İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi Doktrinamız Fransaya görə dəyişdirilsə... - mümkün nəticələr

940 08.07.2023 10:12 Siyasət A A

İlham İsmayıl: “Təhlükəsizlik Konsepsiyasına da dəyişikliklər edilməlidir...”

Azərbaycanın 2010-cu ildə qəbul edilmiş Hərbi Doktrinası dəyişə bilər. Bu barədə parlamentin son iclasında danışan deputat Elşad Mirbəşir öncə xatırladıb ki, doktrinanın 75-ci maddəsi özündə dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq, müvafiq dəyişikliklər, dəqiqləşdirmələr və əlavələr etməyi ehtiva edir.

“Bu gün artıq yeni reallıqlar şəraitində yaşayırıq. Azərbaycan Respublikasının təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, regionda yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti formalaşdırılıb. Müvafiq olaraq, Azərbaycan Respublikasının Hərbi Doktrinasında da dəyişikliklər etmək lazımdır. Azərbaycan Respublikası həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik sisteminin yaradılması missiyasını da öz üzərinə götürüb. Hərbi Doktrinada bu məqamın da ifadə olunması yaxşı olardı. Azərbaycan Respublikasının təhlükəsizliyinə olan təhdidlərin də xarakteri dəyişib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, sənəddə yeni reallıqlara uyğun dəqiqləşdirmələrin və dəyişikliklərin edilməsi zəruridir: “Xüsusilə də doktrinanın 14, 15, 16, 21 və sair maddələrində dəqiqləşmənin aparılması lazımdır”.

Deputat ardınca vurğulayıb ki, Azərbaycan ərazisində separatizmə açıq dəstək verən Fransa ilə bağlı müvafiq məqamlar da öz ifadəsini tapmalıdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də Fransanın davranışları ilə bağlı münasibətini açıq bildirdi. Bütün bunlar bir daha Azərbaycan Respublikasının hərbi doktrinasında müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini göstərir”.

Sənədə yeganə olaraq məhz qatı ermənipərəst Fransanın adının neqativ planda salınması mümkünmü və o halda bu, nə demək olacaq? Hansı siyasi nəticələr doğura bilər? Yəqin ki, ən azından Fransa bir daha “yuyulmamış qaşıq” kimi hər hansı şəkildə sülh prosesinə qatıla bilməyəcək.

İlham İsmayıl: "Xarici qüvvələrin adının çəkilməsi çətin məsələdir"

Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, istər Təhlükəsizlik Konsepsiyası, istər Hərbi Doktrina yeri gələndə hadisələrin inkişafından asılı olaraq, geopolitik vəziyyətdən, dövlətlərarası münasibətlərdən asılı olaraq redaktə olunmağa, dəyişilməyə, əlavələr edilməyə açıq sənədlərdir: “Bunların baş verməsini normal qarşılamaq lazımdır. Hesab edirəm ki, Hərbi Doktrina ilə yanaşı, 2007-ci ildə qəbul edilmiş Təhlükəsizlik Konsepsiyasında da dəyişikliklər edilməlidir. Orada məsələlər daha aydın yazılmalıdır. Bu sənədlər qəbul olunduqdan indiyə qədər çox proseslər gedib, yeni reallıqlar yaranıb. Düzdür, orada bizim Şimali Atlantika Blokuna reinteqrasiyamız qeyd olunub. İndi daha konkretləşməlidir. Təhlükə məsələsi də dəqiqləşdirilməlidir.

O ki qaldı Hərbi Doktrinada Fransanın adının xüsusi olaraq mənfi planda qeyd olunması məsələsinə, məncə bu, zərərli ola bilər. Çünki Fransanın dövlət olaraq siyasətində bizə qarşı siyasət yox, məhz Makron siyasəti bizə qarşıdır. Makron siyasəti isə hələ tam Fransa dövlətinin siyasəti demək deyil. Makron üç il yarımdan sonra prezidentliyə “əlvida” deyəcək. Fransanın ondan əvvəlki dövlət başçıları Azərbaycanla normal münasibətlərdə olublar. Makrona və Makron siyasətini maliyyələşdirən erməni lobbisinə görə Fransa dövlətini Hərbi Doktrinamızda düşmən kimi göstərmək zərərli olar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR