İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkəyə qarşı İstanbul təxribatı - niyə indi və kimlər?

731 05.06.2024 12:59 Gündəm A A

Sabiq nazir hesab edir ki, şübhələr təkcə Tehrana bağlı qüvvələrlə məhdudlaşmır, “SOCAR Türkiyə”nin ofisi qarşısındakı təxribatçılar həm də Qərbin “beyin mərkəzləri” ilə əlaqəlidir

Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin bəzi kənar qüvvələrin “yuxusunu qaçırdığı” bəllidir. Ötən həftə SOCAR-ın İstanbuldakı ofisi qarşısında “Fələstinə dəstək” adı altında baş vermiş təxribatın arxasında bu qüvvələrin olduğu şübhə doğurmur.  

Etirazçılar binaya basqın edərək binanın fasadına qırmızı boya atıblar, qapısını sındırıblar. Onlar bu təxribatı “Azərbaycan neftinin İsrailə verilməsinə etiraz” adı altında törədiblər. 

Şirkətin açıqlamasından belə məlum olur ki, SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir ki, bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksiyalarla hədəf göstərilməkdədir. “Bu təxribatçı qruplar, şirkətimizin İsrailə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək sosial media üzərindən təxribat xarakterli paylaşımlar etməkdə və şirkət binamıza əməkdaşlarımızın təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçirməkdədir. İstanbuldakı mərkəz binamızda 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı Bursaqaz ofis binasında isə 24 may tarixində həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsi əməkdaşlarımızın həyatı üçün təhlükə yaratmaqdadır”. 

Şirkət SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə nəzarət və müdaxilə edilməsinin mümkünsüzlüyünü də vurğulayıb. 

Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri  seçilib – Sosialmedia

Azay Quliyev

Milli Məclisin deputatı Azay Quliyev hesab edir ki, təxribat İranın proksiləri vasitəsilə hərəkətə keçirdiyi təxribatdır: “İran adamlarını "SOCAR Türkiyə"nin ofisi qarşısında toplayaraq Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətlərinə kölgə salmaq məqsədilə cəmiyyət üçün çox həssas bir mövzunu istismar etməyə başlayıb. Guya SOCAR birbaşa İsrailə neft satır və bunu dərhal durdurmaq lazımdır. Əvvəla, onu deyək ki, SOCAR İsrailə neft satmır və bu haqda yayılan iddianın heç bir əsası yoxdur. Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarət edə bilmirlər.

Başqa sözlə desək, İranın adamları Azərbaycanı Türkiyənin ictimai rəyində gözdən salmaq, ləkələmək, özəlliklə, inanclı insanları bizə qarşı qəzəbləndirmək məqsədilə “İsrail mövzusundan” vicdansızcasına istifadə etməyə, yalan və fake xəbərlər yaymaqla iki qardaş ölkənin strateji münasibətlərinə xələl gətirməyə çalışırlar". 

Maraqlıdır ki, İstanbulda keçirilən aksiyaları ilk yayan İran KİV-ləri olub. Habelə İran İslam İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) məxsus informasiya vasitələri bu aksiyanın təbliğində çox fəallıq göstərib. 

Bakıda “dayaqlarını” itirən İran niyə öz qüvvələrini İstanbulda üzərimizə qaldırdı? Bu fakt təsdiq olunarsa, münasibətlər yenidən gərginləşə bilərmi?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov bu təxribatda Qərbin “beyin mərkəzləri”nin rolunu görür: “Baş vermiş bu hadisə birmənalı şəkildə SOCAR-n İsrailə neft satması ilə bağlı məsələ deyil. Çünki neftin dünya bazarlarında necə satıldığını hər kəs çox yaxşı bilir. Bir gündə dünyada 100 milyon barel neft istehlak edilir. Yəni bütün ölkələrin neftə olan gündəlik tələbatı bu qədərdir. Deməli, neft hasil edən ölkələr də aşağı-yuxarı bazara satış üçün bu qədər neft çıxarırlar. Burada hansı ölkədə istehsal edilmiş neftin hansı ölkəyə satılmasını hasilatla məşğul olan ölkə və ya onun şirkətləri deyil, satışı həyata keçirən traderlər müəyyən edir. 

“SOCAR Türkiyə”nin ofisi qarşısında etirazların təşkilində İran faktorunu istisna etmirəm. Uzun müddət Azərbaycanda təxribatla məşğul olan İran mərkəzlərinin Azərbaycandakı fəaliyyəti məhdudlaşdırıldıqdan sonra İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı təxribatları bir başqa formada həyata keçirməyə qalxması mümkündür. Lakin bir məsələni unutmamalıyıq. Baş vermiş bu hadisə yalnız İran məsələsi deyil. Biz bu gün İrana nə qədər Qərbin sözünə baxmayan və bu səbəbdən də Qərbin sanksiyaları altında boğulan bir ölkə kimi baxsaq da, İran Qərbin bölgədəki oyunçularından biridir. Tehran Qərblə həmişə oynayıb və bu gün də oynayır. İran bu yolu tutmasa, Qərb onu çoxdan bir dövlət kimi sıradan çıxarardı.

Türkiyədə “SOCAR Türkiyə”nin ofisi qarşısında təşkil edilən aksiyaların təxribatçılarının Qərbin “beyin mərkəzlərinin” işi olduğuna heç şübhə etmirəm. Qərbin sözü ilə oturub-durmayan Türkiyə və Azərbaycanı başqa necə “cəzalandırmaq” olar? Qərbin iki qardaş ölkə ilə davası budur! Regionda yeni geosiyasi reallıqlar yaradan Türkiyə və Azərbaycan birliyi Qərbi yetərincə əndişələndirir. Bu birliyin böyük gücə çevrildiyini və bu birliyin yeni Turan dünyası yaratmaq planları Qərbdəki dairələrin yuxusuna haram qatır. “Bir millətin iki dövləti”nin bu gedişlərinin qarşısını almaq üçün onlar əllərinə düşən hər fürsətdən Türkiyə və Azərbaycana qarşı istifadə etməyə qalxırlar. Türkiyədə SOCAR-a qarşı baş vermiş hadisə də bu sıradandır. Onlar bu dəfə daha çox din amilindən istifadə etməklə yeni bir təxribat törətməyə qalxıblar. Gənclərdən belə məsələlərdə daha tez istifadə etmək mümkün olur. Çünki onlar təsirə daha tez düşə bilirlər. 

Ancaq bu yolla Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq və ya siyasi müstəvidə hər hansı bir xoşagəlməz mühit formalaşdırmaq mümkün deyil. Azərbaycan və Türkiyə artıq bu regionun güc mərkəzinə və ən böyük söz sahibinə çevrilmiş iki qardaş ölkədir. İki qardaş ölkənin bu qədər yaxınlaşması və bütövləşməsi türkü sevməyən çoxlarını rahatsız edir. Ancaq bizi sevməyən bu güclər reallıqlarla barışmaq zorundadılar". 

Bu gün Azərbaycanın Avropanın etibarlı neft-qaz təchizatçısına çevrilməsi və bununla da siyasi çəkisini yetərincə artırması da çoxları tərəfindən həzm edilə bilmir. Onların gözündə balaca olan Azərbaycanın boyundan daha böyük siyasi gücə malik olması qəbuledilməzdir. Bizim haqq işimizə kobud şəkildə müdaxilə edən Fransa kimi işğalçı bir dövlətin dərsini ona layiq şəkildə verməklə siyasi iradəmizin ölçülərini bütün dünyaya nümayiş etdirdik. 

Türkiyə-Azərbaycan birliyini heç kim sarsılda bilməz. Bu iki ölkə gerçəkdən bir aradadır və onların bir millət iki dövlət formatında olan birliyi sarsılmazdır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR