İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən BMT-ni xilas təklifi - ya islahat, ya da “fəxri istirahət”...

1050 31.01.2023 12:50 Siyasət A A

“BMT-də islahatlar aparılmalı, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”. Bunu ötən şənbə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında deyib.

“BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək”.

Ölkə Prezidenti xatırladıb ki, Azərbaycan 30 ilə yaxın işğala hərbi-siyasi vasitələrlə son qoyub, öz ərazi bütövlüyünü bərpa edib və BMT TŞ-nin 4 qətnaməsini özü həyata keçirməli olub. “Halbuki BMT özü bu qətnamələrin tələblərinə əməl etməli idi. Məhz bu, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyacı diktə edir”, - deyə vurğulayıb.

Qeyd edək ki, Azərbaycan lideri analoji təklifi bu ayın əvvəlində yerli telekanallara verdiyi müsahibədə səsləndirmişdi.

Bəs regional münaqişələrin həllində, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında faktiki lüzumsuz və amorf quruma çevrilmiş BMT TŞ-də islahat mümkünmü? Böyük monopolist dövlətlər buna razı olacaqmı? Yoxsa qurumun islahı artıq qeyri-mümkündür və “fəxri istirahətə” göndərilməli, yerində başqa beynəlxalq təşkilat yaradılmalıdır?

Fakt budur ki, TŞ-nin 5 daimi üzvü arasında 2 milyardlıq müsəlman dünyasını təmsil edən bircə dövlət də yoxdur. Həqiqət həm də ondan ibarətdir ki, hazırda 124 ölkəni birləşdirən Qoşulmama Hərəkatı (dönəm sədri Azərbaycandır) 200-ə yaxın ölkəni birləşdirən BMT-dən daha çevik və uğurludur.

Yada salaq ki, Türkiyə Prezidenti R.T.Ərdoğan dəfələrlə “dünyanın 5-dən böyük olduğu”nu bildirərək, BMT TŞ-nin mövcud strukturuna etiraz edib.  İslam dünyasının aparıcı dövləti Türkiyənin BMT TŞ-nin daimi üzvü olmaq şansı necədir?

Bəhruz Məhərrəmov: “Ermənistan təxribatları ilə özünün inkişafını ləngidir,  sonunu yaxınlaşdırır”

Bəhruz Məhərrəmov: “Bu çağırışlar BMT-nin cari düzəni üçün qlobal qırılma nöqtəsi olmalıdır”

Deputat Bəhruz Məhərrəmov Ali Baş Komandanın bu çağırışlarının bəşəri niyyətlərə söykəndiyini qeyd etdi: “Prezident İlham Əliyevin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında ən çox diqqət çəkən mövzulardan biri, heç şübhəsiz ki, yeni dünya düzəni və BMT sistemində islahatlarla bağlı çağırışları oldu. Nəzərə alsaq ki, cənab İlham Əliyev eyni zamanda dünyanın ikinci ən böyük təsisatı-Qoşulmama Hərəkatının rəhbəri kimi həm də 120 dövlətin maraqlarını təmsil edir, bu çağırışlar BMT-nin cari düzəni üçün qlobal qırılma nöqtəsi olmalıdır. Ələxsus da artıq sirr deyil ki, təşkilatın nizamnaməsində 78 il öncə müəyyənləşdirilmiş vəzifələr artıq müasir qlobal çağırışlarla ayaqlaşmadığı üçün BMT öz vəzifələrini lazımi formada yerinə yetirə bilmir.

Aydındır ki, İkinci Dünya müharibəsindən sonra dünyanın nəinki siyasi, hətta az qala fiziki xəritəsi belə dəyişikliklərə məruz qalıb. Bu çərçivədə, şübhəsiz ki, siyasi, iqtisadi, hüquqi dəyərlər, qlobal maraqlar tam fərqli məcraya qədəm qoyub, nüfuz artıq sosialist-kapitalist qütblərinin toqquşmasında ifadə olunmur. Belə olan təqdirdə 1945-ci ilin standartları ilə yeni dünyaya yanaşmaq, təbii ki, effektiv ola bilməz. Digər tərəfdən, hətta effektiv olsa belə, BMT-nin fəaliyyəti bir çox dövlətlərə, xüsusən İslam dünyasına münasibətdə ikili standartlarda ehtiva olunur. Məsələləri faktiki olaraq yalnız Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll edir.

Elə Azərbaycanın nümunəsində 30 il yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurası qətnamələri buna ən bariz misaldır. Cənab İlham Əliyevin misirli həmkarı ilə görüşdə ifadə etdiyi kimi,  “Azərbaycan 30 ilə yaxın işğala hərbi-siyasi vasitələrlə son qoyub, öz ərazi bütövlüyünü bərpa edib və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü həyata keçirməli olub”. “Halbuki BMT özü bu qətnamələrin tələblərinə əməl etməli idi. Məhz bu, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyacı diktə edir”.

Bəzilərinə münasibətdə saatlar ərzində hərəkətə gələn BMT mexanizmlərinin digərlərinə münasibətdə icrasız qalması təhlükəli tendensiyadır və bu mənada cənab İlham Əliyevin təklifi bu bəşəri niyyətlərə hesablanan təklifdir. Azərbaycanın özünə gəldikdə, biz artıq məsələmizi həll etmişik və Bakı BMT qətnamələrinin icrası üçün kimsəyə möhtac deyil.  Cənab İlham Əliyev BMT Nizamnaməsinin 25 və 51-ci maddələrinə uyğun olaraq qətnamələri 2020-ci ildə hərbi-siyasi yolla icra edib. Yəni Azərbaycan liderinin “BMT-də islahatlar aparılması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi” barədə mövqeyi daha çox təsisatın nüfuzunun bərpası və ümumilikdə təşkilatın özünün xilası üçün kifayət qədər sadə, ədalətli və müasir qlobal çağırışlara uyğun və kifayət qədər praqmatik həll yollarıdır.

Məsələn, iki milyarddan çox müsəlmanın ən ali qurumda daimi təmsil olunmaması yeni dünya düzəninə yaxşı heç nə vəd edə bilməz. Bu mənada ən yaxşı çıxış yolu İslam Əməkdaşlıq Təşkilatının rotasiya qaydasında müəyyən edəcəyi müsəlman bir dövlətin daimi üzv olmasıdır. Habelə 120 ölkənin cəmləşdiyi Qoşulmama Hərəkatına sədrlik edən dövlətin daimi o yerdə olmasına, Təhlükəsizlik Şurasında yalnız bəlli maraqların təmsil olunmasına, cənab İlham Əliyevin Prezident Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında da dediyi kimi, “daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərə” bilər".

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli: “5 daimi üzv orada qəbul edilən qərarların hamısını öz nəzarətində saxlayır”

Sabiq dövlət müşaviri Qabil Hüseynli BMT-də islahatların mütləq şəkildə baş tutacağını deyir. Onun sözlərinə görə, BMT-nin yenidən qurulması, orada islahatlar aparılması məsələsi ən azından son onillikdə gündəmin əsas müzakirə olunan məsələlərindən birinə çevrilib: “Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "dünya beşdən böyükdür" sözləri xüsusi əhəmiyyətə malikdir. O, bununla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə işarə edərək, Təhlükəsizlik Şurasının genişləndirilməsini bir növ tələb etmişdi. Bu məsələlər son vaxtlar xüsusilə aktuallaşıb. Hamı yaxşı bilir ki, Təhlükəsizlik Şurasının bu 5 daimi üzvü olan ölkələr özlərinin VETO hüququndan istifadə edərək fərqli xarakterli məsələlərin müzakirəsi zamanı həmin məsələlərə dair qərar və qətnamələrin qəbul edilməsini bloklayırlar. Bu nöqteyi-nəzərdən BMT dünyanın bütün coğrafi mövqelərini əhatə edən qlobal xarakterli məsələləri müzakirə edərkən həmişə bu 5 dövlətin geosiyasi maraqlarının toqquşmasından irəli gələn qərarsızlıqlara tuş gəlir və bu səbəbdən də səmərəli fəaliyyət göstərə bilmir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin yenidən qurulması, eyni zamanda qurumun həm Təhlükəsizlik Şurasının, həm də Baş Məclisinin fəaliyyətini artırmaq üçün təkliflər verib. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 5 daimi, 10 da keçici, 2 il müddətinə seçilmiş üzv ölkəsi var. Keçici üzvlərin heç bir VETO qoymaq səlahiyyəti yoxdur. Onların tərkibi hər iki ildən bir təzələnir. Amma 5 daimi üzv orada qəbul edilən qərarların hamısını öz nəzarətində saxlayır. Ona görə də bu gün bir çox dövlətlər-islam ölkələri, Qoşulmayanlar Hərəkatı, digər qurumlar tərəfindən belə səslər eşidilməkdədir ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli, oraya yeni üzvlər qəbul olunmalıdır. Azərbaycan Prezidentinin təklifində İslam Əməkdaşlıq Təşkilatının, yəni İslam ölkələrindən birinin Təhlükəsizlik Şurasına göndərilməsi də yer alır. Eləcə də İlham Əliyev cənabları həmçinin Qoşulmayanlar Hərəkatının da Təhlükəsizlik Şurasına bir yer ayrılmasının tərəfdarı olduğunu bildirib. Avropanın özündə də Almaniya kimi böyük dövlət Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddia edir. O da hərdən bir bu məsələləri gündəmə gətirir. Bunu demək mümkündürsə, BMT-nin ilk növbədə, Təhlükəsizlik Şurasının üzvlərinin tərkibinin dəyişdirilməsini, onların sayının 15-ə qaldırılmasını təklif edən dövlətlər çoxdur. Azərbaycan da, İslam Əməkdaşlıq Təşkilatı da, Qoşulmayanlar Hərəkatı da bu mövqedədir. BMT işini daha səmərəli qurmaq üçün Baş Məclisində dəyişikliklər aparmalıdır. Baş Məclisin iclasları ildə bir dəfə deyil, bir neçə dəfə çağırıla bilər və məclisin də qərarlarının Təhlükəsizlik Şurasının qərarları kimi eyni hüquqa sahib olması təklifi da verilən təkliflər arasındadır. Bir sözlə, BMT-nin dünyada sülh və əmin-amanlığın başlıca qoruyucusu kimi səmərəli fəaliyyəti üçün bu təşkilatda ciddi struktur islahatlarına ehtiyacın olduğunu əksər dövlət deyir. Hətta bu bir çox hallarda tələb şəklində BMT-nin qarşısında qoyulur. Zənnimcə, BMT-nin özündə ciddi islahatların aparılmasına olan meyl durmadan artmaqdadır. Çünki BMT-nin bir çox qərar və qətnamələri yerinə yetirilmir. Bəzi dövlətlər onu inkar edir. Azərbaycanla bağlı qəbul edilmiş erməni işğalının cilovlanmasına yönəldilmiş 4 qətnamənin də BMT tərəfindən yerinə yetirilməsinə lazımi qeyrətin göstərilməməsi xüsusilə vurğulanmalıdır. Azərbaycan əsgəri BMT-nin 4 qətnaməsini yerinə yetirməyi təmin etdi. Bir növ həm də BMT-ni fəaliyyətsizlikdən xilas etdi. Hesab edirəm ki, böyük islahatlara ehtiyacı olan BMT-də bu islahatlar mütləq baş tutacaq". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR