İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan düyü ixracını məhdudlaşdırır – qiyməti qalxacaqmı?

1037 12.09.2022 19:05 Sosial A A

Hindistan düyü ixracını məhdudlaşdırmağa qərar verib. Xırdalanmış düyünün ixracına qadağa, qalanlarına isə 20 faiz rüsum tətbiq edilib. Hindistan Çindən sonra dünyanın ikinci ən böyük düyü istehsalçısıdır. Hindistan hakimiyyəti bu il düyü istehsalının itkisinin 10-12 milyon ton ola biləcəyini gözləyir. Nəzərə alsaq ki, Azərbaycanın bazar və marketlərində xeyli Hindistan düyüləri satılır, onda bu qadağanın qiymətlərə təsirsiz ötüşməyəcəyi qaçılmazdır...

Yada salaq ki, bu ilin avqust ayında artıq Hindistan hökuməti xaricə ümumi düyü ixracının 20%-ni təşkil edən parçalanmış düyü ixracının azaldılması ehtimalını müzakirə edirdi. Dünyanın ən böyük düyü tədarükçüsü olan Hindistan daxili bazarda düyü qiymətlərinin qalxması səbəbindən bu dənli bitkinin ixracını azaldacağını ehtimal edirdi. Buna səbəb isə 2022-ci ildə Hindistanın bəzi rayonlarında yağıntının olmaması səbəbindən ölkədə düyü məhsullarının 8% azalması göstərilib. Əsas düyü becərən Uttar-Pradeş və Bihar ştatlarında musson yağışları həmişəkindən təxminən 40% az olub.

Dünya düyü ticarətinin 40%-i Hindistanın payına düşür. Ekspertlər bildirir ki, bu məhsulun ölkədən ixracının azalması dünya bazarlarında ərzaq məhsullarının qiymətinin daha da artmasına səbəb ola bilər. Bu addımın ən böyük təsiri düyünün təxminən 90%-nin yetişdirildiyi və istehlak edildiyi Asiya ölkələrinə göstərəcək. 2008-ci ildə Hindistan və Vyetnam düyü ixracını qadağan etdikdən sonra məhsulun qiyməti bir ton üçün 1000 dollardan yuxarı qalxıb ki, bu da indiki səviyyədən iki dəfə çoxdur.

Nəzərə çatdıraq ki, parçalanmış düyü əsasən Hindistanda heyvan yemi kimi və etanol istehsalı üçün istifadə olunur. 2022-ci ildə ölkədə bu cür düyünün qiymətləri xarici tələbatın artması səbəbindən qalxıb. Əsas alıcılar arasında isə Çin və Afrika ölkələri var.

Bəs görəsən, bu amillər Azərbaycanda düyünün qiymətinin artmasına səbəb ola bilərmi?

image_750x_6169d47679cc7.jpg (204 KB)

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Azərbaycana Hindistanın düyü istehlakı ildə 40 min tondur. Bunun az bir hissəsini biz daxili istehsalla ödəyirik- təqribən 15 faizini. Digər hissəsini isə demək olar ki, ölkələrdən ölkəyə idxal edirik. Bu, əsasən, Pakistan, İran, İndoneziya, Çin kimi ölkələrdən bizə idxal olunur. Sözsüz ki, Hindistan tərəfindən tətbiq edilən bu məhdudiyyət bu ölkənin düyüsünün qiymətinin artmasına təsir edə bilər. Tək bizdə yox, digər ölkələrdə də. Çünki Hindistan dünyanın ikinci düyü ixracatçısıdır. Sözsüz ki, bizim alternativ kanallarımız var və bunu daha da genişləndirə bilərik. Məndə olan məlumata görə hökumət Hindistanla danışıqlar aparır. Yəqin ki, qiymətlərin artmaması üçün təsiredici imkanlar verəcək bizə. Sözsüz ki, ən yaxşı yol bizim öz daxili düyü istehsalımızı artırmaqadır. Xaricdən idxalın asılılığını azaltmaqdır. Düyü strateji,  bizim mətbəximizin əsas ərzaq növü olduğu üçün dövlət subsidiyalarla, həvəsləndirmə formasında fermerlərimizi, kənd təsərrüfatı işçilərini həvəsləndirmə tədbirləri həyata keçirməlidir. Bunun daxili təminatda faizini artırmalıyıq”.  

Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi düyü idxalının 66 faizini qarşılayan Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəsi olub. 2019-cu ildə Hindistanın Azərbaycana düyü ixracının dəyəri 28,3 milyon ABŞ dolları dəyərində olub ki, bu da ölkənin ümumi düyü idxalının 73 faizdən çoxunu təşkil edib. 2017-ci və 2018-ci illərdə bu nisbət müvafiq olaraq 66,4 faiz və 73,1 faiz olub. 1985-ci ildə Hindistan hökumət təşkilatı olaraq yaradılan APEDA planlaşdırılmış məhsulların inkişafı istiqamətində maddi yardım, informasiya və təlimatlar verir. Qurum, həmçinin planlaşdırılmış məhsulların standartlarını və spesifikasiyalarını müəyyən edir, həmin məhsulların qablaşdırılmasını və marketinqini təkmilləşdirir, məhsulların keyfiyyətinin təmin olunması məqsədilə baxış keçirir, həmin məhsullarla əlaqəli sənaye sahələrinin müxtəlif aspektləri üzrə təlimlər təşkil edir, tədqiqatlar, texniki-iqtisadi əsaslandırma işləri aparır, fabrik və müəssisələrin sahiblərindən statistik məlumatlar toplayır və bu statistikaları nəşr etdirir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR