İnsanlara hürriyət, millətlərə istiqlal!

Homosovetikuslar...

941 23.08.2022 09:55 Yazarlar A A

Qeyd etmək lazımdır ki, sovet sosialist quruluşunu araşdıranlar çox olmuşdu. Məsələn, Zbiqnev Bjezinski kimi tanınmış politoloqlar onu politoloji və geosiyasi aspektdən çözmüş, bir totalitar sistem kimi öyrənməyə və “kazarma sosializmi” deyilən bu fenomenin mahiyyətini tədqiq etməyə cəhd etmişdilər.

Amma ən çox yadda qalan sistemin sosial-psixoloji mənzərəsilə bağlı yazılanlar olmuşdu. Məsələn, Mixail Bulqakovun “İt ürəyi” əsərini heç unutmaq olarmı? Şarikov sovet tipi kimi nə vaxtsa yaddan çıxarmı? Və yaxud filosoflar Aleksandr Zinovyevin və Vatslav Havelin yazdıqlarını götürün. Bunları necə? Heç unutmaq olarmı?

Homosovetikus və Absurdstan. Bu iki anlayış yetər ki, Zinovyevin və Havelin yazdıqları daim öz dəyərini saxlasın...

Yox, mən burada sovet insan tipinin sosial-psixoloji mənzərəsini araşdırmaq niyyətində deyiləm. Amma Rusiya KİV-lərinə diqqət edəndə bunları xatırlamaya bilmirəm.

Belə görünür ki, yenidənqurma heç nəyi dəyişmədi - SSRİ geosiyasi və coğrafi mənada kiçildi, əmək və istehsalat münasibətləri azacıq dəyişdi və bununla da iş bitdi. Təsadüfi deyil ki, bir azacıq özünə gələndən sonra Rusiya geosiyasi mənada özünü bərpa etməyə başladı və əvvəlcə Tiflisə, daha sonra isə postsovet məkanının ürəyi olan Ukraynaya hücum etdi.

Rus cəmiyyəti bunun qarşısını alamağa cəhd etdimi? Bəli, xırda epizodlar oldu. Məsələn, jurnalist Dmitriy Muratov müəyyən təzyiqlər yaşadı. Ölkənin yəhudi icması ilə hökumət arasında müəyyən problemlər oldu. Hətta kiçik etiraz aksiyaları da oldu. Amma ciddi və həlledici aksiya baş vermədi. Kreml bundan istifadə edib altı aydır ki, Ukraynada savaş aparır. Əslində o, bu müharibəni bir az da əvvəl başlamışdı, 2014-cü ildə Ukraynanın şərqində iki qondarma respublika elan etmiş, bundan bir az əvvəl isə Krımı ilhaq etmişdi. Rusların böyük hissəsi “Əlini Ukraynadan və Krımdan çək!” demədi, bunun əvəzində gecə-gündüz Ukrayna faşizmindən və millətçiliyindən danışdı...

Yəhudi əsilli Vladimir Zelenski prezident seçiləndən sonra faşizm haqqındakı söz-söhbətə bir azca ara verildi - axı faşistlər özlərinə yəhudini prezident seçməz! Amma bu qismən oldu! Moskva təbliğatında davam etdi, guya faşist Almaniyası ilə əməkdaşlığı Ukrayanaya heç cür bağışlamaq istəmir! Amma bir məsələyə aydınlıq gətirmirlər: general Vlasov və vlasovçular, Russiya Azadlıq Ordusu da ukraynalı idilərmi?

Həm də belə bir detal unudulur ki, ötən əsrdə rusların yaratdığı sovet quruluşu faşist quruluşundan çox az fərqlənirdi: burada da həbs düşərgələri, kütləvi həbslər vardı, insanlar kütləvi şəkildə təqib olunur, ağır həbs həyatı yaşayırdılar. Yadımdadır ki, tələbə vaxtı “Adi faşizm” adlı bir sənədli filmə baxmışdım. Filmin yarısında birdən beynimdən bir fikir keçdi ki, əcaba, bu ki bizim sovetlər haqqındadır!..

Siyasi anomaliyalar hər yerdə, bütün xalqların tarixində olur. Kommunist quruluşu zamanı ruslar özləri digər millətlərdən heç də az əziyyət çəkməmişdilər. Amma başqa xalqlar belə hallara bir gün son deyirlər, bunun ardınca etiraflar, hətta tövbə olur.

Amma biz Rusiyada bunu görmədik - yenə də “Hökumət nə edirsə, düz edir!” fəlsəfəsi öz gücündədir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR