İnsanlara hürriyət, millətlərə istiqlal!

“İki sevda çəkən” Paşinyan... - Kreml düyməyə basıb?

2705 12.09.2023 13:27 Siyasət A A

İrəvanın Qərblə Rusiya arasında “şpaqat” vəziyyəti alması Bakıya dividentlər vəd edir; ekspertlərdən iki fərqli qənaət

Sentyabrın 11-dən Ermənistan ərazisində 9 günlük ABŞ-Ermənistan hərbi təlimləri başlayıb. Bu, Rusiyanın vassalı olan ölkənin ABŞ-la ilk belə təlimi, Kremlə qarşı ilk belə demarşıdır. Sirr deyil ki, Paşinyan hökuməti hələ də xarici siyasətdə Qərblə Rusiya arasında manevr etməyə çalışır. Bu kurs xüsusən də 44 günlük müharibədə Ermənistanın acı məğlubiyyətindən sonra özünü daha qabarıq göstərməyə başlayıb. Çünki rəsmi İrəvan hesab edir ki, nə Rusiya, nə də KTMT İkinci Qarabağ savaşı zamanı guya onu müdafiə etməli olduğu halda, etməyib. Halbuki müharibə KTMT üzvü olmayan Azərbaycan ərazisində gedib. Həmçinin müharibədən az sonra Azərbaycan Ordusunun guya Ermənistan ərazinə girdiyi haqda iddialar Rusiyaya qarşı gen-bol istifadə olunmaqdadır.

Gözlənildiyi kimi, təlim xəbəri Moskvanın qəzəbinə səbəb olub. XİN və Putinin mətbuat katibi səviyyəsində kifayət qədər sərt açıqlamalar verilib, İrəvana xəbərdarlıqlar edilib. Bunu da qeyd edək ki, məhz təlim ərəfəsində - sentyabrın 5-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi əsasında ölkənin KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağıraraq onu Niderlandda səfir və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına nümayəndə təyin edib. Bundan bir neçə gün qabaq isə Roma Əsasnaməsi ratifikasiya edilmək üçün Ermənistan parlamentinə göndərilib. Bu isə o deməkdir ki, İrəvan Qərb ölkələri kimi Rusiya prezidentini hərbi cinayətkar kimi tanımağa hazırdır və əgər Rusiya prezidenti Ermənistana səfər edərsə, nəzəri olaraq orada həbs edilməlidir. Nəhayət, Paşinyanın arvadı Anno Akopyan Kiyevə səfər edib. Bütün bu demarşlara görə sentyabrın 8-də Ermənistanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.

Əslində söhbət rəsmi İrəvanın xarici siyasətdə “iki stul”, yaxud “bir əlimdən Rusiya, o birindən ABŞ tutsun” hiyləgər taktikasının iflas olmasından getməlidir. Çox qəribədir, bir yandan Ermənistan ABŞ-la öz ərazisində ilk dəfə hərbi təlimə başlayır, digər yandan isə hakim partiyanın deputatı dərhal bəyan edir ki, “bizim KTMT-dən çıxmaq fikrimiz yoxdur”. Qısası, siyasi buqələmunluqdur bu. Maraqlıdır ki, məhz baş verənlərin fonunda Paşinyan iki gün öncə Sarkis Ovannisyanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən azad edib. Ovannisyan cəmi 4 ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilmişdi. Məlumata görə, o, Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqədə olub və bu barədə Qərb xüsusi xidmət orqanlarına bəlli olan kimi, Paşinyana yaxın çevrəsindən bu “köstəbəyi” dərhal uzaqlaşdırmağı tövsiyə edib.

Bəs bundan sonra nə gözlənilir? İrəvanın Qərblə Rusiya arasında “şpaqat” durumu Bakıya hansı dividentlər vəd edir? Ermənistanın müharibə poliqonuna çevrilməsi mümkündürmü? Ümumiyyətlə, Paşinyan hökumətinin son demarşlarına Moskvanın əks cavab(lar)ı nə olacaq və Bakı bundan necə faydalana bilər? Belə görünür Kreml artıq “düyməyə” basıb. Tanınmış politoloq Sergey Markov deyib ki, Rusiya əleyhinə bu oyunlar Ermənistana baha başa gələcək. “Tezliklə Qarabağ Bakının tam nəzarətinə keçəcək. Onun öz sahibinə tam qaytarılmasının zamanı çatıb”. Bunu da Markov söyləyib.

Öz növbəsində hərbi analitik İqor Korotçenko bildirib ki, bu demarşlar Ermənistan dövlətçiliyi üçün acınacaqlı nəticələrə gətirəcək. Rus politoloqlar nəyə işarə edir? Bu arada Teleqramın Ermənistan seqmentində məlumat yayılıb ki, hazırda Rusiyada 12 minə yaxın “Vaqner” döyüşçüsü var və onlar İrəvanda hakimiyyət çevrilişinə hazırlaşırlar. İddia edilir ki, özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin öldüyü zaman Ermənistanda ümumilikdə 3 min “vaqner”çi olub. Daha sonra 2 min döyüşçü də onlara qoşulub. Hazırda isə Ermənistanda onların sayı 12 mindir. “Ermənistanın ABŞ-la keçirdiyi təlimlər fonunda İrəvanın hərəkətləri Moskvanı təəssüfləndirir”. Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Təcavüzkar bir NATO ölkəsinin Cənubi Qafqaza nüfuz etməyə çalışmasında yaxşı bir şey görmürük. Düşünürəm ki, bu, Ermənistanın özü də daxil olmaqla, heç kim üçün yaxşı deyil. Ermənistan rəhbərliyinin hərəkətlərinə təəssüf edirik. Ermənistanın iki ildir KTMT təlimlərində iştirakdan imtina etdiyini nəzərə alsaq, onun hərəkətləri xüsusilə qəribə görünür”, - Lavrov bildirib.

YAP rəsmisi Real partiyasının sədri Natiq Cəfərlini sərt tənqid etdi -  Busaat.az

Natiq Cəfərli 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, son gərginlik Ermənistanın ərköyün siyasətindən qaynaqlanır. N.Cəfərli bildirdi ki, İrəvana görə guya Rusiya ona dəstək vermir: “Bir növ Moskvanı daha aktiv olmağa təhriketmə çağırışlarıdır. Ermənistanın Qərbə inteqrasiya etmək istəməsi Türkiyə və Azərbaycan üzərindən mümkündür. Ancaq imzlanmış müqaviləyə əsasən Rusiyanın hərbi bazaları 2044-cü ilə qədər Ermənistanda qalacaq. Hansı məntiqlə Qərbə və NATO-ya inteqrasiya edə bilərlər? Eyni zamanda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqının üzvüdür. Fikrimcə, son hadisələr kənardan danışılmış döyüşə oxşayır. Çünki İrəvan sanksiyalardan yayınmaqda Rusiyaya kömək edir”.

REAL funksioneri söylədi ki, Ermənistan Sinqapur və başqa ölkələrdən yarımkeçicilər alıb Rusiyaya verir: “Əgər münasibətlər pisdirsə, bu dəstək nədir? Son 3 ildə iki ölkə arasında ticarət dövriyyəsi artıb. Ermənistanda bu qədər mal istehsal edilmir ki, sata bilsin?! Deməli, sanksiyalardan yayınmaqda dəstək verir. Mənə elə gəlir ki, İrəvan-Moskva xəttində üzdə söz davasıdır. Paşinyan hökuməti hiyləgər gediş edir. Yəni Rusiya-Ermənistan arasında guya konflikt olduğunu göstərərək Moskvaya sanksiya məsələsində verdikləri dəstəyi Qərbin gözündə ört-basdır eləməyə çalışırlar. Belə desək, Avropa son gərginlik fonunda İrəvanı antiRusiya cəbhəsində görür, əvəzində isə altdan-altdan işlərini davam etdirirlər. Digər tərəfdən, Ermənistanın Qərbə inteqrasiyası mümkün deyil. Bəli, Paşinyanın belə bir arzusu ola bilər, amma onlar reallıqları yaxşı dərk edirlər. Təbii ki, Paşinyanın Qərblə yaxşı əlaqələri mövcuddur, o sivil toplumdan hakimiyyətə gəlib, ancaq bunu həyata keçirməyə gələndə o qədər asan deyil. Çünki İrəvan başa düşür ki, NATO ilə yaxınlaşmaq Türkiyə ilə əlaqələri düzəltmək deməkdir. Ona görə Rusiya-Ermənistan söz atışmasını ciddi qəbul etmirəm. Üstəlik, Rusiyanın Ermənistana təzyiq imkanı o qədər çoxdur ki, bunu hər iki tərəf yaxşı bilir. Rusiya istəyir ki, Ermənistan zəifləmiş halda həmişə özünü təhlükədə hiss etsin və hər an devrilmək təhlükəsi olan Paşinyan komandasına istəklərini diqtə edə bilsin. Ona görə də Ermənistan KTMT-dən çıxmaq istəsə də, bunun mexanizmi yoxdur. Eləcə də rus hərbi bazalarını çıxarmaq üçün yenə icra mexanizmi yoxdur”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi şərhçi Azad Məsiyev qəzetimizə dedi ki, Paşinyan ABŞ tərəfindən hakimiyyətə gətirilib və onun idarə edilən fiqur olması kimsəyə sirr deyil: “Məqsəd Rusiyanın Ermənistanda nüfuzunu azaltmaq və təsir dairəsindən çıxarmaqdır. Artıq neçə ildir ki, bu strateji kurs götürülüb. Bu gün danışıqlar prosesinin dalana dirənməsi də məhz ABŞ-Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən mübarizədən irəli gəlir. Vaşinqton faktiki olaraq sülh danışıqları prosesinə əngəl olur. Belə situasiyada isə Azərbaycan üçün yeni dividentlər meydana çıxır”. Ekspert vurğuladı ki, bu vəziyyətdə Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri uzlaşdıraraq Qarabağdakı yarımçıq qalan məsələləri tam həll etməyə çalışacaq: “Kreml də əlindən gələni edəcək ki, Paşinyan iqtidarını devirsin. Sadəcə, amerikalılar bütün gücü ilə onu müdafiə edirlər və hələlik mümkün olmur. Nəzərə alaq ki, Ermənistan KTMT üzvüdür və onun təlimlərindən imtina edib. Birdən-birə amerikalı hərbçilərlə birgə təlimlər qərarı Rusiyaya dirsək göstərməkdir və bu da Moskvanın xoşuna gəlmir. Ona görə gec-tez İrəvana adekvata cavab veriləcək. Ümumilikdə Ermənistanın KTMT-dən çıxmağa hesablanmış addımları vəziyyəti gərginləşdirir. Odur ki, Rusiyanın Paşinyan problemi ilə Azərbaycanın Qarabağ maraqları üst-üstə düşür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR