İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi anbarın tikintisində 7 milyonluq yeyinti – ŞOK FAKTLAR

3662 12.01.2023 19:05 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun cinayət işi üzrə proses keçirilir.

Musavat.com xəbər verir ki, Üzeyir Həsənov Müdafiə Nazirliyi ilə yanaşı, həm də Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilir.

Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan artıq vəsaitin mənimsənildiyi iddia olunur. Üzeyir Həsənova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Z.jpg (15 KB)

Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə suçlanır. Həmin iş üzrə 7 milyon 353 milyon manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.

Muzey məsələsinə gəlincə, ittihamda göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1 milyon 800 min manatlıq yeyintidə ittiham olunur.

Lakin şirkət rəhbəri özünü təqsirli bilmir. Onun özü də, vəkilləri də deyir ki, hərtərəfli araşdırma aparılmadan, mötəbər sübutlar olmadan həbs edilib.

Azərbaycanlı tələbə həbs edilə bilər -

“Mən niyə həbs olunmuşam, bilmirəm. Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. İstintaqda vəkillərim vəsatət verdi ki, şahidlər dindirilsin, təmin olunmadı. Mən özümü təqsirli bilmirəm. Amma çatışmayan nəsə varsa, ödəyərəm. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram...”, - təqsirləndirilən şirkət rəhbəri məhkəmədə belə deyib.
Vəkillər də narazılıq edir ki, Maliyyə Nazirliyinin əməkdaşları yoxlama aparıb, bir akt tərtib edib, onun əsasında ekspertiza rəy verib və Üzeyir Həsənov həbs olunub. Müdafiəçilərin sözlərinə görə, Üzeyir Həsənov özünü təqsirli bilmir, mənimsəmə ittihamı ilə razılaşmır. Bununla belə, ödəniş eləməyə razıdır. Hesab edirlər ki, bundan ötrü onu ev dustaqlığına buraxmaq lazımdır, bu məsələləri yoluna qoysun:

“Bu adamı kökü olmayan sübutlar əsasında həbs ediblər. Üzeyir Həsənov nüfuzlu adamdır. O, müharibə dövründə orduya öz hesabına nə qədər yardım edib, döyüş bölgəsinə avtomobillər göndərib. Yaşayış yeri məlumdur, istintaqdan yayınmaq niyyəti yoxdur...”

Məhkəmə iş adamının ev dustaqlığına buraxılmasını məqsədəuyğun hesab etməyib.

Vəkillərin daha bir istəyi isə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi olub. Bu məsələni isə hakimlər hələlik baxılmamış saxlayıb.

Evindən 1 milyon manat oğurlandı - Azərbaycanda "yastıqaltı yığım"ın sirri

Şirkət rəhbərinin vəkilləri məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. Deyiblər ki, jurnalistlər iştirak edir, bu məsələ ictimailəşir. Halbuki, bu işdə kommersiya sirri hesab olunan məsələlər ortaya çıxa bilər. Həmçinin dindirmələr zamanı hərbi obyektin tikintisi haqda söhbət açılar. Hakimlər məhkəmə prosesini bütövlükdə qapalı keçirməkdən imtina edib. Vəkillərə bildirilib ki, əgər prosesin gedişində sirr hesab olunan məqamlar ortaya çıxarsa, müəyyən məhkəmə iclasları qapalı keçirilə bilər. Amma məhkəmə prosesi bütövlükdə qapalı keçirilə bilməz.

Məhkəmə araşdırmaları davam edir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR