insan belə bu tip foto və ya videolara baxdıqda həmin hadisə altşüuruna oturur. Affekt halında isə alternativ “çıxış yolu” kimi işə düşür. Belə bir araşdırma var ki, intihar hansı ərazidə baş verirsə, digərlərinin də forması da, növü də eyni olur. Şəhərdə hündürmərtəbəli binalardan, sahil olan ölkələrdə isə özünü dənizə atmaq kimi hallar buna sübutdur.

Psixoloqlar maraqlı bir məqama da diqqət çəkirlər. Bildirirlər ki, sosial vəziyyəti aşağı olan ölkələrdə intihar sayı imkanlı ölkələrə nisbətdə az olur. Çox inkişaf etmiş ölkələr var ki, orada intihar statistikası sosial problemlər içində çabalayan ölkələrə nisbətən çox yüksəkdir. Hər insanın həyatının arxasında özünəməxsus bir hekayəsi və problemi var. Kiminsə intihar səbəbi başqa birisi üçün çox sadə və ya faciəvi görünə bilər. Bəzən ola bilər ki, nümayiş xarakterli intiharlar ölümlə nəticələnsin. Kimisə təhdid etmək, özündən sonra qalan şəxslərə zərər vurmaq məqsədilə edilən intiharları da bura aid edə bilərik. Bu, aqressiyanın bir növüdür. Başqasına zərər vurmaq üçün öz həyatına son qoyurlar. İntihara cəhd edən, meyilli olan şəxslərlə mütləq şəkildə psixoloji iş, maarifləndirmə tədbirləri həyata keçirilməli, həmin insanların intihar düşüncələrinin  kökündə nələrin durduğu təhlil olunmalıdır.

Ümumi olaraq psixoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atıla biləcək addımlar hər kəsi düşündürməlidir. Cəmiyyət olaraq insanlararası münasibətlərdə diqqətli olmalıyıq. Xüsusən də  gənclərə, yeniyetmələrə, çarəsiz, ümidsiz qalmış insanlara münasibətdə diqqətli olmalı, həmişə yadda saxlamalıyıq ki, bizim başqalarına yanlış münasibətimiz onun intiharı ilə nəticələnə bilər. Bunu düşünsək, yəqin ki, hər zaman atdığımız addımlarda da, digər insanlara olan münasibətlərimizdə də daha diqqətli ola bilərik.

İntihar hallarının yaşanmasına bəzən şəxsin özünün daxili səbəbləri,  ya cəmiyyətin, ailə üzvlərinin təsiri, ya da ki, maddi-mənəvi  və psixoloji  problemlər zəmin yaratmış olur. Yəni istənilən dövrdə intihar halları olub. Sadəcə, psixoloqlar mütəmadi olaraq intihar hallarının işıqlandırılmasının əleyhinədir. Çünki bəzi insanların müəyyən problemlərlə bağlı ara-sıra ağlından intihar etmək fikri keçir. Diqqət etsək görərik ki, hər il müəyyən bir mərhələ olur ki, ard-arda intihar hadisələri baş verir. Çünki bir intihar hadisəsi ardınca başqalarına da təkan yaradır. Bu da cəmiyyətdə ardıcıl intihar hadisələrinin baş verməsinə gətirib çıxarır.

Sosioloq Əhməd Qəşəmoğlu da təsdiqləyir ki, insanın aldığı informasiya onun davranışına ciddi təsir göstərir. Onun fikrincə, intihar və zorakılıq haqqında məlumatlar cəmiyyətə olduğu kimi çatdırılmamalıdır. Çünki bunun çox təhlükəli tərəfləri var. Arxasında ciddi sosial-psixologiya və davranış haqqında bir çox elmlərin konkret tövsiyələri vardır. İnsanların 85 faizindən çoxu həmişə  mahiyyəti etibarilə yamsılamağı, kimisə təkrar etməyi xoşlayırlar. Yalnız 15-20 faiz insanda analitik düşünmə, qərar qəbuletmə tələbatı olur, buna uyğun qabiliyyət inkişaf edir. Ona görə də cəmiyyətə bu cür məlumatları ötürərkən bəzi nüanslara xüsusi diqqət etmək lazımdır. Bu məlumatlar bir çox insanın şüuraltına təsir göstərir.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, cəmiyyətdə davranışın formalaşmasına təsir göstərən əsas dörd amil var: “Birinci insanın öz fərdi psixoloji xüsusiyyətləri, ikinci mühit, üçüncü aldığı informasiya, dördüncü isə üstünlük verdiyi dəyərlər. Elə insanlar var ki, anadan olandan onlarda intihara, zorakılığa meyllilik olur. Bu da insanın nəslindən, genindən, ana bətnində olduğu dövrdə ananın keçirdiyi həyat şəraitindən asılı olur. Elə ola bilər ki, mühit intihara, zorakılığa meyilliliyin qarşısını alsın. Əksinə, elə də ola bilər ki, mühit bunları inkişaf etdirsin.  Alınan informasiyalar da bu istiqamətdə müsbət və yaxud mənfi təsir göstərə bilər. Üstünlük verdiyi dəyərlərə gəldikdə isə mənəvi dəyərlərə üstünlük verən insan tənzimlənir, özünü belə neqativ hallardan qoruyur. Amma elə insanlar da var ki, mənəvi dəyərlər arxa plana keçir, burada müdafiə sistemi zəifləyir”.

Sosioloq deyir ki, hazırda bizim mühitdə bu müdafiə sistemi yoxdur, dəyərlər sistemi də arzuolunan səviyyədə deyil. Və alınan informasiya da qıcıqlandırırsa, həmin insanlardakı o xüsusiyyətləri oyadırsa, artıq insanda intihar və zorakılıq xüsusiyyətləri inkişaf etmiş olur. Belə insanlar cəmiyyətdə öz yerini tapmayanda, yəni bir işlə məşğul olmayanda, özünü təsdiq edə bilməyəndə, gələcəyə dair ümidsiz olduqda onlarda intihar, zorakılıq xüsusiyyətləri birdən sürətlə inkişaf edir. Və nəticədə böhranlı vəziyyət yaranır, bir çox hallarda da bu vəziyyətdən çıxmaq qeyri-mümkün olur.

Sosioloq qeyd edir ki, intihar və zorakılıq xəbərlərinin verilməsi xüsusi diqqət və qabiliyyət tələb edir: “Hazırda bizim mürəkkəbləşmiş, həssaslaşmış cəmiyyətdə informasiyaların bu şəkildə verilməsi məsləhət deyil. Amma bunlar tamamilə susmaq, bu informasiyaları qadağan etmək mənasına da gəlmir. Bu kimi məlumatları cəmiyyətə elə tərzdə hazırlayıb vermək lazımdır ki, qeyd etdiyimiz neqativ xüsusiyyətləri insanlarda inkişaf etdirə bilməsin”.

E.MƏMMƏDƏLİYEV,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR