İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan torpaqları qaytarılır, Ermənistan dənizə çıxır - Azərbaycana təhlükə?

3266 12.07.2023 08:26 Siyasət A A

Rusiya separatçı əraziləri gürcülərə verir, əvəzində Moskva ilə Tiflis Abxaziya üzərindən Ermənistana yol çəkərək ona Qara dənizə çıxış qazandırır; politoloq: “Ortada ən ucuz həll variantı olduğu təqdirdə, mürəkkəb layihəyə getmək nonsensdir”

Gürcüstanın xanım prezidenti Salome Zurabaşvili bu günlərdə bəyan edib ki, Rusiya işğal olunmuş Gürcüstan torpaqlarından çəkilməlidir. Ekspertlərə görə, böyük ehtimalla Rusiya Ukrayna müharibəsindən salamat çıxa bilsə, qarşıdakı aylarda Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarında mütləq düzəliş etmək məcburiyyətində qalacaq, ən azı bunun yollarını axtaracaq. Abxaziyanın “tanınması” hələ heç nə demək deyil, heç bir beynəlxalq hüququ olmayan bir kağız parçasıdır. Gürcüstanın indiki hökuməti anlayır ki, onların ərazi bütövlüyünü Qərb “dimdiyində” gətirməyəcək. Rəsmi Tiflis ilin əvvəlində ölkənin birləşməsi (mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib.

Salome Zurabaşvili: “Rusiya işğalçı və düşmənimizdir” - Ayna.az

Baş nazir İrakli Qaribaşvili deyib ki, Abxaziyanın büdcəsi cəmi 200 milyon dollardır, tam dotasiya ilə dolanır. “Siyasətimiz sülhsevərdir, biz yaraları sağaltmaq istəyirik. Ölkəmizin birləşməsi halında biz Abxaziyaya ilk üç ildə təxminən 10 milyard dollar sərmayə qoya bilərik. Abxaziyanı ikinci Monakoya, Suxumi isə ikinci Monte Karloya çevirə bilərik” deyə, Gürcüstanın baş naziri söz verib. Yəni ehtimal edilir ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar da var. Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər. Mümkündür ki, Türkiyə də o danışıqlar masasındadır, ya da olacaq.

“Rusiya ilə Gürcüstan Abxaziya üzərindən Ermənistana yolun çəkilməsinə razılaşırlar. Ermənistan bu halda həm Rusiyaya, həm də Qara dənizə və Qərbə çıxış əldə edir, blokadadan çıxır. Rusiyanın Ermənistanla bağlılığı xeyli güclənir. Əvəzində isə Gürcüstan 2008-ci ildə itirdiyi Abxaziyanı və Cənubi Osetiyanı geri alaraq öz ərazi bütövlüyünü təmin edir. Zatən Qərb bu əraziləri Gürcüstana qaytarmağa nail ola bilmədi, Gürcüstanı heç NATO və AB-yə də qəbul etmədilər. Gürcüstanın daha Qərbdən umacağı yoxdur. Qərbin ən böyük zərbə qüvvəsi olan Saakaşvilini həbsdə elə-belə çürüdürlər? Postsovet məkanında hazırda Qərbin ən ardıcıl müttəfiqi Ukrayna ilə münasibətləri elə-belə pozurlar? Yox, bunlar səbəbsiz deyil. Rusiya iki separatçı bölgəni Gürcüstana qaytarmaqla Gürcüstan və Ermənistanı yenidən öz təsirinə qaytara bilər”. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində belə yazıb.

A.Quliyev bu məsələdə Azərbaycana təhlükə ola biləcəyini də deyir: “Rusiya iki separatçı bölgəni Gürcüstana qaytarmaqla Gürcüstan və Ermənistanı yenidən öz təsirinə qaytara bilər. Bu halda ortada qalmış Azərbaycanın Rusiyanın təsirlərinə daha həssas yanaşmaqdan başqa yolu çətin ki, qalsın. Gürcüstan eyhamlar vursa ki, biz iki bölgəmizi geri almaq naminə buna getməyə məcburuq. Gürcülər eyham vursa ki, ”Azərbaycan Ermənistanla döyüşərək torpaqlarını aldı, bizimsə Rusiya ilə vuruşmaq imkanımız olmadığı üçün bu yola getməyə məcburuq", kim nə deyəcək? Ortada çox təhlükəli bir planın konturları görünür".

Bu razılaşmalar mümkündürmü? Azərbaycan üçün hansı təhlükəli ssenarilər vəd edir? Ermənistan Qara dənizə və Qərbə Abxaziya üzərindən çıxış əldə edəcəyi halda bizimlə anlaşmaları poza bilərmi? Çünki hazırda İrəvanın Avropaya çıxışı Zəngəzur dəhlizinin açılması, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan asılıdır. Əgər Rusiya Abxaziyadan ona yol vermiş olarsa, bölgənin siyasi və strateji mənzərəsi dəyişə bilər. Eyni zamanda iki Cənubi Qafqaz ölkəsinin yenidən Rusiyanın orbitinə qayıtması təhlükəsi meydana gələ bilər ki, bu zaman Azərbaycanın da təzyiqlərlə üzləşməsi istisna deyil. Amma Paşinyan hökuməti bunun üçün Qərbdən tam üz döndərməlidir, Gürcüstanın indiki hakimiyyəti də strateji seçimini etməlidir. Rısmi Tiflis ərazilərinin qaytarılması müqabilində bu bazarlığa gedə bilər, Ermənistan da Türkiyədən asılı olmaqdansa, Abxaziya üzərindən getməyə üstünlük verə bilər, amma bu proseslər Ukrayna cəbhəsindəki nəticələrdən sonra dəqiqləşəcək.

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu məlumatların həyata keçəcəyinə inanmır: “Əvvəla, abzxazlar və osetinlər buna yol verməzlər. Onlarda millətçilik şüarları hələ də dəbdədir və Gürcüstanın tərkibinə qayıtmaq fikrində deyillər. Hətta bu plan baş tutsa belə, Rusiyanın strateji uduş əldə edəcəyini təxmin etmirəm. Gündəmdə Zəngəzur dəmir yolu xətti var, Bakı-Tiflis-Qars dəmir yolu xətti var, üstəlik də Rusiyanın ən çox diqqət yetirdiyi Şimal-Cənub dəmiryol və şosse yol xətləri var. Bu dediyimiz marşrut Rusiyanın strateji maraqlarını tam ödəyir, eləcə də Ermənistanı blokadadan çıxarıb həm Avropaya, həm Rusiyaya çıxış imkanı yaradır”. Q.Hüseynli hesab edir ki, ortada ən ucuz və ən səmərəli həll variantı olduğu təqdirdə, daha mürəkkəb, hətta reallaşması mümkünsüz görünən layihəyə getmək nonsens görünür: “Bu səbəbdən də belə fikirləri müəyyən dairələrin ortaya atdığını və piar kampaniyası olduğunu düşünürəm”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR