İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hikmət Mirzəyevin onun yerinə təyin olunması gözlənilməz idi, yaxın aylarda…” – ŞOK AÇIQLAMALAR

7631 13.01.2024 16:13 Siyasət A A

“Orduda növbəti kadrların vaxtı gəlib çatmışdı, tərxis olunanların yerinə yeniləri təyin olunub. Bu, orduda normal prosedur qaydasıdır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

uzeyir ceferov.jpg (190 KB)

Ekspert orduda islahatlardan da danışıb:

“İslahat isə o zaman olur ki, Müdafiə Nazirliyinin rəhbərliyi dəyişir, necə ki, yaxın aylarda dəyişəcək. Mən bunu ona görə əminliklə deyirəm ki, bir sıra ciddi məsələlər var, onlar bunu zəruri edir. General-leytenant Ənvər Əfəndiyevin yaşı çatmışdı, xidmətdə olmanın son həddi ilə əlaqədar ordudan tərxis olunub. Lakin Hikmət Mirzəyevin məhz onun yerinə təyin olunması bir az gözlənilməz idi. Amma görünən odur ki, xüsusi təyinatlılar da Quru Qoşunlarının ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərəcəklər. Sərəncamdan belə başa düşdüm ki, Hikmət Mİrzəyev həm də Xüsusi Təyinatlı Qüvvələrin komandanı kimi qalacaq.

Bu təyinat Hikmət Mirzəyev üçün bir tramplindir. Hikmət Mirzəyev çox yaxın zamanlarda ondan da yüksək vəzifəyə təyin olunacaq. Türkiyə modelinə uyğun olaraq müdafiə naziri mülki şəxs olacaq, Baş Qərargah rəisi isə hərbçi olacaq. Düşünürəm ki, yaxın illərdə Hikmət Mirzəyevin potensialından daha böyük pillələrdə istifadə olunacaq. Çünki Hikmət Mirzəyev təmiz, döyüşkən və ləyaqətli generallardan biridir. Ona görə də orduda məhz bu tip sərkərdələr olmalıdır ki, ordu ilə bağlı yaşadığımız, eşitdiyimiz neqativ hallar səslənməsin”.

Hərbi ekspert Müdafiə Nazirliyində digər dəyişikliklər barədə bunları deyib:

“Digər yerdəyişmələrə gəlincə, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin yaşı çatmışdı, hətta onun müddəti 1 il uzadılmışdı. Onun yerinə gələn Gündüz Əbdülov çox təcrübəli, çox bacarıqlı bir zabitdir.

GUNDUZ.png (131 KB)

NATO-nun mənzil-qərargahında uzun müddət Azərbaycanı təmsil edib. İngilis dilini və digər dilləri gözəl bilir. Uzun müddət Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini olub. Gündüz Əbdülovu Milli Müdafiə Universitetinin rektoru kimi yox, daha çox Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi kimi görmək istərdim. Çünki həm NATO-da xidmət keçib, həm də general Hüseyn Mahmudov bu yaxınlarda ehtiyata buraxılıb. İkisi də birlikdə çox gözəl iş təşkil etmişdilər, hər ikisi xarici nümayəndəliklərlə işləməyi bacaran şəxsdir”.

Üzeyir Cəfərov hesab edir ki, orduda xeyli islahat aparılmalıdır, ştatlar abıra salınmalıdır:

“İndiyə qədər olan nöqsanlar – korrupsiya halları araşdırılmalıdır. Bu gün həbs olunanlar o məsuliyyəti təkbaşına daşımamalıdır. Bu məsələdə cavabdeh olan şəxslər də öz məsuliyyətini dərk etməlidir. Onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Məsələn, maliyyəçi həbs olunubsa, o, özbaşına deyil axı. Necə olur ki, inspeksiyanın rəisi general-leytenant rütbəsi alır. Halbuki bu gün məhkəmələrdə onun rəhbəri olduğu qurumun cinayət əməlləri ifşa olunur və səsləndirilir.

İslahat o vaxt olacaq ki, ordu rəhbərliyi xeyli neqativ halları aradan qaldıracaq”.

“Ordudakı dəyişikliklərin xaricdən ola basqılarla hər hansı bir bağlılığı varmı?” sualına isə polkovnik belə cavab verib:

“Ordudakı dəyişikliklərin xaricdən ola basqılarla hər hansı bir bağlılığı yoxdur. Basqılar dünən də olub, bu gün də var, sabah da olacaq. Çünki müxtəlif dövlətlərin müxtəlif maraqları var”.

Qeyd edək ki, XTQ-nin sabiq komandanı general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini və Quru Qoşunların komandanı təyin edilib.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR