İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin seçki qərargahının rəhbəri kim olsun?

2469 15.12.2023 15:55 Yazarlar A A

 

Prezident Əliyevin namizədliyini rəsmi olaraq sədrlik etdiyi partiya irəli sürsə də, bu dəfə o, Azərbaycanda bütün vicdanlı adamların ortaq namizədidir- REAL-ın 40 min imza toplamaq gücü varsa, İlqar Məmmədovun namizəd olması seçkiyə bəlkə də rəng qatar...

Yeni Azərbaycan Partiyası 7 fevral seçkisində prezidentliyə namizədini açıqladı. Hakim partiyanın növbədənkənar seçkidə namizədinin  İlham Əliyev olacağı zatən bəlli idi və YAP bu gün qərarını rəsmiləşdirdi.

İndi qalır, bu seçki kampaniyasının layiqincə aparılması. YAP-ın sabiq icra katibi Əli Əhmədov təcrübəli seçki texnoloqdur, uzun illər YAP-da bu sahəyə rəhbərlik edib. Hazırkı Mərkəzi Aparat rəhbəri Tahir Budaqov da YAP rəhbərliyində təcrübə toplayıb və seçkidə əsas funksiyalardan biri onun üzərinə qoyulub. Maliyyə məsələlərini də bir nəfərə həvalə ediblər, adı da açıqlanıb. Amma YAP-ın seçkidə bu dəfə pul xərcləməyə xüsusi ehtiyacı olmaya da bilər, əsas seçici adlanan kapitaldır ki, prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin ehtiyatında bu dəfə bəlkə də heç vaxt olmadığı qədər seçici kapitalı var. Əslində, qanunda nəzərdə tutulmuş bəzi prosedurlar, məsələn, sənədləşmə, qanuni nümayəndələrin təyinatı vacibatı olmasaydı, Prezident Əliyev bu işi 44 günlük müharibədə olduğu kimi, necə deyərlər təkbaşına da qələbə ilə sonlandıra bilər. Sirr deyil ki, Prezident Əliyevin namizədliyini rəsmi olaraq sədrlik etdiyi partiya irəli sürsə də, bu dəfə o Azərbaycanda bütün vicdanlı adamların hamısının ortaq namizədidir. Bunun əksini düşünənlər qətiyyən düşmən-filan deyil, belələri az da olsa var.

Prezident Əliyevin son üç ildə belə bir mürəkkəb regionda, dəngəsi dəyişən dünyada ağır şərtlər altında apardığı ağıllı siyasət vicdanı olan hər bir adamın qəlbinə yol tapıb. Əlbəttə istəməyənlər də var, olacaq. Onlar seçkinin 14 ay əvvələ təyin edilməsinə ən müxtəlif rəng verməyə çalışırlar. Əvvəlki seçki illərindəki gərgin atmosfer bu dəfə yoxdur. Səbəb bəllidir. Amma onlar başqa səbəblərdən danışırlar, danışacaqlar da. Onların dedikləri bu dəfə seçki mühitinə təsir etməyəcək, əsəbləri gərməyəcək. Ona görə nə danışmalarının ziyanı yoxdur. Müxalifətə bəlkə də bu dəfə daha geniş meydan da vermək olardı ki, nəyə qadir olduqlarını özləri sınasınlar.  Sabah müxalifət  partiyalarından biri  qurultay keçirib seçki ilə bağlı mövqeyini açıqlamalıdır. İstərdim ki, yanılım, amma çox böyük ehtimalla seçkini boykot qərarı verəcəklər, yanında da bir düjün bəhanə ilə. Qərbin də bu işdə barmağı var. Onlar seçkinin keçirilməsini əngəlləmək istəyirlər.    

Bu seçkidə ola bilsin, “əsas müxalifət” funksiyasını  Qərb təsisatları üzərinə götürsün. Qırımlarından ona oxşayır. Qərbdən Azərbaycana qarşı təzyiq kampaniyası başlayanda adətən, dövlət strukturları ilə yanaşı, adının önünə “beynəlxalq” yarlığı yapışdırılmış “media”,“hüquq müdafiə”, “insan haqları” təşkilatları da rol alırlar. Növbədənkənar prezident seçkisi təyin edilməsindən sonra “Amnesty International”ın bəyanatı diqqət çəkir. Gözlənilir ki, seçki yaxınlaşdıqca, bu kampaniya daha geniş vüsət alsın, Sərhədsiz Reportyorlar”, “Freedom House”, “Human Rights Watch” və digər təşkilatlar da əks-təbliğata qoşulsun.  

Ötən yazıların birində qeyd etmişdim, bəzi namizədlər var ki, onların bu dəfə seçkiyə qatılmasını yaxşı hal hesab etmirəm. 40 min imza toplamaq indi o qədər də asan deyil. Əgər məsələn, REAL-ın 40 min imza toplamaq gücü varsa, sədrləri İlqar Məmmədovun namizəd olması seçkiyə bəlkə də rəng qatar. Tanınmış iqtisadçılardan birinin namizədliyi də maraqlı olardı.              

Zənnimcə, bu seçkinin xüsusi özəllikləri(ölkə tam ərazi bütövlüyü halında seçkiyə gedir, Xankəndi və s.) olduğu üçün İlham Əliyevi üçün tam fərqli seçki qərargahı qurula bilər. Məsələn, yaşına baxmayaraq Fərhad Bədəlbəyli o qərargaha rəhbərlik edə bilərdi. Siyasətçi deyil, bəlkə seçki işində də xüsusi bacarığı yoxdur, amma şübhəsiz təşkilatçıdır, ziyalı deyə biləcəyimiz azsaylı şəxslərdən biridir. Onun 2019-cu ilin martında yaradıcı insanlarla görüşdə Prezidentdən Şuşanın taleyini xəbər alması unudulmaz hadisələrdən biridir. “Biz bir arzu ilə yaşayırıq - bu yol Şuşaya aparan yoldur. İnanırıq ki, biz gec-tez orada olmalıyıq. Biz Şuşasız yaşaya bilmərik...” demişdi.  Fərhad Bədəlbəyliyə istədiyi Şuşa qayıtdı, indi o da seçkidə İlham Əliyevin yanında dayandığını göstərə bilər. Könüllü, ürəklə, səmimi... 

Eləcə də işğaldan azad rayonların icra başçıları bu işdə sinələrini qabağa verə bilərlər. Onların insan resurslarını cəlb etmək imkanları da çoxdur. Laçına, Füzuliyə və Zəngilanın Ağalı kəndinə artıq qayıdıb yaşayanlar var. Bu seçki qərargahlarının birinə də Şuşada da qurmaq olar. Biz keçmiş məcburi köçkünlər İlham Əliyevə vəfa borcumuzu qaytara bilərik. Mən bu seçkiyə həm də fürsət deyirəm.  Prezident Əliyevə borcumuzu qaytarmaq fürsəti...

Nazim SABİROĞLU,
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR