İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev: bütün zamanların mütləq qalibi! - Azay Quliyevin yazısı

572 09.05.2023 17:20 Son xəbər A A

Sabah, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin Qurucusu və Banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Heydər Əliyev kimi siyasət nəhəngi, tarixin yüz ildən bir yetişdirdiyi dahi şəxsiyyət haqqında yazmaq çox çətindir. Ona görə ki, Heydər Əliyev kimi siyasət ustadlarının və dövlət xadimlərinin milli və qlobal düçüncələrini, mənsub olduğu xalqı və dövləti üçün gördüyü işləri, özündən sonra miras qoyduğu siyasi irsi və milli məfkurəni tam dərk etmək və mahiyyətini olduğu kimi izah etmək asan məsələ deyil.

Heydər Əliyev dövrünün yeganə siyasətçisi və dövlət xadimi idi ki, hər iki ictimai-iqtisadi formasiyada, yəni, həm sovetlər dönəminin, həm də müstəqillik illərinin taleyüklü anlarında bütün məsuliyyəti üzərinə götürərək xalqını üzləşdiyi bəlalardan və çətinliklərdən xilas etməyi, ölkəsinin müstəqilliyini, inkişafını və təhlükəsizliyini təmin etməyi bacarmışdır.

Başqa sözlə desək, Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqına ömürünün sonunadək sədaqətlə xidmət etmiş, apardığı hər bir milli mücadilənin mütləq Qalibi və Qəhrəmanı olmuşdur.

Azərbaycanı hələ sovetlər dönəmində geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən, kommunist ideologiyasının qadağalarına baxmayaraq dövlətimizin müstəqillik sütunlarını hələ o zaman çox böyük usaqgörənliklə formalaşdıran Heydər Əliyevin gördüyü möhtəşəm işləri və nail olduğu tarixi uğurları bir yazıya sığışdırmaq mümkün deyil, lakin bu yazıda Ulu Öndərin milli qurtuluş missiyasının, yeni millət və dövlət quruculuğu konsepsiyasının çox qısa xülasəsini ümumiləşdirməyə çalışacam.

Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində həm Mütəllibov, həm də AXC-Müsavat iqtidarının səriştəsizliyi ölkəni ictimai-siyasi pərakəndəliyə, anarxiyaya sürükləmiş, ayrı-ayrı bölgələrdə genişlənən separatçılıq və parçalanma meylləri, o cümlədən başlanmaqda olan qardaş qırğını və vətəndaş müharibəsi Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bir millət və dövlət olaraq taleyimizin həll olunduğu həmin ağır zamanlarda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın əsl xilaskarına çevrildi. Dövlətimizi dağılmaqdan və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtaran Heydər Əliyev sonrakı mərhələdə də müstəqilliyimizə qarşı yönələn silahlı çevriliş cəhdlərinin qarşısını uğurla aldı, ölkədə ictimai siyasi sabitliyi bərqərar etdi, bütün sahələrdə köklü islahatlar apardı, qısa müddət ərzində iqtisadiyyatı dirçəltməyə, nizami ordu yaratmağa və demokratik - hüquqi dövlət quruculuğu prosesinə başladı.

Müstəqil Azərbaycanın yeni, demokratik və müasir Konstitusiyasının qəbul edilməsi, ölüm hökmünün və mətbuatda senzuranın ləğv edilməsi, Konstitusiya Məhkəməsinin, bələdiyyə institutunun və Ombudsman təsisatının yaradılması, Azərbaycanın neft strategiyasının və iqtisadi inkişaf konsepsiyasının müəyyən edilməsi, “əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa qaz kəmərlərinin çəkilişinın əsasının qoyulması yalnız Ulu Öndər Heydər Əliyevin siyasi dühası, qətiyyəti və əzmkarlığı hesabına mümkün oldu.

Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, ölkəmizin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxdı, fəal diplomatiyanın nəticəsində Ermənistanın işğalçılıq siyasəti ifşa olundu, dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.

Cəmi 4 ay Milli Məclisin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə müstəqil Azərbaycanda müasir parlamentarizmin əsasını qoydu, parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Ulu Öndərin iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Milli Məclisin iclaslarının, mətbuat konfranslarının, respublika əhəmiyyətli müşavirələrin birbaşa yayımla televiziya ekranlarından xalqa çatdırılması isə Heydər Əliyevin bir tərəfdən özünəinamın ifadəsi idisə, digər tərəfdən xalqla birbaşa dialoqun qurulmasının təzahürü kimi də çox mühüm əhəmiyyətə malik idi.

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq məfkurəsi Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.

Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – kəlamı hər bir həmvətənimizin ürəyindən xəbər verən milli vəhdət rəmzi kimi tarixə düşdü.
Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqillik və inkişaf yolunu əzmlə davam etdirən, 44 günlük Vətən müharibəsində şanlı və tarixi Zəfəri xalqımıza yaşadan, Ulu Öndər və Ata vəsiyyətini fədakarlıqla yerinə yetirən İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli və müdrik Liderin yetişdirməsi idi.

Düşünürsən ki, Heydər Əliyevi hər zaman müvəffəq və qalib edən, qarşısında duran bütün çətinlikləri və maneləri ağılla və eyni zamanda cəsarətlə dəf etməyə güc verən əsas amillər nə idi?

Birinci amil, xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı və dəstəyi idi. Ən çətin və məşəqqətli anlarda xalq yalnız və yalnız Heydər Əliyevə üz tutur və Onu köməyə çağırırdı.
İkinci amil, siyasət nəhəngi olan Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti idi. Bu əzəmət Onun siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, cəsarət və qətiyyətində, güclü siyasi iradəsində, dərin zəkasında, geniş dünyagörüşündə, analitik təfəkküründə, tarixi şəraiti düzgün qiymətləndirməsində, dözüm və səbrliliyində, sadəliyində və bir çox digər ali mənəvi keyfiyyətlərində özünü büruzə verirdi.
Üçüncü amil, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi idi. Onun bütün qərarları milli maraqlara və dövlətçilik ideyalarına söykənirdi.

Banisi olduğu müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Əminəm ki, dünya siyasət tarixinə adını qızıl hərflərlə yazdırmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Heydər Əliyev siyasəti Azərbaycanın müstəqlliyinə və inkişafına əbədiyyən xidmət edəcəkdir.

Azay Quliyev, millət vəkili

5e6054af-45e7-49ad-ba84-80917fa0b7d7.jpg (15 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR