İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərənin öz tarixi...

718 02.08.2022 09:10 Yazarlar A A

90-cı illərin söhbətidir. Bir amerikalı müəllifin 20-ci əsrin tarixi haqqında iki cildlik kitabı düşmüşdü əlimə. Onu böyük həvəslə oxudum, amma oxuduqca heyrət məni üzdü, çünki belə tarix görməmişdim- bəli, burada Ruzvelt və Mahatma Qandi kimi böyük şəxsiyyətlər haqqında elə şeylər yazılmışdı ki, mən onu şagirdlərə, hətta tələbələrə heç vaxt məsləhət görməzdim.

O vaxta qədər mənim tarix haqqında təsəvvürüm akademik N.Kolmoqorovun bir fikri əsasında müəyyən olunmuşdu. Akdemik ilk illərdə seçim qarşısında qalır: bilmir, riyaziyyatı seçsin, yoxsa ki, tarixi?

Bir dəfə onun tarixdən elmi rəhbəri deyir ki, tarix elmi üçün hər bir fakta görə ən azı iki sübut tələb olunur.

Kolmoqorov yazırdı ki, bunu eşidəndən sonra mən hər bir fikir üçün bir sübutun yetərli olduğu riyaziyyatı seçməli oldum...

Əlbəttə, mənim gəncliyim sovetlərin vaxtına təsadüf etmişdi və onda hələ bilmirdim ki, bizim o vaxtki tarixin ən azı yarısı yalandır.

Sonradan fikirlərim cilalandı. Öyrəndim ki, hətta bir ölkədə belə bir neçə tarix məktəbləri və onların tarixə öz baxışı ola bilər.

Həqiqətən də niyə də yox? Plüralizm və akademik yaradıcılıq azadlığı vaxtı deyilmi?

Həm də oxudum ki, bizim müqəddəs Quran da belə yazılıb. O vaxt mövcud olan bütün variantlardan ortaq variant seçilib və bunun əsasında vahid bir nüsxə dərc olunub.

Odur ki, indi tamam təbii qəbul edirəm ki, bir neçə tarix konsepsiyası, necə deyərlər, hərənin öz tarixi ola bilər.

Amma mən tarixçi deyiləm, 20-ci əsrin sonlarını yaşayan adi bir adamam və məni təəccübləndirən budur ki, bu ölkədə “hərənin öz tarixi olar” fikri az qala, hərfi mənada qəbul olunur. O illərin bütün keşməkeşləri bizim gözümüzün qabağından gəlib keçib, amma bu qədər yaxın tarix inanılmaz qədər təhrif olunub və olunmaqda davam edir. Özü də bunu təkcə hakim dairələr etmir. İndi kitab çap etmək su kimi asan bir məsələdir. Bir də görürsən hansısa tanınmış kitab çap elədi və hamının bildiyinə rəğmən, özünün ötən əsrin sonralarındakı fəaliyyətini az qala, qəhrəmanlıq kimi qələmə verdi.

Mən bir neçə dəfə belə bir halla rastlaşmışam. Məsələn, gözəl xatırlayırsan ki, filankəs filan vaxtı bu sözü deyibdir və ya hərəkəti edib. Amma indi sübut edə bilməzsən ona bunu, çünki çox qəribə dövrandır: ali hakimiyyətin bağışladığı adamların bütün günahlarından keçilir və onlara kart-blanş verilir ki, bu adamlar özləri haqqındakı həqiqətləri tamam təhrif etsinlər, özlərini müstəqillik və demokratiya uğrunda ardıcıl mübarizlər kimi təqdim etsinlər...

Odur ki, bu ölkədə hərənin öz “tarixi” var. Mən ümid edirəm ki, nə vaxtsa bu qədər tarixin əsasında bir əsl tarix yaradılacaq. Amma dərhal da yadıma düşür ki, heç də bütün ümidlər doğrulmur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR