İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi arsenalımızda unikal silah - eyni anda 500 hədəfi...

7530 16.03.2024 10:02 Ölkə A A

Ekspert: “Bütün istiqamətlərdən gələ biləcək təhlükə anında aşkarlanacaq”

Azərbaycan İsraildən hərbi təyinatlı daha bir silah - “Sky Dew” aerostatı alıb. Yerli medianın yazdığına görə, bu, raketləri və təyyarələri aşkar etmək üçün istifadə olunacaq.

“Sky Dew”nun əsas missiyası aşağı hündürlükdə uçan qanadlı raketləri, dronları və digər müasir hava təhlükələrini aşkar edərək erkən xəbərdarlıq etməkdir. Bu məqsədlə aerostat böyük məsafədə olan obyektləri aşkarlaya bilən AESA (Active Electronically Scanned Array) radarı ilə təchiz edilib.

Aerostat bir neçə gün ərzində fasiləsiz müşahidə apara bilir və 250 km-dən uzaq aşkarlama məsafəsi ilə 500-ə qədər hədəfi izləyə bilir. Aerostatla onun yerüstü stansiyası arasında məlumat ötürülməsi təhlükəsiz fiber optik məlumat bağlantıları vasitəsilə həyata keçirilir.

Diqqətçəkicidir ki, “Sky Dew”un özəllikləri barədə artıq erməni mediası da narahatlıqla yazıb. 

Bu, nə dərəcədə unikal silahdır və düşmən üzərində ordumuza əlavə hansı üstünlüklər yaradır?

Emin Həsənli: “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək  səviyyədədir”

Emin Həsənli 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-in sədri Emin Həsənli Azərbaycanın İsraillə hərbi əməkdaşlığının daha da dərinləşdiyini söylədi: “Azərbaycan dövləti hər zaman ən öndə olan məsələlərdən biri kimi təhlükəsizliyi, müstəqilliyin, ərazi bütövlüyünün qorunmasını, vətəndaşların rahat yaşamasını əsas götürüb. Hər bir dövlət üçün onun güclü ordusunun olması, müasir silahların əldə edilməsi ən vacib məsələlər sırasında demək olar ki, birinci yerdə dayanır. Azərbaycan dünyanın ən qabaqcıl ölkələri ilə əməkdaşlıq edir. Onlardan da biri İsraildir. Sirr deyil ki, İsrail dünyanın ən müasir hərbi texnologiyaya sahib ölkələrindən biridir. Azərbaycan hərbi modeldə Türkiyə modelinə keçir. Türk ordusu dünyanın ən nüfuzlu ordularından biridir. Azərbaycan durmadan ordusunun peşəkarlığını artırmaqdadır. Komando hərbi hissələri yaradılmaqdadır. İsraildən müasir silahlar alınır. Eyni zamanda Türkiyə də müasir silahlar alır. Dünyanın ən müxtəlif ölkələrinin hərbi arsenalı ilə yaxından maraqlanılır. Müasir silahlar da istehsal olunur. Dünyada necə ki, informasiya texnologiyaları və digər sahələrdə hər gün yenilənmə olur, silah texnologiyasında da bu yenilik hər an yaşanır. Sən də bir dövlət olaraq, bu yenilənməni izləməlisən, təhlillər aparmalısan. Öz dövlətin, onun ərazi bütövlüyü üçün ən müasir silahlar hər zaman almağa diqqət yetirməlisən. Hansı silahları özün istehsal edə bilərsən, bu, çox önəmlidir. Bunu hansı müttəfiq dövlətlərlə edə bilərsən, bu da çox vacibdir. Bəzi dövlətlər var ki, ondan silah almalısan ki, müharibə vaxtı o təminat dayanmasın. İsrailin Azərbaycanla olan əməkdaşlığı 44 günlük savaşda sınaqdan çıxdı. Türkiyə aydındır, qardaş ölkədir. Amma İsrail azsaylı ölkələrdən oldu ki, birmənalı şəkildə bizi dəstəklədi. Bu baxımdan deyirəm ki, silah alacağın ölkə də önəmlidir. Bu məsələlər hərtərəfli təhlil olunur, milli maraqlara uyğun qərarlar verilir. İstər 44 günlük savaş, istər bir günlük antiterror tədbirləri, istərsə də, ondan öncəki "qisas əməliyyatları" olsun, sübut etdi ki, Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir, əldə etdiyi silahlar da hərbi səhrada onun işinə yarayır. Elə böyük ölkələr var ki, ordusunda ən güclü silahlar var, amma vaxtı keçmiş silahlar sayılır, yaxud da köhnəlmək üzrədir. Belə silahlar hərbi əməliyyatlarda işə yaramır. Ona görə də bu məsələlər hərtərəfli təhlil olunur.

Tək silahların olması önəmli deyil. Bu silahları hansı ölkələrdən alırsan, bunun davamlılığı varmı, bu silah sənin üçün nə qədər əhəmiyyətlidir, bu məsələlər çox önəmlidir. İsrail də öz ərazisini qorumaq üçün bu silahlardan istifadə edir. İsraildə elə silahlar var ki, özündən sonra onu verə biləcəyi 1-2 ölkə var ki, onlardan biri də Azərbaycan dövlətidir. Çalışırıq ki, ordumuz günün tələblərinə tam şəkildə cavab versin. Ermənistanla ordumuz, hərbi arsenalımız arasında ölçüyə gəlməyəcək dərəcədə fərq var. Sadəcə, əvvəllər Ermənistanla müharibə vəziyyətdə olduğumuz üçün müqayisələr aparılırdı. Ermənistanın Fransa, Hindistan, Yunanıstan kimi ölkələrlə silah alverində yaxınlığı varsa, bizim də bu istiqamətdə Türkiyə, İsrail, Pakistan kimi ölkələrlə çox yaxın əlaqələrimiz var. Azərbaycanın müttəfiqlərinin hər cəhətdən Ermənistanın arxasında duranlardan güclü olduğu açıq-aşkar görünür. Biz son müharibələrdə bunun bir daha şahidi olduq". 

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO – Yeni Çağ Media

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd qeyd etdi ki, Azərbaycanın İsraildən aldığı raket və təyyarələrin erkən aşkarlanması üçün qabaqcıl sistemlə təchiz edilmiş “Sky Dew” aerostatı digər sistemlərdən çox fərqlənir və üstündür: “Yer üzərində qurulmuş digər sistemlər yaxın məsafədə kor olur. "Sky Dew" aerostatının belə bir problemi yoxdur. “Sky Dew” aerostatındakı radarlar eyni anda hədəfləri aşkar edə, nəzarətdə saxlaya, izləyə, kordinatları ötürə bilər. “Sky Dew” aerostatının digər üstünlüyü ondan ibarətdir ki, bir neçə gün səmada qala, eyni anda 500 hədəfi izləyə bilir. “Sky Dew” aerostatı 250 km-dən çox məsafədən hədəfləri aşkarlaya bilir. Bu o deməkdir ki, Azərbaycanın mərkəzində bu sistem yerləşdirilsə, onun vasitəsilə bütün potensial təhlükə yaradacaq hədəflər aşkarlana, izlənilə və kordinatları hava hücumundan müdafiə sistemlərinə ötürülə bilər. Aviasiya radio aşkarlama və istiqamətləndirmə kompleksi olaraq ABŞ AWACS, Rusiya isə A-50 təyyarələrindən istifadə edir. Məsələ ondadır ki, havadan radar sistemi olaraq yuxarıda sözügedən komplekslərin 1 saatlıq uçuşu təxminən 40 min dollara başa gəlir. “Sky Dew” aerostatını isə bundan dəfələrlə ucuzdur. Ermənistan Fransadan GM-200 radar sistemi alıb. Bu sistem də 250 km məsafədəki hədəfləri aşkarlaya bilir. Ancaq bu sistem yerdən quraşdırılır. Müqayisə aparılsa, Azərbaycanın İsraildən aldığı sistem daha üstündür. Əlavə olaraq qeyd etmək lazımdır ki, Fransa Ermənistana həmin radar sisteminin raket kompleksini satmayıb. Müasir müharibələr onu göstərir ki, radar sistemləri çox önəmlidir. Çünki müharibələrdə dronların fəaliyyəti daha qabarıq görünür. Bəzi ölkələr radarların izlənməsi üçün kütləvilikdən və kiçik ölçülü radarlardan istifadə edir. Ancaq “Sky Dew” aerostatı eyni vaxtda 500 hədəfi izləyə bilir. Bu da kütləvi PUA hücumunun izlənilməsini həyata keçirə biləcək. Xüsusilə aşağıdan uçuşlarla radardan yayınmaq da mümkün olmayacaq. Hesab edirəm ki, Azərbaycan bu sistemi almaqla havada üstünlüyünü təmin etmiş olur. Təkcə Ermənistandan yox, digər qonşulardan, bütün istiqamətlərdən gələ biləcək təhlükə anında aşkarlana biləcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR