İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət parlamentə hesabat verdi - quru sərhədlər açılmayacaq

2844 16.03.2024 08:54 Ölkə A A

Baş nazir Əli Əsədov iqtisadi perspektivləri bəyan etdi - 2024-də nələr olacaq...

15 martda Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi var idi. Spiker Sahibə Qafarova baş nazir Əli Əsədovu, Nazirlər Kabinetinin üzvlərini, deputatları salamladıqdan sonra parlamentdə keçirilən son görüşlər, dinləmələrlə bağlı nitq söylədi. Həmçinin bildirdi ki, Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir: “İlk öncə qeyd edim ki, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumət üzvləri ilk dəfədir, Milli Məclisin iclasında iştirak edirlər. Xatırladım ki, fevralın 16-da baş nazirin təyinatına razılıq məsələsinə baxılarkən biz hörmətli Əli Əsədovu təbrik etmişdik. İndi isə fürsətdən istifadə edərək, hökumətin bütün üzvlərini səmimi qəlbdən təbrik edirik və onlara yeni uğurlar arzulayırıq”. 

Baş nazir Milli Məclisdə hesabat verir

Daha sonra hökumətin hesabatını baş nazir Əli Əsədov təqdim etdi. Öncə bildirdi ki, belə bir hesabatlılıq hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa böyük fayda verir: “Hökumətin gördüyü işləri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və qarşıda duran vəzifələri və çağırışları bir daha dəqiqləşdirməyə şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətinə 44 günlük Vətən müharibəsində son qoyulduqdan 3 il sonra - 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib. Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Məhz 7 fevral tarixində prezident seçkisinin əsas  əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilib. 2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olub. Prezident İlham Əliyev 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xüsusi olaraq vurğulayıb ki, "Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq". Dövlətimizin başçısı müasir tariximizin yeni dövrünün məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını bildirib və bu gün ölkə qarşısında duran yeni vəzifələri yeni dövrün vəzifələri kimi dəyərləndirib". Baş nazir dedi ki, hesabat ilində ölkədə 123 mlrd. manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft - qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7% artıb,  qeyri neft-qaz sənayesi 8% artıb.

Həmçinin qeyd etdi ki, 2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 9.8% artaraq 3,3 mlrd. dolları üstələyib. Ə.Əsədovun sözlərinə görə, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd. dollar təşkil edib, ÜDM-in 95% səviyyəsində... Xarici dövlət borcunu isə 10 dəfədən çox üstələyir. “2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd. ABŞ dolları olub və ÜDM-in 8,9%-ni təşkil edib. Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarətlə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri-neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır” - Ə.Əsədov bildirdi. 

Baş nazir Milli Məclisdə quru sərhədlərlə bağlı qərar barədə danışıb

Hökumət başçısı qeyd etdi ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 mlrd.manat artırılıb ki, bu da ötən il strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib: “Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35.6 mlrd. manat olub ki, bu da 2022-ci illə müqayisədə 4,9 mlrd. manat (və ya 16%) çoxdur. Xərcləri isə 36,5 mlrd. manat və ya 99,5% səviyyəsində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4,4 mlrd. manat (və ya 13,7%) çoxdur. Eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir. 2023-cü ildə Portfel Şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74%, EBİTDA göstəricisi 101% artmış və 11 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranıb”.

Ə.Əsədov qeyd etdi ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılıb, 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Bu istiqamətdə cənab Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln. manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək. 2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 mlrd. manat vəsait ayrılıb - artım 19,2%. 2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb. Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilmiş, 2-si əsaslı təmir olunub, 9-unun isə tikinti işləri davam etdirilir”.

Hökumət başçısı dedi ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 mln. manat vəsait ayrılıb: “1 yanvar 2024-cü ildən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılıb. Deputatları narahat edən pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub ki, onlardan 47 min 509 müraciət üzrə (90%) dövlət qeydiyyatı aparılıb və mülkiyyət sənədləri verilib”.

Baş nazir Milli Məclisdə hesabat verdi - MƏTN - GlobalInfo.az

 “2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin - 20 min nəfərdən çox - köçürülməsi planlaşdırılır”, - baş nazir bildirdi. Ə.Əsədov hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar barədə deputatları məlumatlandırdı: “Yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur. Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcəkdir. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq. Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin  - 140 min nəfərin - doğma torpaqlarına qayıdışı təmin olunmalıdır. Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq".

Hesabat ətrafında müzakirələr aparılarkən deputat Fazil Mustafa öncə “Qarabağ” futbol klubunun son uğurundan bəhs etdi. Bildirdi ki, maliyyə müstəqilliyi olan bir komanda Avropada Azərbaycan idmanının bu qədər üstünlüklərini göstərə bildi. “Bürokratiya müdaxilə etmədikcə inkişaf daha çox olur. İdmanımızın inkişafına bu istiqamətdə diqqət yetirməliyik. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 643 min nəfərə peşəyönümlü məsləhət verib, 486 min nəfərə iş yeri açdığı qeyd olunur. Olmaz ki, iş yeri açdığı qədər məsləhət, məsləhət verdiyi qədər də iş yeri açsın? İşə düzəldirlər, bir ildən sonra çağırırlar ki, müqavilənin müddəti bitib, yerinə başqa adamı götürürlər. Bu nöqsanlar aradan qaldırılmalıdır”, - deyə deputat ardınca bildirdi.

Deputatların çıxışından sonra baş nazir Əli Əsədov onları narahat edən məsələlərə münasibət bildirdi. Hökumət başçısı quru sərhədlərin bağlı olması ilə bağlı narahatlıqlara da toxundu. “Bizim quru sərhədlərin bağlanması ilə bağlı qərarı mən 2021-ci ildə imzalamışam. Bu yaxınlarda da 3 aylıq bağlı qalması ilə bağlı qərara imza atdıq. Sərhədlərimiz bu müddətdə bağlı qalacaq”, - deyə Əli Əsədov bildirdi. Baş nazir qeyd etdi ki, 2021-ci ildə sərhədlərin bağlı olmasına baxmayaraq, ÜDM-in yüksək faizləri müşahidə edilib: “2021-ci ildə ÜDM 5 dəfə artıb. 2022-ci ildə 4,7 dəfə artım olub”.

Daha sonra hesabat səsə qoyuldu və 90 lehinə, 2 əleyhinə, 2 bitərəf olmaqla qəbul olundu.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR