İnsanlara hürriyət, millətlərə istiqlal!

"HƏMAS-ın İsrailə hücumunun əsas səbəbi bu ola bilər" - İLGİNC ŞƏRH

2298 07.10.2023 19:23 Siyasət A A

"Bu gün İsrail-Fələstin arasında yaşanan hərbi gərginlik İsraildən keçirilməsi planlaşdırılan Hindistan-Yaxın Şərq-Avropa nəqliyyat dəhlizi ilə bağlı ola bilər".

Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.

HEYDER.jpeg (277 KB)

Onun sözlərinə görə, ötən ay Hindistanda keçirilən G20 sammitində ABŞ, BƏƏ, Səudiyyə Ərəbistanı və İsrail liderləri arasında çox önəmli bir müqavilə imzalanıb. Müqavilədə İranın da iddialı olduğu Baharat yolu layihəsinin taleyi müəyyənləşib:

"Bu müqavilə ilə İranın Oman dənizi-Qara dəniz marşrut xətti üzərindən xətt çəkildi. Hindistandan başlayan Baharat yolu bundan sonra Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail-Yunanıstan üzərindən Avropaya çıxacaq. Sözsüz ki, bu layihə İranı qlobal nəqliyyat dəhlizlərindən kənarda qoymaq demək idi və Tehran buna seyrçi qala bilməzdi. Hesab edirəm ki, HƏMAS-ın İsrailə hücum etməsinin əsas səbəbi bu ola bilər".

Heydər Oğuzun fikrincə, Hindistan-Yaxın Şərq-Avropa adlandırılan bu dəhlizin yeganə üstün tərəfi heç bir münaqişənin yaşanmadığı coğrafiyalardan keçməsi idi: "İsraildə bu gün baş verən hərbi toqquşmalar dəhlizin bu avantajını ortadan qaldırdı".

Siyasi şərhçi bildirib ki, Fələstin-İsrail xəttində yaşananlar sadəcə bu bölgə ilə məhdudlaşmaya bilər:

"Bütün Yaxın və Orta Şərq, hətta Uzaq Asiya ölkələrinə qədər sıçrama ehtimalı var. Bu beynəlxalq layihədə Hindistanın da maraqları var və o, Çinin "Bir kəmər, bir yol" layihəsinə alternativ nəqliyyat dəhlizi meydana gətirməyə çalışırdı. G20 zirvəsində Baharat dəhlizinə heç bir aidiyyəti olmayan ABŞ-ın da qol çəkməsi bu gərginliyin yaranmasında onun da maraqlı olduğunu göstərir. Yeni dünya düzəninin formalaşmasında bir-birinə rəqib olan qlobal güclərin fərqli çıxarları onları da bu və digər ölçüdə savaşın açıq və ya gizli tərəfinə çevirə bilər. Görünən budur ki, İsraildə başlayan bu qığılcımın dünyanın əksər regionlarını bürümə potensialı var".

Heydər Oğuz xatırladıb ki, Azərbaycan da qlobal dəhliz rəqabətinin mərkəzində yerləşir:

"Həm Çinin "Bir kəmər, bir yol" layihəsinin Orta yol marşrutu, həm də Hindistanın Baharat dəhlizinin Cənub-Şimal marşrutu bizim ölkəmizdən keçir. Məhz bu səbəbdən də II Qarabağ döyüşlərində İran əks qütbdə yer almışdı, "Zəngəzur mənim qırmızı cizgimdir", - deyirdi. Ermənistan üzərində qazandığımız möhtəşəm qələbə İrəvanı bir aktor kimi sıradan çıxardı. Paşinyan hakimiyyəti Qərb dövlətlərinə yönəlməklə və öz sərhədlərini NATO-ya açmağı planlaşdırmaqla İranı xəyal qırıqlığına uğratdı.

Bununla belə, proseslərin inkişafı Azərbaycanı da istəmədiyi halda bu gərginliyə sürükləyə bilər. Rəsmi Bakı bütün mənfi ehtimalları nəzərdən keçirib mümkün olduğu qədər hərbi gərginlikdən uzaq durmalı, güneyli qardaşlarımızın da təhlükəsizliyi barədə düşünməlidir".

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR