İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotoları: Gecəyarısı bu fanatların içindən canavar çıxsa...

1245 17.06.2026 20:13 Foto fakt A A

Zaman - bu gün. Məkan - ABŞ, Texas ştatı, Dallas şəhəri. Görüntüdə - ingilis futbol fanatları. Neçə gündür onlar bu haldadırlar: qurşaqdan yuxarı soyunub şəhərin küçələrinə düşüblər.

Dünyanın ən çılğın futbol fanatlarından olan ingilis azarkeşlər pivə içə-içə, mahnı oxuya-oxuya 23-cü futbol mundialı çərçivəsində bu gün keçiriləcək (Bakı vaxtı ilə saat 00.00-da) İngiltərə-Xorvatiya oyununu gözləyirlər.

fan.JPG (66 KB)

Onlarda adətdir: komandaları (istər milli, istər klub) dünyanın harasında oynayarsa, yığışar, toplu şəkildə həmin ölkəyə, şəhərə gedər və özlərini bu cür, ötkəm, qızğın, şən apararlar.

İndi Dallasda kef edən fanatlar da özlərindən əvvəlki həmvətənləri və həmtayları kimi hərəkət edirlər, oxuyur, oynayır, əylənirlər. İngiltərə millisi Xorvatiya üzərində qələbə qazansa, onlar bütün gecə boyu əyləncələrini davam etdirəcəklər. Amma Xorvatiya İngiltərəni məğlubiyyətə uğratsa...

tfan.JPG (45 KB)

Bax, əsl konsert onda başlayacaq. Bu, hələlik heç kəsə toxunmayan, eləcə, pivə içə-içə oxuyub-oynayan azarkeşlərin içindən canavar çıxacaq. Onlar qarşılarına çıxan xorvat azarkeşlərə cumacaq, binalara, avtomobillərə, məsum insanlara xəsarət yetirəcək, futbol xuliqanlığının nə demək olduğunu Dallas sakinlərinə əyani şəkildə göstərəcək, Dallas polislərin girinc edəcəklər.

Bu da onlarda adətdəndir. İndiyədək dünyanın bir xeyli şəhərində belə əməllər törədiblər, hətta bəzən qətllərə də səbəb olublar, ya kimisə öldürüblər, ya da yerli sakinlər bunlardan kimisə öldürüb.

ingilis.JPG (41 KB)

Ona görə də hazırda Dallasın isti küçələrində soyunub oynayan fanatların neçəsinin səhəri şəhərin təcridxanalarında açacağı bəlli deyil. Hətta ola bilər ki, onlardan bəziləri Dallasın hüquq-mühafizə orqanları tərəfindən deportasiya ediləcəklər və onlar sabah bu vaxt Böyük Britaniyaya uçan təyyarədə olacaqlar.

Futbol gözəl oyundur, idman yarışmalarının şahıdır. Qızğın azarkeşlik də normaldır və futbolun yaraşığıdır. Amma ingilislərin futbol fanatlığı və italyanları tiffoziliyi əndazəli çılğınlıqla kütləvi dəliliyin arasında bir yerdədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR