İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnsanlar bu münaqişəyə sanki futbol oyunu kimi baxır” - Tural Abbaslı

654 10.10.2023 17:10 Siyasət A A

“Osmanlı imperiyası Fələstindən çıxan gündən bəri orada qan, göz yaşı dayanmır. Görünəni də budur ki, beynəlxalq təşkilatların, güclərin də marağındadır ki, orada həmişə qan, gərginlik olsun. Qırılan fələstinli, israillidir, bəyanat verən, tərəf tutan isə başqa ölkələrdir. Bu baxımdan tarixi ədalətə, beynəlxalq hüquqa söykənən, hamının qəbul etdiyi həll yolu olmalıdır”.

Bu sözləri AĞ Partiya sədri Tural Abbaslı İsrail-Fələstin münaqişəsi ilə bağlı Musavat.com-a danışarkən deyib.

Partiya sədri qeyd edib ki, siyasətçilər məsələyə emosional deyil, rasional, hüquqi yanaşmalıdır:

“Məsələyə emosional yanaşarıqsa, bu, ədalətli olmaz. Ədalət də budur ki, məsələ ilə bağlı BMT-nin qətnaməsi var, 1967-ci il xəritələri var. Buna əsasən, həm İsrail, həm də Fələstin dövləti yaradılmalı, Qüds paytaxt olmalı, hər iki tərəf bir-birinə hörmət edərək yaşamalıdır. Bu məsələ öz həllini tapmayınca 1 ildən, 5 ildən bir ya İsrail Qəzza xəttində əməliyyatlar aparacaq, ya da HƏMAS İsrailə hücum edəcək, nəticədə yenə də hər iki tərəfdən dinc əhali əziyyət çəkəcək.

Bəzən sosial şəbəkələri izləyəndə təəssüf hissi keçirirəm. İnsanlar bu münaqişəyə sanki futbol oyunu kimi baxır, tərəf tuturlar, hansı ki, zamanında bu yanaşma Rusiya-Ukrayna məsələsində də var idi.

İsrail hazırda Qəzza bölgəsinin bütün kommunal xidmətlərini, o cümlədən, su, işıq, qaz xətlərini kəsib, halbuki orada 2 milyon 600 min əhali yaşayır. Həmin əhalinin ən azı 2 milyon 400 min nəfəri sadə, mülki vətəndaşlardır, döyüşçü deyil. Amma qəribədir ki, bir çoxu İsrailin bu addımını dəstəkləyir. Orada yaşayan insanların, körpə uşaqların, yaşlıların, xəstələrin blokadada qalmasını necə dəstəkləmək olar? Yaxud HƏMAS-ın yaşayış binasına, xəstəxanaya raket atmasını necə dəstəkləmək olar?

Biz şiddətin, günahsız insanların ölümünün əleyhinəyik və təbii ki, beynəlxalq hüququn tərəfdarıyıq”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR