İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Şuşada verdiyi mesajın kodu: “Bu, sanki bir müqəddimədir…”

649 16.07.2026 17:16 Ölkə A A

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər müzakirə olunmaqda davam edir. Dövlət başçısının çıxışında işlədilən bəzi ifadələr siyasi kommunikasiya baxımından ayrıca təhlil olunur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev də Prezidentin nitqində yer alan “Amma bu, sanki bir müqəddimədir” ifadəsinə diqqət çəkərək bunun təsadüfi söz seçimi olmadığını bildirib.

Musavat.com xəbər verir ki, Nicat Abdullayev qeyd edib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər arasında onun diqqətini xüsusilə “Amma bu, sanki bir müqəddimədir” ifadəsi cəlb edib.

Nicat Abdullayev

Onun sözlərinə görə, ilk baxışda adi görünən bu ifadə əslində siyasi və kommunikativ baxımdan kifayət qədər dərin məna daşıyır.

N.Abdullayev vurğulayıb ki, Prezident İlham Əliyev uzun illərdir beynəlxalq auditoriyalar qarşısında çıxış edən, söz seçiminə son dərəcə həssas yanaşan dövlət başçısıdır və onun nitqlərində təsadüfi ifadələrə rast gəlmək çətindir. Məhz buna görə də “müqəddimə” sözünün işlədilməsi diqqətdən kənarda qalmamalıdır.

O bildirib ki, “müqəddimə” hər hansı hadisənin, mövzunun və ya prosesin giriş hissəsi, əsas söhbətə aparan başlanğıc mərhələ deməkdir. Prezidentin əvvəlcə Mixail Qusmanın vəzifəsindən uzaqlaşdırılmasını, daha sonra Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiyinə görə başqa bir şəxsin “xarici agent” elan edilməsini xatırlatdığını, ardınca isə “bu, sanki bir müqəddimədir” dediyini xatırladan Nicat Abdullayev hesab edir ki, bununla dövlət başçısı əsas mesajın hələ bundan sonra gələcəyinə işarə edib.

PR və media mütəxəssisinin fikrincə, burada diqqət çəkən məqamlardan biri də Prezidentin bir tərəfdən yumor və diplomatik üslubdan istifadə etməsi, digər tərəfdən isə media mühitində və beynəlxalq münasibətlərdə müşahidə olunan müəyyən tendensiyalara incə şəkildə diqqət çəkməsidir. Onun qənaətincə, Prezident birbaşa ittiham və ya sərt siyasi qiymətləndirmə vermədən, konkret faktları sadalayaraq auditoriyanı nəticə çıxarmağa dəvət edib.

Nicat Abdullayev bildirib ki, kommunikasiya baxımından bu, olduqca peşəkar yanaşmadır. Onun sözlərinə görə, güclü natiqlər bəzən ən sərt mesajlarını məhz ən yumşaq ifadələrin içində çatdırırlar və “müqəddimə” sözü də həmin nitqdə sadəcə dil vahidi deyil, auditoriyanı növbəti məzmun qatına hazırlayan siyasi və ritorik alət kimi çıxış edir.

Sonda o qeyd edib ki, Prezidentin həmin ifadəsi forum iştirakçılarına və beynəlxalq media nümayəndələrinə ünvanlanan mesajın giriş hissəsi idi. Nicat Abdullayev hesab edir ki, burada söhbət təkcə iki jurnalistin taleyindən deyil, daha geniş kontekstdə fərqli mövqelərə münasibət və informasiya məkanında ikili standartlar məsələsindən gedirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR