İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi, sonra...

1393 01.06.2024 11:05 Siyasət A A

Payızdakı parlament seçkilərinin gürcü iqtidarı üçün çətin keçəcəyi, Qərblə münasibətlərin daha da gərginləşəcəyi proqnozlaşdırılır  

Gözlənildiyi kimi, Gürcüstan parlamenti prezident vetosunu aşaraq, qalmaqallı “Xarici agentlər” haqqında qanunu qəti olaraq təsdiqlədi. Artıq spikerin imzası ilə qanun qüvvəyə minmiş sayılır. Hələ ki, ölkədə etirazlar əvvəlki şiddətdə olmasa da, davam edir. Hakimiyyət isə proseslərin nəzarətdə olduğunu və heç bir “Maydan”a imkan verilməyəcəyini qəti şəkildə bəyan edib. 

Bu arada Gürcüstan QHT-lərinin yeni qanunla bağlı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) hökumətə qarşı iddia-şikayət hazırladığı bəlli olub. Bu barədə “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” QHT xəbər yayıb. 

“Biz xarici agentlər haqqında qanun əleyhinə Avropa İnsan Hüquqları Məhkəməsinə iddia təqdim etməyə hazırlaşırıq və lazımi vaxtda ona müraciət edəcəyik. Bütün qeyri-hökumət təşkilatları və media bu mübarizənin iştirakçısı olub bizə qoşula bilər”, - məlumatda deyilir. 

Şikayətin ciddi hüquqi nəticəsi olacaqmı? Qalmaqallı qanun qüvvəyə minəndən sonra gözlənti nədir, bundan sonra nə olacaq? Qonşu Gürcüstan çalxalanıb duruldumu? 

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev payızdakı seçkilərin gürcü iqtidarı üçün çətin keçəcəyini proqnozlaşdırır: “Gürcüstanda ”Xarici agentlər haqqında" qanunun qəbul olunması Cənubi Qafqazda, xüsusilə, Ermənistan və Qərb arasında hibrid müharibənin açıq müstəvidə olduğu zamanda təsadüfən qəbul olunmamışdı. Gürcüstan hökuməti Qərbin ölkədə dövlət çevrilişi planları həyata keçirmək istədiyini hətta baş nazir səviyyəsində bəyan etmişdi. Eyni zamanda, Qərb Gürcüstanın Avrointeqrasiya ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi açıqlamalarını verməyə başlamışdı. Bütün bunlar ortada olarkən Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizədliyə qəbul olunur. İlk baxışda bu təəccüblü görünsə də, əslində atılan bu addım ilə Gürcüstan hakimiyyətinin üzərinə daha da yüklü məsuliyyətin qoyulduğu görünür. Aydındır ki, Gürcüstan hökuməti Avropa İttifaqı üzvlüyünə namizəd olmaqla hazırkı siyasətində ciddi dəyişikliyə getməyəcək. Çünki nəticə etibarı ilə bu “Gürcü Arzusu”nun hakimiyyətdən getməsi perspektivini daha da yaxınlaşdırar və Rusiya ilə indiyədək apardıqları təxmini balanslı deyə biləcəyimiz siyasətin də dəyişməsinə gətirib çıxaracaq. Gürcüstanda 20 mindən artıq qeyri-hökumət təşkilatının olduğu bildirilir və bu təşkilatların fəaliyyətdə olanlarının demək olar ki, hamısı layihələri üçün qrantları müxtəlif xarici təşkilatlardan alır. Hazırkı qanun onları bu imkanlardan demək olar ki, məhrum edir. Amma maraqlısı budur ki, xaricdən qrant alan QHT-lər müxalifətyönümlü, hakimiyyətyönümlü və tam müstəqil mövqeyi olan təşkilatlardan ibarətdir. Bu qanunun əleyhinə isə onların demək olar ki, hamısı etiraz edir. Yəni indiyədək “Gürcü Arzusu”na səs verib, onların siyasətinə dəstək verən QHT təmsilçiləri də etirazçıların arasındadırlar. Yəni bu qanun bütün QHT-lərin maraqlarına eyni vəziyyətdə zidd olduğundan onların hazırda birgə müqavimətinin şahidi oluruq ki, əslində bu hakimiyyət üçün ciddi problemə çevrilə bilər. Belə ki, son illər Gürcüstan müxalifəti çox dağınıq və hadisələrə təsir imkanlarının olmaması vəziyyətində idi. Əgər bu qanun qəbul olunmasaydı, “Gürcü Arzusu” payızdakı seçkilərə zəif müxalifətlə gedib seçkini tam şəkildə qələbə ilə başa vuracaqdı. Amma qanunun qəbulundan sonra QHT-lərin önə çıxması, qanunun Rusiyanın sifarişi ilə Aİ-yə inteqrasiya əleyhinə qəbul edildiyini deməklə bütün vasitələrdən istifadə edib insanları kütləvi etirazlara çağırması yeni etiraz dalğasının yaranmasına səbəb olub. Müxalifət dağınıq və zəif olsa da, etirazların təşkilatçısı yox, arxasınca gedən qüvvə olsa belə hazırkı vəziyyətdən istifadə edib payızdakı seçkilərə qədər toparlana bilmək imkanları var. Yəni bitərəf, yaxud fərqli partiya üzvlüyü olan ölkədə hakimiyyətdən narazı insanların bir hədəfə doğru getmək şansları yaranıb. Payıza qədər bu işi yoluna qoya bilsələr “Gürcü Arzusu” üçün ciddi problemə çevriləcək. Bu gedişatda qanun layihəsinin Avropa Məhkəməsinə verilməsi ilə bağlı hərəkətlənmənin özü də bu dediyim taktikanın tərkib hissəsidir".

Türkiyə NATO-dan çıxsa... - uduzan ən çox kim olacaq, Alyans, yoxsa?..

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu qanuna ən çox etiraz edənlərin Qərb dövlətləri olmasının bir çox sualların cavabı olduğuna işarə etdi: “Dünya nizamının yenilənməkdə olduğu, dövlətlərin təsir gücü uğrunda mübarizə apardığı bir dönəmdə milli təhlükəsizliyin gücləndirilməsi üçün ”Xarici təsir agentləri haqqında" qanunlar bir sıra dövlətlərdə qəbul olunmaqdadır. Bu baxımdan Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanunu gündəmə gətirməsi, cəmiyyətdə ciddi etirazların, mitinqlərin və hətta parlamentdə davaların olmasına, prezident tərəfindən rədd edilməsinə baxmayaraq, nəhayət olaraq 28 mayda parlament tərəfindən ratifikasiya olunaraq qəbul edilməsi mühüm çağırışlardan xəbər verir. Xüsusilə Cənubi Qafqaz uğrunda artan beynəlxalq rəqabət fonunda Gürcüstan və Ermənistanda yaşanan ixtişaşlar göstərir ki, bu qanun nə qədər böyük əhəmiyyət daşıyır. Vaxtı ilə siyasi nəzəriyyəçilər xarici QHT-ləri mədəni-iqtisadi müstəmləkəçiliyin təsis vasitəsi kimi “troya atına” bənzətmişdilər. Maliyyə mənbəyi açıqlanmayan, hansı qüvvələr tərəfindən yönləndirildiyi açıqlamayan “ictimai təsislər” dövlətlərin daxili siyasətinə nüfuz edərək, cəmiyyəti içəridən hərəkətləndirir, rəngli inqilablar, Ərəb Baharı, Maydan hərəkatı kimi nəticələrə gətirib çıxarırlar. Bütün bunların fonunda təsadüfi deyil ki, bu qanuna ən çox etiraz edən qərb dövlətləridir. Odur ki, Gürcüstan da Qərb dövlətlərindən qanunu qəbul etdiyi üçün müəyyən təzyiqlərlə üzləşməkdədir. Avropa İttifaqının və ABŞ-ın ən yüksək rəsmi şəxsləri, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası Gürcüstana qanunu qəbul etməmək istiqamətində “məsləhət” vermiş, çağırışlar etmişlər. Hətta 4 avropalı nazir - Latviya, Litva, Estoniya və İslandiya xarici işlər nazirləri Gürcüstana gələrək etirazçılara qoşuldular. Halbuki bu, tamamilə qeyri-qanuni davranış olub, qanuni yolla seçilmiş legitim hakimiyyətə qarşı mühüm sayğısızlıqdır ki, Gürcüstan hakimiyyəti tərəfindən də müvafiq qaydada tənqid edildi. Gürcüstanın Avropa İttifaqı üzvlüyünə dair danışıqların dondurulacağı, vizasız gediş-gəlişin ləğv olunacağı, müəyyən sanksiyalara məruz qalacağı iddia olunur. Lakin Baş nazir İrakli Qaribaşvili bu iddiaların real olmadığını, Gürcüstanın bundan sonra da demokratiya yolunda irəliləyəcəyini iddia edir. Maraqlıdır ki, bu təhdidlər fonunda qanunu ratifikasiya etməklə yanaşı Gürcüstan Çinlə vizasız rejimə keçidini elan etdi, Çin investisiyaları ilə Qara dəniz sahilində Gürcüstanın ən böyük dəniz limanı Anaklia meqalayihəsinin həyata keçiriləcəyini bəyan etdi. Görünən odur ki, xüsusilə 2008-ci ildəki “5 günlük müharibə” və Rusiya-Ukrayna müharibəsi fonunda öz “dərslərini alan”, daha bir “Maydan hərəkatına imkan verməyəcəyik” deyən Gürcüstan dövlət rəsmiləri daha çox neytrallığını qoruyaraq, Rusiya və Çinlə əməkdaşlığı artıracaqlar. Lakin bu prosesin nəticələri, yəni dönüş nöqtəsi bu ilin oktybarında tam olaraq müəyyən olacaqdır. Belə ki, oktyabrda baş tutacaq seçkilərdə hakim “Gürcü arzusu” partiyası qələbə qazanarsa, bu, hakimiyyətin hazırki siyasətini davam etdirəcəyi, əksi baş verərsə, qanundan imtina ediləcəyi demək olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR