İnsanlara hürriyət, millətlərə istiqlal!

İki qardaş ölkənin iş adamları qazanclarını Bakıda “sayacaq”

687 15.12.2023 08:50 İqtisadiyyat A A

İnvestisiya Forumunda kimlər bir araya gələcək?

Dekabrın 21-də Bakıda böyük Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək. Tədbirdə hər iki ölkədən dövlət qurumları, universitetlər və şirkətlərin 400-ə yaxın nümayəndəsinin iştirakı nəzərdə tutulub. Forum ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, müdafiə sənayesi, enerji və inşaat, o cümlədən səhiyyə və turizm sektorlarını əhatə edən 6 panel sessiyasından ibarət olacaq. Bununla yanaşı, forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömər Bolat və Türkiyə Prezidenti Administrasiyasının maliyyə idarəsinin rəhbəri Heksel Aşan da daxil olmaqla, əsas yüksək vəzifəli şəxslərin iştirak edəcəyi tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üzrə strateji təşəbbüslərin müzakirə mərkəzinə çevrilmək məqsədi daşıyır.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türk İxracatçılar Assambleyasının (TÜİB) birgə təşkilatçılığı ilə keçirilən forum biznes liderləri, investorlar və biznesmenlər arasında müzakirələr üçün platforma təmin etmək məqsədi daşıyır.

Forum mərhum prezident Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə təşkil olunur. Müzakirə üçün nəzərdə tutulan mövzular iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlərin spektrini əhatə edir və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsinə kompleks yanaşmanı əks etdirir.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri iqtisadi münasibətlərin sürətli inkişafına təkan verib. Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən Türkiyə iş və biznes çevrəsi ölkəmizə böyük maraq nümayiş etdirib. Türkiyə biznesinin Azərbaycan iqtisadiyyatına ilk yatırımları müstəqilliyin ilk illərindən başlayıb. Bir çox digər xarici investorlardan fərqli olaraq Türkiyə biznesi yalnız Azərbaycanın neft-qaz sektoruna deyil, tikinti, ictimai-iaşə, xidmət, rabitə, nəqliyyat və digər sahələrinə də yüksək maraq göstəriblər. Açıqlanan məlumatlardan aydın olur ki, hazırda Azərbaycanda 4500-dək Türkiyə investisiyalı şirkət fəaliyyət göstərir. Qardaş ölkənin Azərbaycan iqtisadiyyatına yatırımları 12 milyard dollardan yuxarıdır. 

Azərbaycan isə Türkiyə iqtisadiyyatına ən çox yatırım edən ölkələrdən biridir. Əsasən enerji layihələrinə olmaqla, Azərbaycanın qardaş ölkəyə yatırımları 20 milyard dollara yaxınlaşır. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan əsilli şirkət fəaliyyət göstərir. 

Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə qardaş ölkədən Azərbaycan iqtisadiyyatına 1 milyard 187 milyon dollar dəyərində birbaşa investısiya cəlb edilib. Bu göstərici ilə Türkiyə Böyük Britaniyadan sonra Azərbaycana ən çox yatırım edən ölkə adını qazanıb. 

Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalara görə Türkiyə birinci yeri tutur. Ötən il Azərbaycandan Türkiyə iqntisadiyyatına 247 milyon dollar sərmayə qoyulub. Türkiyənin ən böyük xarici yatırımçısı Azərbaycandır. Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Türkiyənin neft-kimya sənayesinə 18 milyard dollar yatırıb. Təkcə ötən il Türkiyədə Azərbaycan sərmayəli 56 şirkət qurulub.

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, ticarət-iqtisadi əlaqələrdə də dinamik inkişaf müşahidə olunur. İki ölkənin ticarət dövriyyəsinin illik həcmi 2016-cı ildə 2,3 milyard ABŞ dolları olduğu halda, 2021-ci ildə iki dəfə çox - təqribən 5 milyard ABŞ dolları olub. 

2020-ci ilin fevralında iki ölkə arasında güzəştli ticarətin təşviqi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi (PTS) imzalanıb. Bu sənədin imzalanması qarşılıqlı ticarət əlaqələrinin daha da genişlənməsi prosesinə təkan verib. Belə ki, 2019-cu ildə ölkələr arasında qarşılıqlı ticarətin həcmi 4 milyard 509 milyon 496.04 min dollar, 2020-ci ildə 4 milyard 160 milyon 824.69 min dollar, 2021-ci ildə 4 milyard 661 milyon 845.29 min dollar, 2022-ci ildə isə 5 milyard 842 milyon 177.83 min dollara yüksəlib. 

Türkiyə Azərbaycanın qeyri-neft məhsulları ixracında Rusiyadan sonra ikinci yerdə gəlir. 2021-ci ildə qardaş ölkəyə 675 milyon 854.01 min dollarlıq, 2022-ci ildə isə 713 milyon 104.32 min dollarlıq qeyri-neft məhsulu ixrac olunub. 

Türkiyə çox az sayda ölkələrdəndir ki, Azərbaycanın onunla ticarətində müsbət saldo qeydə alınır. Rəsmi statistikaya əsasən 2023-cü ilin yanvar-oktyabrında Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəmizin həcmi 6 milyard 747 milyon 82.67 min dollar təşkil edib. Bu isə o deməkdir ki, qardaş ölkə İtaliyadan sonra ikinci böyük ticarət tərəfdaşımızdır. Qarşılıqlı alış-verişin 4 milyard 838 milyon 893.74 min dolları Azərbaycanın Türkiyəyə ixracı, 1 milyard 908 milyon 188.93 min dolları oradan idxalıdır. Beləliklə, Türkiyə Azərbaycanın ixracında 2-ci, idxalında isə 3-cü yerdədir. 

Keçən ilin eyni dövründə qarşılıqlı ticarətin həcmi 5 milyard 57 milyon 994.81 min dollar olub ki, bunun da 3 milyard 224 milyon 50.32 min dolları ixracımızın, 1 milyard 833 milyon 944.49 min dolları idxalımızın payıdır. Beləliklə, ötən ilin 10 ayı ilə müqayisədə Türkiyə ilə ticarətimizin həcmi 1 milyard 690 milyon dollar, və ya 33,4 faiz, qardaş ölkəyə ixracımız 50 faizdən çox, idxalımız isə 4 faizdən çox artıb. 

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, Türkiyə investorları Azərbaycanda aktiv sərmayə qoyuluşları həyata keçirirlər: “Təbii ki, bu qoyuluşların daha da sürətlənməsi və əhatəsinin  genişlənməsi çox vacibdir. Bildiyimiz kimi, Türkiyənin iş adamları işğaldan azad olunan ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzurda investisiya layihələri icra etməkdə çox maraqlıdırlar, bu istiqamətdə çoxsaylı təkliflər var. Bu təkliflər yalnız nəqliyyat və tikinti sektorları ilə bağlı deyil, kənd təsərrüfatı, turizm, aqrar xidmətlər və sair sahələri əhatə edən təkliflər də çoxdur”. 

Millət vəkilinə görə, Türkiyə iş adamları üçün Azərbaycanda aqrar sektor, emal sənayesi, turizm sahələri çox cəlbedicidir: “Bu istiqamətlərdə Türkiyədəki biznes ənənəsinin Azərbaycana gətirilməsinə böyük ehtiyac var. Söhbət ilk növbədə yüngül sənaye - tekstil sənayesindən, turizm sektorundan gedir. Hər iki sektorda Türkiyə çox böyük uğurlar əldə edib. Bu sektorlardakı texnologiyaların Azərbaycanda tətbiq ölkəmiz üçün çox böyük faydalar verə bilər. Buna görə də keçiriləcək forumdan maksimum bəhrələnməyin zəruri olduğu qənaətindəyəm”.

Qeyd edək ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərimizi yaşıl enerji və turizm bölgəsi kimi inkişaf etdirməyi hədəfləyir. Hər iki sahədə Türkiyə şirkətlərinin böyük və uğurlu təcrübəsi var. Turizmdə qardaş ölkənin əldə etdiyi nailiyyətləri xüsusi qeyd etməyə ehtiyac yoxdur. Azad olunmuş ərazilərimizdə yalnız yüksək qiymətlərə əsaslanan turizmin inkişafı ilə qarşıya qoyulan hədəfə nail olunması qeyri-mümkündür. Buna görə də qardaş ölkənin aşağı və orta büdcəli turizm xidmətləri müəssisələrinin yalnız Azərbaycanın azad olunan ərazilərinə deyil, bütün ölkə boyu turistik bölgələrə cəlb olunması, onlara stimullaşdırıcı güzəştlərin tətbiq edilməsi çox vacibdir.  

Son illərdə Türkiyə şirkətləri yalnız ölkə daxilində deyil, xaricdə də alternativ enerji istehsalı müəssisələri yaratmaq sahəsində böyük irəliləyişlərə nail olublar. Qardaş ölkə şirkətləri Özbəkistanda, Gürcüstanda külək, günəş və su elektrik stansiyalarının qurulması, istismarı və idarəçiliyi üzrə ondan yuxarı böyük investisiya tutumlu layihələr icra edirlər. Bu təcrübəni nəzərə alaraq, onların azad olunan ərazilərdə analoji stansiyaları yaratmaları üçün addımlar atılmalıdır. Hələlik Azərbaycan azad olunan ərazilərdə xüsusilə su elektrik stansiyalarını bilavasitə dövlət büdcəsi hesabına bərpa edir, yaxud sıfırdan qurur. Halbuki Türkiyə biznesini bu sahəyə cəlb etməklə dövlət yüklü bir xərcdən qurtular.

Azərbaycan iş adamlarının Türkiyəyə investisiya yatırmaq imkanları da kifayət qədər yüksəkdir. İndiyədək azərbaycanlı investorlar qardaş ölkədə hotelçilik, daşınmaz əmlak, tikinti, bank sektoru, nəqliyyat və daşımaçılıq sahələrinə çoxsaylı sərmayə qoyuluşları həyata keçiriblər. Türkiyədə formalaşdırılan yeni hökumət kabineti xarici sərmayədarlar üçün daha əlverişli şərtlər formalaşdırmaqdadır. Azərbaycanlı iş adamlarının bu şərtlərdən bəhrələnməyə çalışacaqları şübhə doğurmur. 

Türkiyə yalnız 44 günlük Vətən müharibəsi və ondan sonra Azərbaycanın haqq işində ona siyasi, hərbi dəstəyinə görə deyil, həm də azad biznes mühiti, əlevrişli investisiya şərtləri yaratmaq sahəsindəki təcrübəsinə görə əlaqələrin dərinləşdirilməsi vacib olan ölkədir. Azərbaycanın bu istiqamətlərdə qardaş ölkənin zəngin təcrübəsindən yararlanmasında fayda var...

Dünya SAKİT,
“Yeni Müsavat” 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR