İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hesablama Palatası bu orqanlarla işləməlidir”

821 12.04.2023 16:41 İqtisadiyyat A A

“Hesablama Palatasının (HP) audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumətlə münasibətlərinin normal olmamasıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.

Screenshot_20220621-091734_Messenger-930x530.jpg (62 KB)

“Hesab edirəm ki, nöqsanlarla bağlı heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır. Burada ötən il aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatların adları açıqlanmalıdır”, - deyə o qeyd edib.

Bundan başqa, deputat təklif edib ki, işğaldan azad edilmiş ərazilərdə audit daha sərt olsun və genişləndirilsin: “Ora nəzarətdən uzaq bir yerdir. Bu istiqamətdə auditi daha da genişləndirmək lazımdır”.

Millət vəkilinin açıqlaması bir sıra sualları aktuallaşdırıb. Xüsusilə də, işğaldan azad olunan ərazilərdə auditin aparılması ilə bağlı məqamlar diqqət çəkir.

İqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a açıqlamasında deputatın iradlarına fikir bildirib.

8b7a6a38568be07dc6cd40e780b8cb95.jpg (250 KB)

İqtisadçı bu məsələnin önəmli olduğunu qeyd edib:

“Hesablama Palatasının ölkədə gücü, rolu və sözükeçərliliyi artırılmalıdır. Amma hökumətlə müzakirələrə də ehtiyac var. Faktiki olaraq başqa ölkələrin təcrübəsini götürsək, Hesablama Palatası sözün yaxşı mənasında hökumətin müxalifidir. Həm idarəetmə sistemi daxilində hökumətə müxalif olan, həm də hökumətin səhvlərini tutan qurumdur. Səhvlərin düzəldilməsiylə bağlı müzakirələr aparıla bilər. Amma Hesablama Palatasının işlədiyi dövlət orqanı məhkəmə sistemi və prokurorluq orqanları olmalıdır. Əslində əldə etdikləri məlumatları onlarla bölüşərək qanun pozuntularının aradan qaldırılması üçün ciddi araşdırmaların aparılmasına imkan verməlidirlər. Yaxud da Hesablama Palatası əlində olan faktlarla birbaşa məhkəməyə müraciət edə, iddialar qaldıra bilər. Bu nöqteyi-nəzərdən Hesablama Palatasının nüfuzu, gücü və proseslərə təsiri artırılmalıdır”.

Ekspert əlavə edib ki, işğaldan azad olunmuş bölgələrdə doğrudan da ciddi problemlər var: “Burada milyardlarla vəsait xərclənir, amma bunun şəffaflığı ilə bağlı hələ ki, hökumətin doğru-dürüst açıqlamaları, hesabatlılığı çox aşağıdır. Bu da müəyyən suallar doğurur. Heç də xoş deyil. 44 günlük Vətən savaşından sonra torpaqların işğaldan azad olunması hamımız üçün kifayət qədər qürur yaradan faktdır. Amma orada hansısa bir qanun pozuntusu, korrupsiya faktı ehtimalı belə insanlarda çox ciddi xəyal qırıqlığı yaradır. Ona görə də hökumət daha həssas davranmalıdır. O layihələr digər layihələrə nisbətən daha şəffaf olmalıdır ki, heç bir suala yer qalmasın. Çox güman ki, Vahid bəy də bunu nəzərdə tutur”.

Qeyd edək ki, Hesablama Palatası ötən il dövlət qurumlarında aşkar olunan əsas nöqsanları açıqlayıb. Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir. Bildirilib ki, hesabat ilində 26 uyğunluq auditində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Büdcə qanunvericiliyinin pozulması üzrə daha çox rast gəlinən nöqsanlar kimi “Büdcə sistemi haqqında”, “Dövlət qulluğu haqqında” Qanunlarının, Əmək Məcəlləsinin tələblərinin pozulmasını, Nazirlər Kabinetinin ayrı-ayrı istiqamətlərdə müəyyən etdiyi xərc normativlərinə və proseduralara əməl olunmamasını göstərmək olar.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR