İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki keçmiş icra başçıları azadlıq yolunda

1748 28.02.2024 13:43 Ölkə A A

Neftçalanın sabiq icra başçısının cəzasının azaldılmasına sərt reaksiyalar 

Ötən həftə Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin Ali Məhkəmədə kasasiya şikayətlərinə baxılıb. Məhkəmə apelyasiya instansiyasının qərarını dəyişdirib. 

Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.

Dövlət Təhlükəsizlik Xidmətinin  2020-ci ildə keçirdiyi əməliyyatlar zamanı Ağstafanın sabiq başçısı Nizaməddin Quliyev (9 il, həbsdə ölüb), Yevlax Şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov (5 il 9 ay, həbsdən buraxıldıqdan sonra ölüb), Neftçalanın icra başçısı İsmayıl Vəliyev (9 il 6 ay, sonra 6 il 2 aya endirilib), Biləsuvarın icra başçısı Mahir Quliyev(11 il), İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev (12 il), Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov (8 il 6 ay) həbs ediliblər. Həbsdə olanlardan daha biri Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovdur.(12 il) Həbs  edilənlərdən biri  Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur. Ötən ilin sentyabrında Alimpaşa Məmmədovun cinayət işi üzrə keçirilən məhkəməsində prokuror onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini, əmlaklarının müsadirəsini istəyib. Lakin məhkəmə iş üzrə 6 aya yaxındır ki, hökm  çıxara bilmir. İddia olunur ki, sabiq icra başçısı məhkəmədən vurulan zərərin ödənilməsi barədə qeyri-rəsmi vaxt istəyib. Buna görə də məhkəmə hökm verməyə tələsmir.  

Novruz bayramında əfv olmayacağı dəqiqləşib, may ayında isə müvafiq fərman  veriləcəyi gözlənilir. Ehtimal etmək olar ki, əfv üçün müraciət edənlər sırasında onların da adlarını görəcəyik. Cəzalar hansı hallarda azaldılır, hansı hallara şamil edilir? 

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, korrupsioner məmurların vaxtından əvvəl azadlığa buraxılmalarının əleyhinədir: “Bizə müraciət edənlər sırasında həbsdəki icra başçıları yoxdur. Hesab edirəm ki, korrupsiya cinayətinə görə həbsə alınan hər kəs cəzasını tam çəkməlidir. Xalqın, millətin cibinə girən hər kəs layiqli cəzasını almaqla yanaşı, cəzasını sona qədər çəkməlidir. Üstəlik, korrupsioner məmurların özləri ilə yanaşı ən yaxın ətraflarının - qardaşlarının, bacılarının, övladlarının da əmlakları müsadirə edilməlidir. Korrupsioner məmura bircə 2-3 otaqlı ev saxlamaq lazımdır. Qalan nə əmlakı varsa, müsadirə olunmalı, həmin əmlaklar açıq hərracdan satılmalı və əldə olunan  gəlir məmurun cinayət əməlindən təsirlənən hər kəs arasında ədalətlə bölünməlidir”. 

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov 

 “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məhkəmələrin sabiq icra başçılarına münasibətdə tutduğu mövqe ümumilikdə yürüdülən dövlət siyasətinə ciddi mənəvi ziyan vurur: “Bu adamlar vəzifədə olduqları müddətdə dövlət siyasətini sabotaj etməklə vətəndaşların rifahına çox ciddi ziyan vurublar. Səhiyyəyə, təhsilə, demək olar ki, həyatın bütün sahələrinə dövlət büdcəsindən ayrılan vəsaitləri mütəşəkkil cinayətkar quldur dəstə şəklində mənimsəyiblər. Bundan sonra nə baş verib? Başçılar oğurluq etdiklərinə görə vətəndaşlar çox çətin şərtlərdə yaşamağa məhkum olunublar. Halbuki Azərbaycan dövlətinin büdcəsindən vətəndaşın rifahı üçün külli miqdarda vəsait ayrılıb. İcra başçısı isə pulları oğurlayıb, öz oğurluğuna təhsil, səhiyyə şöbələrinin müdirlərini, öz müavinlərini, şöbə müdirlərini, bir sözlə, tabeliyində olan hər kəsi şərik edib. İcra başçısını əməliyyat qurub tutublar, vətəndaşa da deyiblər ki, bəs oğurluq edirdi, onu tutduq. Vətəndaş da oturub gözləyir ki, başçıya bu oğurluqlara görə layiqli cəza verəcəklər. Cəza verirlər və az sonra da cəzanı endirirlər, sonra da açıb buraxırlar. Burada vətəndaş nə başa düşür? Anlayır ki, icra başçısının oğurluqlarına məhkəmə hakimiyyətində də əl uzadanlar tapılıb. Yəni başçıdan pul alıb onu azad edirlər. Nəzərə almaq lazımdır ki, korrupsiyaya görə həbs edilən məmurların cəzasının sonradan azaldılması, onların azad edilməsi praktikası geniş yayılıb. Bu, sanki bir tendensiya halını alıb. Ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənin daha da sərtləşdirilməsi bir siyasi xəttə, iradəyə çevrildiyi vaxtda, məhkəmələr korrupsionerlərə güzəştlər tətbiq edir. Digər rüşvətəmeylli məmurlar da düşünəcək ki, milyonları yığacaq, sonra 2-3 il həbsdə yatdıqdan sonra çıxıb ömrü boyu kef edəcək”.

Natiq Ələsgərov deyir ki, həbsə düşən korrupsioner icra başçılarının, məmurların bu şəkildə azad edilməsi dövlət büdcəsinin daha böyük həcmdə mənimsənilməsinə yol açacaq: “10 milyonlarla manat oğurlayan icra başçısı həbsə düşür və 2-3 milyon xərcləməklə azadlığa çıxır. Əlində qalan pulları da götürüb gedir xaricdə qurduğu biznesini idarə etməyə. Ortada Azərbaycan dövləti gülünc vəziyyətə düşür, işsiz-gücsüz Azərbaycan vətəndaşının rifahı isə daha da ağırlaşır. Digər icra başçısı da baxır ki, büdcə pullarını oğurlayanlar məhkəmədən azad edilməklə kef içində yaşamaqda davam edirlər, onlar da milyonlar oğurlanmağa həvəslənirlər”.

Hüquqşünas deyir ki, məhkəmə sisteminin özünün korrupsiya və rüşvətə bulaşmasına dair deyilənlər də göz önünə gəlir: “Əslində isə korrupsioner məmurlara qarşı mübarizənin lap əvvəlində elan olundu ki, kimsəyə güzəşt olunmayacaq. Bu gün Azərbaycan məhkəmələrində tam bir əks-proses gedir. Böyük bir rayonu çapıb-talayan, 10 milyonlarla maddi ziyan vuran, əhalinin sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirən bir icra başçısına maksimum 10 il cəza verilir, sonra cəzası 6 il endirilir. Çox təəssüflər olsun ki, burada da korrupsiya əlamətləri var”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR