Bugünki həmsöhbətimiz dünya yaddaş çempionu, dünya rekordçusu və müxtəlif intellektual yarışların qalibi Orxan İbadovdur. Barselonada yaşayan həmyerlimiz Orxan bəy 2023-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən dünya çempionatında iki kateqoriya üzrə qızıl medal qazanıb.
Əslən Masallı rayonundandır. 15 yaşında BDU-nun Hüquq fakültəsinə daxil olub. 2005-ci ildə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsi alıb. Hüquqşünas kimi çox az çalışıb. Demək olar ki, 2007-ci ildən internet, marketinq və axtarış sistemləri üzrə təkmilləşdirmə proqramlarını öyrənib. O dövrdən bu günə qədər bu sahədə fəaliyyət göstərir.
Hazırda Barselonada elektron ticarətlə məşğul olur. Bundan başqa, fərdi sahibkarlara və müxtəlif şirkətlərə fərdi məhsuldarlığın artırılması, şirkət məhsuldarlığı, sürətli öyrənmə, yaddaş texnikaları barədə, xüsusilə beyin potensialının artırılması üzrə təlimlər keçir.

-Orxan bəy, beynimiz bizi aldada bilərmi? Məsələn, onun təlqin etdiyi hər şeyi doğru saymalıyıq?
-Əlbəttə, aldada bilər. Məsələn, mən 2-3 ilə qədər düşünürdüm ki, kütlə qarşısında danışa bilmərəm və ya bunu xoşlamıram. Həmişə danışığımın kələ-kötürlüyünə görə tanınmışam. İndi isə insanlar mənim podkastıma baxır və deyirlər ki, Azərbaycan dilində nə gözəl danışırsan. Halbuki mən kütlə qarşısında danışmağı bir neçə ildir ki, öyrənmişəm. Çünki mən özümə təlqin etmədim ki, zəif danışıram, dedim, bunu öyrənmək olar.
Beynimizdə mənfi şeyləri düşünürük və deyirik ki, məni Allah belə yaradıb və ya mən eləyəm. O zaman sual edirəm: sən milyarder Con Rokfellerin ailəsində doğulsaydın, yenə o sözü deyərdin? Yəqin ki, yox. Çünki əlinə pul gələcəkdi və bu sənə inam hissi verəcəkdi. Deməli, hansı ailədə böyüməyin sənin beynini kökündən dəyişir. Biz beyinə bədən üzvü kimi baxanda hər şey dəyişir. Siz deməlisiniz, “mən neqativ adam deyiləm, hazırda məndə neqativ düşüncələr üstünlük təşkil edir və onu dəyişmək üçün nə edə bilərəm”.
Yaddaşla bağlı iki cür fikir söyləmək olar: Yaddaşım zəifdir və yaxud da yadda saxlamaq qabiliyyətim üzərində kifayət qədər işləməmişəm. Bu iki fikir arasındakı fərqə baxın. Sən deməməlisən ki, beynin düşündüyü kimiyəm. Deməlisən ki, indiki mərhələdə belə bir fikir yarandı. Məsələn, mən təlim keçmək istəyirdim. Ancaq içimdə bir qorxu var idi ki, birdən heç kim gəlməz. Düşündüm ki, niyə özünə inam və ya sevinc hissi deyil, qorxu hissi yarandı. Məsələnin kökünə gedəndə anladım ki, reklamla bağlı Azərbaycan auditoriyasında nəyisə səhv etmə ehtimalım var və ya reklam biliyim azdır. Reklamçıya müraciət etdim və ondan kömək aldım, nəticədə qorxu hissi özünə inam hissinə çevrildi. Beyin güclü qurumdur, bütün orqanları idarə edir, amma insan ancaq beyindən ibarət deyil. Beyin sadəcə bir bədən üzvüdür.

-Orxan bəy, yaddaş üzrə çempionluğunuzdan söz açarkən həmişə bu işdə istedadı ikinci plana keçirirsiniz. Bu təvazökarlıqdır, yoxsa istedadlı doğulmağı heçə sayırsınız?Məsələn, mən düşünürəm ki, nə qədər məşq etsəm də, rəqəmləri sizin kimi yadda saxlaya bilmərəm. Və hesab edirəm ki, siz doğuşdan bu məsələdə istedadlısınız.
-Mənim yaddaş çempionu olmağımda istedadın rolu 1 faizdir. Ancaq insanları buna inandırmaq çətindir. Mən 15 saniyəyə 80 rəqəmi sıra ilə yadda saxlaya bilirəm. Bu sizə qeyri-adi gələr və bunu avtomatik istedadla əlaqələndirərsiniz. Halbuki sizdə də bu alınar. Əvvəlcə 15 saniyəyə 5, sonra 6, daha sonra 7 və daha çox rəqəm yadda saxlaya bilərsiniz və 80-nə qədər gəlib çıxar. Ancaq bu mərhələlərdən necə keçdiyimi bilmirsiniz deyə, sizə qeyri-adi gəlir.
Dünyada doğuşdan kiminsə güclü yaddaşı olduğu sübut olunmayıb. Yaddaş texnikaları ilə məşq edən adam həmişə təbii yaddaşa qalib gəlir. Dünyanın ən güclü basketbolçusu Maykl Cordan dahi olmayıb. Basketbolda nə qədər problemləri olub. Sadəcə olaraq düzgün məşqlər və məşqçilər əsasında yetişib. Mənim isə ən böyük üstünlüyüm inadkarlığımdır. Amerika dünya çempionu Aleks Mullen bir saata 3256 rəqəmi yadda saxlayırdı. Mən isə həmin müddətə 50 rəqəm yadda saxlayırdım. Ondan 70 dəfə zəif idim. İndi isə mənim rekordum 3412-dir. Heç kim inanmazdı ki, Orxan Aleks Mullenin rekordunu qırar. İnsan gərək qeyri-müəyyənlikdən qorxmasın. Əksinə onu qucaqlasın və davam etsin.

-Hazırda Barselonada yaşayırsınız. Oraya yolunuz necə düşdü?
- Universiteti bitirəndən sonra bir il hüquqşünas işlədim. Paralel olaraq da hipnozla bağlı bir sayt yaratdım və onu məşhurlaşdırıb pul qazanırdım. Sonradan daha hüquqşünaslığın arxasınca getmədim. Hipnoz saytının üzərində işlədim. Hamı məni hipnozçu kimi tanıyırdı. Beləliklə, internet üzərindən gəlir əldə edirdim.
Bir məsələni də qeyd edim ki, Barselonaya gedənə qədər Azərbaycanda bir müddət Dövlət Əmlak Komitəsinə bağlı bir şirkətdə menecer kimi çalışmışam. Sonra anlaşmadıq, məni işdən çıxardılar və mən də onları məhkəməyə verdim. Beləliklə, bir neçə il davam edən uzun proses oldu və mən 2020-ci ildə məhkəmədə qalib gəldim. Bütün bunlardan sonra dostluq etdiyim bir sahibkar mənə Barselonaya köçməyi və orada yaşamağı təklif etdi. 2015-ci ildən başladım Barselonaya gedib gəlməyə. Daha sonra isə bir yolluq oraya köçdüm. Mənim çempion olmağımda oradakı həyatımın böyük rolu oldu. Hazırda bu şəhərdə şirkətlərlə çalışıram. Əsas işim biznesmenlərlədir. Yarış qabağı hədəf yüksək olur deyə hətta suşi yemirəm ki, düyü ziyandır. Çox ət yeyəndə yuxum gəlir. Mən çox vaxt özümə aşpaz tuturam, tərəvəz və təbii ətlərdən yeməklər hazırlayır. Mən bilirəm ki, pizza yesəm, səhəri gün məşqimdə geriyə düşəcəyəm.
-Dünya çempionluğundan öncə hansı yarışlara qatıldınız. Hansı mərhələlərdən keçdiniz?
- 2016-cı ildə artıq Bareslonada idim və oradan Bakıdakı NLP təlimlərinə qatılmağa qərar verim. Təlimdə bir oğlan var idi, Türkiyədə yaddaş üzrə yarışda 7-ci yerə çıxmışdı. O dedi ki, Azərbaycandan Türkiyə çempionatında heç kim yoxdur. Bəlkə birgə yarışa gedək. Beləliklə, birlikdə hazırlaşdıq, ancaq sonradan onun işi çıxdı. Mən dörd qat Amerika çempionu Nelson Dellisdən 1200 dollara dərs aldım. 2017-ci ilin noyabrında İstanbulda yarışa qatıldım. Əvvəlcə məqsəd sadəcə iştirak idi. Sonra isə məqsəd dəyişdi və qərar verdim ki, iyirmiliyə daxil olum. Beləliklə, hədəflər artdı və ən son üçlüyə daxil olmağa qərar verdim və qalib gəldim. Ondan sonra isə qərara gəldim ki, dünya çempionluğuna hazırlaşım. 2018-ci ildə hazırlığa başladım və Avropada üçüncü oldum, dünya üzrə 11-ci yerə çıxdım. Həmin gün ağladım. 2019-cu ildə özümə söz verdim ki, dünya çempionu olacağam və karyeramı bitirəcəyəm. Ancaq həmin il Çin mənə viza vermədi. 2020-ci ildə yenidən yarışlara qatılmağa qərar vermişdim ki, pandemiya başladı. 2021-ci ildə onlayn yarışa qatıldım və altılığa yüksəldim, yarım finalda isə yaponiyalı iştirakçıya uduzdum və dünya beşincisi oldum. Həmin gün də çox məyus oldum və hətta ağladım.
2022-ci ildə artıq hər mənada təcrübəm var idi və nələrin səhv olduğunu bilirdim. Beləliklə, elə həmin il Almaniyaya getdim və orada Almaniya çempionu oldum. 2023-cü ildə isə Fransa çempionu oldum. O zaman Azərbaycanla- Fransa arasında münasibət çox pis idi. Hətta o vaxt jurnalist Mir Şahin Ağayev mənim barəmdə verilişində sujet verdi və dedi ki, Orxan İbadov "Parisi partlatdı".
-Fransada siyasi məqamlar sizə maneə yaratdı?
-Əlbəttə, yarışda çox tələlər qurdular. Məsələn, yarışın əvvəlində yorğunluğum az idi. Mən irəlidə olanda ekranda yarış reytinqini göstərmirdilər ki, fransız iştirakçılar psixoloji olaraq zəifləməsinlər. Fransız irəlidə olanda isə ekran düzəlirdi. Yarış 10 kateqoriyadan ibarət idi. 4-cü kateqoriyadan sonra fransız iştirakçı məni ötdü. Son iki kateqoriyaya çatanda isə mən ona çatdım. Bu məqamda dedilər ki, bəs fotosessiya təşkil edirik. Məqsəd mənim diqqətimi dağıtmaq, daha da yormaq idi. Mən etiraz etdim ki, bunu yarışın sonunda edək, müxtəlif bəhanələ gətirib etdilər. Buna rəğmən diqqətimi topladım və qalib gəldim. Kuboku da çox adi qaydada təqdim etdilər, səhəri gün yarış səhifəsində adımı qeyd etmədilər və hər yerdə fransız Silvanini vurğuladılar. Bu cür hiyləgərliklər edirdilər. Ən son 2023-cü ildə Mumbayda dünya çempionu oldum və dünya rekordunu qırdım.

-Yarışlarda rəqəmlər, kartlar və daha nələri yadda saxlayırsınız?
-Həmçinin şəkilləri yadda saxlayırsan. Məsələn, iştirakçıya 600 şəkil təqdim edilir. Bura müxtəlif fotolar aiddir. Sən bunu 5 dəqiqə ərzində yadda saxlamalısan və sonra sıra ilə yerinə qoymalısan. Şəkillərın sıralanması məsələsində xanımlar daha güclü olur. Daha sonra üzləri və adları yadda saxlamaq da var. 150 nəfərin üzünü yadda saxlayırsan və sıralayırsan. Eyni zamanda insanların adları və soyadları təqdim edilir ki, onları da yadda saxlamalısan. Mən üzlər və adlar kateqoriyasında zəif idim, ancaq məşq etməklə çempion oldum. Sözləri də yadda saxlamaq lazımdır. Mən dünya çempionatında sıra ilə 300 sözü 15 dəqiqə ərzində yadda saxladım. Daha bir sıra kateqoriyalar var ki, onlardan keçməliyik.
-Sizin üçün elm və alim nə deməkdir?
- Biz alim deyəndə əlində qovluqlarla gəzən yaşlı kişiləri təsəvvür edirik. İndi dövr dəyişib, alim məhsuldarlıq texnikasını bilən elm adamıdır. O, hər dəqiqəsinin qədrini bilir və nəsə yenilik yaradır. Bizdə isə belə alimər yoxdur və nəticədə dünyaya göstərəcəyimiz elmi nailiyyət də yoxdur. Hansısa bir alimimizdən bunun səbəbini soruşanda deyəcək ki, dövlət mənə maaş vermir, maddi imkanım yoxdur deyə fokuslana bilmirəm vəs. Ancaq müasir dövrdən geridə qaldığını və ya ingilis dilini bilmədiyini deməyəcək. Ümumiyyətlə, indiki dövrdə pul qazanmaq mümkündür. Acaq bizim alim aya 10 min manat da qazansa, işi elə indiki səviyyədə olacaq. Elm odur ki, sən 30 dəqiqədən maksimal fayda götürürsən. Sünki zəka ilə işləyirsən, elmi həm də məhsula çevirib sata bilirsən. İsrailin bir şirkətinin onun 16 işçisi var idi. Braziliyada olimpiada vaxtı kameralar üzrə 3 milyard dollarlıq tender uddular. Elm budur da. Layihə verirlər, onun üzərində işləyirlər.
-Hədəfiniz nədir?
-Böyük, qeyri-məntiqli, irasional hədəfə çatmaq daha asandır, nəyinki məntiqli hədəfə. Çünki irasional hədəflərdə rəqabət azdır. Məsələn, dünyada neçə insan yaddaşını gücləndirmək istəyir? Milyardlarla insan. Yaddaş yarışında neçə insan yüzlüyə daxil olmaq istəyir? Min insan. Yaddaş üzrə dünya yarışında neçə insan çempion olmaq istəyir? 20-50 insan. Deməli, byük hədəflərdə rəqabət də azdır. Kiçik hədəflərə doğru gedən yolda fırtınalar səni birdəfəlik aparır, ona qarşı qalxmağa immunitetin olmur. Çünki hədəf kiçikdir deyə bununla tez barışırsan. Böyük hədəflərdə isə vəziyyət fərqlidir, hədəfə doğru yenidən yol almaq üçün fırtınadan qalxmaq da asan olur. Səhv eləməkdən qorxmayın, səhvlər bizə data verir və sonrakı mərhələdə biz onu gücə çevirə bilirik.

-İkinci, üçüncü, dördüncü beyin nə deməkdir. Bunlar hansı anlama gəlir?
-Dünyadakı ən ideal insanlardan biri biznesmenlərdir. Beyinlə bağlı məsləhət almaq istəyirsinizsə, mütləq onlara yaxınlaşın. Çünki onlar ən çətinliklərdən keçiblər. Mən bir biznesmenin təlimində olmuşdum, o bildirmişdi ki, insanın başında üç beyin var. Bəzən nevroloqlar bunu qəbul etmirlər və deyirlər ki, adaptiv beyindir. Birinci beynimiz qədim, ilkin beyindir. Bu beyin cinsi əlaqə və yeməyə fokuslanır. İkinci isə emosional beyindir. Üçüncü beyin isə intellektual beyindir. Qədim beyin ən güclü olanıdır. Bu üç beyinin bir-birindən çox da xəbəri yoxdur. Məsələn, intellektual beyin qərar verir ki, sabahdan dieta saxlayacaqsan. Səhəri gün ərinirsən və ya özünü saxlaya bilməyib yeyirsən. Deməli, qədim və emosional beyin intellektual beyinə qalib gəlir. Ağıllı insan bu üç beyin arasında rəqs etməyi bacarandır. Mənim yanaşmam isə odur ki, artıq üç beyin insana kifayət etmir. Yeni məlumatları yığmaq üçün dördüncü beyinə ehtiyac var.
-Beynimizin və yaddaşımızın qayğısına necə qalaq?
-İlk olaraq onu deyim ki, sosial media narkotik kimidir və Azərbaycanda hər kəs bu asılılıqdan əziyyət çəkir. Bunun qarşısını almaq üçün sosial mediadan alət kimi istifadə etmək lazımdır. Yuxudan durduğunuz ilk 2-3 saat ərzində internetə girməyin. Bilirəm, çətindir, amma öyrəşəcəksiniz. Müəyyən aralıqlarla sosial şəbəkədən istifadə edin. Axşam evə gələndə isə sizin qeyri-internet və ya qeyri-sosial şəbəkə istirahət növləriniz olmalıdır. Belə olanda siz internetdən alət kimi istifadə etmiş olursunuz. Bununla da yaddaşı, beyini qorumuş olursunuz. Eyni zamanda işə gələn kimi isə həmişə birinci ən çətin işi görün. Çünki çətin işin enerjisi də ağırdır. Onu günortadan sonra edə bilməyəcəksiniz.
Şahanə Rəhimli
Musavat.com






