İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquq müdafiəçisi Mövlam Şıxəliyevin məhkəməsinə gəldi - Fotolar

1520 13.06.2022 13:18 Kriminal A A

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin baş istintaq idarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən prosesə jurnalistlər buraxılmayıb.

9 aydır davam edən açıq məhkəmə prosesinə Hakim Elbəy Allahverdiyev jurnalistlərin buraxılmaması barədə göstəriş verib.

Bu gün baş tutan prosesə zərərçəkmişlərin dəvəti ilə hüquq müdafiəçisi Novella Cəfəroğlu gəlib.

Məhkəmənin önündə jurnalistlərə açıqlama verən Novella Cəfəroğlu bildirib ki, bu məhkəmə iclasının gedişini xeyli vaxtdır izləyir: “Bu gün də məhkəmədə iştirak etmək qərarına gəldim. Burada olan haqsızlıqları görürəm. Burada mühakimə olunanların cinayətkar olduqları təsdiq olunub, həbs ediblər. Amma bu günə kimi də bu işdə zərərçəkmişlərin pulları qaytarılmır. Araşdırma aparmaq istəyirik ki, zərərçəkmişlərin haqlı istəkləri niyə təmin olunmur? Burada baş verənləri canlı izləmək istəyirəm, sonda öz fikrimi bildirəcəm. Prezidentə qədər burada olanları çatdıracam”.

Novella Cəfəroğlu deyib ki, mətbuat nümayəndələrinin prosesdə iştirakına icazə verilməməsi tam qanunsuzdur: “Əgər açıq keçirilən məhkəmədirsə, niyə də jurnalistlər də prosesdə iştirak etməsinlər? Jurnalistlərin də məhkəmə iclasında da iştirak etmələri ilə bağlı məsələni qaldıracağıq”.

Daha sonra Novella Cəfəroğlunun məhkəməyə gəlməsi barədə müvafiq şəxslərə məlumat verilib. Bir qədər sonra Novella Cəfəroğlunun məhkəmə iclasında iştirakı təmin olunub.

Hazırda proses davam edir.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami

Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

E.Məmmədəliyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR