İnsanlara hürriyət, millətlərə istiqlal!

“Güllə o saraydan atılıb, biz Türkiyənin yolu ilə getsək…” - Deputat SENSASİON FAKTLARI açıqladı

3514 23.01.2024 21:54 Siyasət A A

“Bu gün bir sıra Qərb siyasi dairələrindən – ABŞ Dövlət Departamenti, Konqres, Fransa Senatı, Fransanın icra strukturları, eyni zamanda Avropa Parlamentindən anti-Azərbaycan addımlar görürük. Bunlar hamısı bir sinxron şəklindədir. Onlar Azərbaycanı hədəfə alıblar və ölkəmizlə təzyiq dilində danışırlar”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

elman.jpg (79 KB)

Millət vəkili Qərbin Azərbaycana qarşı qərəzli mövqeyinin fundamental səbəbindən danışıb:

“Fundamental səbəb odur ki, Azərbaycan onların sifariş verdiyi mahnını ifa etmir. Bu mahnı o idi ki, siz öz torpaqlarınızı hərbi yolla almayın, siyasi danışıqlar yolunu seçin və Qərbin müəyyən etdiyi məlum xətt üzrə gedin, müstəqil siyasət yürütməyin. Bunu etməsəniz, məsuliyyət sizin üzərinizdə qalacaq və biz təsir mexanizmlərimizi işə salacağıq. Onlar dediklərini edirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil siyasət həyata keçirir, bu çətin, şərəfli yolda milli maraqlara söykənən siyasət həyata keçirir, bu siyasət isə Qərbin müəyyən etdiyi xətlə ziddiyyət təşkil edir.

İLHAM ESGER.jpg (246 KB)

İndi müxtəlif bəhanələr gətirirlər. Bəhanələr də odur ki, guya biz AŞPA-nı müşahidəçi kimi seçki kampaniyasına dəvət etməmişik. Onlar öncədən bizə məlumat göndərdilər ki, Avropa parlamentariləri müşahidəçi olmayacaqlar. Biz dəfələrlə görmüşük ki, Avropa Parlamenti və AŞPA bir çox hallarda sinxron anti-Azərbaycan fəaliyyəti göstərir. Avropa Parlamenti Ermənistanı necə müdafiə edirsə, AŞPA da eyni səviyyədə müdafiə edir. Avropa Parlamenti Azərbaycanı hansı səviyyədə ittiham edirsə, AŞPA da ona qoşulur. Avropa Parlamenti seçkilərə müşahidəçi göndərmir, belə olan vəziyyətdə biz AŞPA-dan da eyni davranışı gözləyirik. Bilirsiniz, bu, nəyə oxşayır? Türkiyə 60 ildir ki, Avropa İttifaqına üzv olmaq istəyir, amma onu qəbul etmirlər. Biz bu həqiqəti bilib indi Avropa İttifaqına girməklə bağlı məsələni niyə gündəmə gətirməliyik? Məgər bilmirik ki, bizi eyni aqibət gözləyəcək? O baxımdan Avropa Parlamenti gəlmirsə, biz hansı əsasla AŞPA-nın gələcəyinə ümid bəsləməliyik? Bu gün onların yuxularına haram qatılıb ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam, qəti və əbədi təmin edib”.

Elman Nəsirovun sözlərinə görə, indi də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Azərbaycanı ittiham edir ki, guya biz Ermənistan ərazisini işğal etmişik, biz Zəngəzur dəhlizindən danışanda əslində Ermənistanın ərazisini zəbt etmək istəyirik və s.:

“Bütün bunların fonunda biz hansı addımı atmalıyıq? Hesab edirəm ki, indiki vəziyyətdə baş verə biləcək diplomatik gərginliyə görə məsuliyyət AŞPA-nın üzərinə düşəcək. Eyni zamanda Avropa Parlamentinin, Avropa İttifaqının üzərinə düşəcək. Azərbaycan bu halda heç bir məsuliyyət daşımır. Biz heç bir dövlətin daxili işlərinə qarışmırıq, heç kim də bizim daxili işlərimizə qarışa bilməz. Avropa parlamentariləri, AŞPA təmsilçiləri Cənubi Qafqazın xəritəsini qarşılarına qoysunlar, görsünlər ki, biz hansı coğrafiyada yerləşirik. Bu coğrafiyada Azərbaycanla təhdid dilində danışanda fikirləşsinlər ki, nələr ola bilər. Nəzərə alsınlar ki, onların Rusiya və İranla faktiki düşmənçilik münasibətləri var. Belə olan vəziyyətdə Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycanla münasibətləri korlamağa dəyərmi?”

İTTİFAQ.jpg (58 KB)

“Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandıra bilərmi?” sualına millət vəkili belə cavab verib:

“Biz istəyirik ki, AŞPA, Avropa Parlamenti ilə normal münasibətlərimizi qoruyub saxlayaq. Biz bunda maraqlıyıq, amma eyni zamanda onlara yalvarası da deyilik ki, xahiş edirik, bizi tərkibinizdə saxlayın, bizi səsvermə hüququndan məhrum etməyin. Biz bərabərhüquqlu münasibətlərin tərəfdarıyıq və o münasibətlərə hörmətlə yanaşırıq. Heç kim bizimlə təhdid və təzyiq dili ilə danışa bilməz, biz buna imkan vermərik. Azərbaycan özünə hörmət edən dövlətdir. Hesab edirəm ki, AŞPA və Avropa Parlamenti anti-Azərbaycan addımlarına görə məsuliyyət daşımalıdır və bilməlidir ki, Cənubi Qafqazın lider dövləti ilə münasibətlərin korlanması həm rəsmi Brüsselin regional maraqlarına dabandabana ziddir, həm də onların Cənubi Qafqazla bağlı siyasətlərinin reallaşması yolunda çox ciddi əngəllər formalaşdıra bilər. Azərbaycanla münasibətləri gərginləşdirmək onların münasibətlərinin olmadığı və hətta əlaqələrinin düşmənçilik səviyyəsində olduğu ölkələrin maraqlarına nə dərəcədə cavab verəcək sualına da cavab tapsınlar. Azərbaycanı məcbur etməsinlər ki, xarici siyasət prioritetlərində bir sıra köklü dəyişikliklər etsin. Bu baş verərsə, bütün məsuliyyət qarşı tərəflərin üzərinə düşəcək”.

ASPA.jpg (129 KB)

Elman Nəsirov hesab edir ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycanla bağlı qərar vermə ehtimalı kifayət qədər böyükdür:

“Çünki bu, planlaşdırılmış aksiyadır. Hesab edirəm ki, burada dirijor çubuğu Yelisey sarayında əyləşib və oradan tapşırıqlar gəlir. Təəssüf hissi ilə qeyd edirəm ki, Almaniya Fransanın bu siyasi hoqqabazlığının iştirakçısına çevrilməkdədir. Fransa öz addımlarını Almaniya deputatının əli ilə həyata keçirir. Ancaq toplananların yerini dəyişəndə cəm dəyişmir. Biz fərqindəyik ki, güllə Parisdən atılıb. Sadəcə, təəssüf hissi ilə qeyd edirəm ki, Avropa İttifaqının lokomotiv dövləti olan Almaniya Fransanın əlində bir alətə çevrilmək tendensiyasını büruzə verir və bu, çox acınacaqlıdır. İqtisadi güc Almaniya Fransanın əlində alətəmi çevrilib?

MAKİ.jpg (78 KB)

Hesab edirəm ki, bu sual düşündürücüdür. Görünür ki, bu, Almaniya siyasi liderinin zəifliyi ucbatındandır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün Almaniyaya nə Helmut Kol, nə də Angela Merkel rəhbərlik edir.

Heç şübhəsiz ki, Monitorinq Komitəsi qərar qəbul edərsə, bu, Azərbaycanın AŞPA ilə münasibətlərinə yenidən baxması məsələsini gündəmə gətirə bilər. Belə olan vəziyyətdə biz AŞPA-ya yalvarası deyilik ki, onlar bizimlə münasibətlərini yüksək səviyyədə saxlasınlar. 1949-cu ildə yaradılan Avropa Şurasının əsas vəzifəsi Avropa qitəsində hər bir vətəndaşın hüquqlarının müdafiəsi ilə bağlı olmuşdu. Amma təəssüf ki, nəinki hər bir vətəndaşın, 1 milyondan çox məcburi köçkün və qaçqınımızın total hüquqlarının Ermənistan tərəfindən pozulmasına göz yumdu. 30 il ərzində bir dəfə də olsun Ermənistana qarşı təzyiq metodlarından istifadə etmədi, iqtisadi sanksiyalarını işə salmadı. İndi isə haqq-ədalətdən danışır. Ona görə də düşünürəm ki, bu kimi addımlar onsuz da nüfuzu xeyli dərəcədə aşağı düşmüş, zəifləmiş AŞPA-nın imicini bir qədər də aşağı salacaq. Məlum olacaq ki, AŞPA-dakı deputatlar özlərinin Avropa Parlamentindəki “həmkarları” kimi eyni yol seçiblər. Çünki Avropa Parlamenti və korrupsiya artıq sinonimləşmiş sözlər kimi qavranılır. Avropa Parlamenti ən yüksək səviyyədə - vitse-prezidentlər səviyyəsində rüşvət və korrupsiya halları ilə dünyada məşhurdur. Təəssüf hissi ilə qeyd etmək olar ki, AŞPA da eyni yolu seçən kimi görünür. Hesab edirəm ki, AŞPA-nın atacağı belə bir addım nəticə etibarilə Azərbaycan-Avropa Şurası münasibətlərinə çox qəliz bir zərbə endirəcək. Məsuliyyət də AŞPA-nın üzərinə düşəcək. Fikrimcə, AŞPA ilə gərgin münasibətlərdə, düşmənçilik əlaqələrində olan dövlətlər bu vəziyyətdən faydalana bilərlər. Hesab edirəm ki, bu, heç bir halda rəsmi Brüsselin maraqlarına xidmət etməyəcək”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR