İnsanlara hürriyət, millətlərə istiqlal!

Gül-çiçəksiz məktəb- birincilərin arasında onların da övladı var FOTO

1809 15.09.2022 18:54 Sosial A A

 

Bu gün 15 Sentyabr, Bilik Günüdür... Birincilərin sərbəst həyata ilk addım atdıqları gündür. Ancaq eyni zamanda erməni təxribatı nəticəsində bu günlərdə 71 şəhid verdik və təbii ki, bu ab-hava ilə təntənəli heç bir tədbiri keçirmək olmaz, keçirə bilmərik.  “Bilik Günü” də təntənəli olmadı. Məktəblər gül-çiçəklə bəzənmədi, ilk zəngin əks sədaları eşidilmədi...  

Bütün bunlara baxmayaraq, o da həqiqətdir ki, bu gün birincilər üçün əvəzolunmaz bir gündür. Musavat.com xəbər verir ki, birinci sinfə gedənlər arasında tanınmışların övladları da var.

Belə ki, birinci sinfə gedənlər arasında “Yeni Müsavat” Media Qrupunun iki əməkdaşının övladı da var. Jurnalist Emil Salamoğlunun qızı Emiliya birinci sinfə qədəm qoyur.

61eca5e7-a4c2-4228-8a40-7cca1032c0dc.jpg (305 KB)

Onun sözlərinə görə, bu il hər bir təhsil ocağında olduğu kimi övladının da təhsil alacağı məktəbdə "Bilik günü" bayram ab-havasında qeyd olunmayıb: "Sərhəddə erməni təxribatları nəticəsində şəhid olan hərbçilərimizə ehtiram olaraq, xüsusi bər-bəzəkli tədbir olmadı. Bu da düzgün addım idi. Düzdür, üçüncü ildir ki, 1-ci siniflər "Bilik günü"nü istədiyi kimi qeyd edə bilmir. Buna qədər də pandemiya üzündən məhdudiyyətlər olmuşdu, ancaq bu dəfə müstəsna səbəb var. Ona görə məktəbin direktoru şəhidlərimiz haqda qısa çıxış etdi, bir-iki şagird vətən haqda şeirlər söylədi və ardınca dərslər başladı. Allah əsgərlərimizi qorusun, onlar bizim övladlarımızın təhlükəsiz şəraitdə təhsil alması üçün bu gün düşmənlə üz-üzə dayanıblar, vətənimizi qoruyurlar".

“Yeni Müsavat”-ın digər əməkdaşı İlkin Muradovun qızı Fərəh də məktəbə ilk addımlarını atır. Jurnalist  öz sosial media hesabında qızını belə təbrik edib: “Bu gün Fərəh sultanım da birinci sinfə başladı. Hər yerdə olduğu kimi Avropa Liseyində də əyləncəli tədbir ləğv edilmişdi, gül dəstəsi gətirən də yox idi. Çıxışlarda, böyüklərin üzündə kədər var idi. Azərbaycan himni səsləndiriləndə isə daha kədərli bir sükut var idi…

ilkinin qizi.jpg (85 KB)

Səmimi deyim ki, qızımın birinci sinfə getməsi ilə bağlı paylaşım etmək istəmirdim. Amma məktəbdəki mühit, valideynlərin davranışı məni təsirləndirdi.

Allah şəhidlərimizə rəhmət eləsin. Bəlkə onlardan biri də övladını məktəbə aparacaqdı, amma… həmin arzular da bu cümlələr kimi yarımçıq qaldı. Arzum budur ki, böyütdüyümüz övladlar bu vətən uğrunda şəhid olanlara layiqli həmvətən olsunlar. Kimlərin izi ilə getdiklərini unutmasınlar”.

hebibe.jpg (47 KB)

AFN.az saytının baş redaktoru Həbibə Abdullanın qızı Şəms də birinci sinfə qədəm qoyur: “Gözəl qızım, bu gün sən 1-ci sinfə qədəm qoyursan. Amma təmtəraqsız... Nə yazıq ki, əlamətdar bir günü şəhid övladları olan qardaş-bacılarınızın kədərini bölüşmək məcburiyyətində qoymuşuq sizləri! Əzizim, sənə söz də verə bilmirəm ki, məzun gününü təmtəraqla qeyd edəcəyik. Acizəm... Niyəsini böyüdükcə anlayacaqsan. Yolun açıq, zehnin iti, üzün daim gülər olsun! Böyük Azərbaycanın azad vətəndaşı olmanı arzulayıram sənə! Amma ən böyük arzum sizlərə müharibəsiz həyatdır!”

teymur m'rdano]lu.jpg (394 KB)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun qızı da birincilər sırasındadır: “Arxamızda üç rəngli bayrağımız "Qarabağ Azərbaycandır"deyib, ilk dərsimizə başladıq”, -deyə o bildirib.

Seide Shefiyeva.jpg (313 KB)

Məktəbə ilk addımlarını atanlar arasında Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın da qızı var: “İlk dərs ilin uğurlu olsun, mənim gözəl qızım. Ailənə, Vətəninə layiqli övlad olmağını diləyirəm. Uşaqlarımızın sülh, əmin-amanlıq içində böyüməsi üçün canından keçən igid oğullarımızın ruhu qarşısında baş əyirik! Tanrı ordumuzu, xalqımızı, Vətənimizi qorusun!”

elnur m'd'to]lu.jpg (175 KB)

Birincilər içində Azərbaycan Dövlət və Neft Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin əməkdaşı Elnur Mədətoğlunun qızı da var: “Bu gün 1-ci sinfə başladıq. Qızımdan çox mən həyəcanlı idim.  Bilmirəm 6 il bir göz qırpımında necə keçdi, amma arada düşünürəm ki, adam elə övladı ilə böyüyüb, onunla hər anı yaşayıb bütün gözəllikləri övladının gözü ilə görsəydi həyat daha şirin olardı.  Yolun açıq olsun ağıllı balam,  Allah sənə zehin açıqlığı versin, ürək qızım”.

Gunel Aslanova.jpg (228 KB)

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovun əkiz qızları Aylin və Ayan məktəbə ilk qədəm qoyur:

"Aylinim və Ayanım bu il məktəbə qədəm qoyurlar! Bütün birinciləri təbrik edirəm. Bu gün sevincli olduğumuz qədər həm də kədərliyik.. Övladlarımıza, şəhid balalarına, bütün uşaqlara müharibəsiz dünyada yaşamağı, sülh və əmin-amanlıq içərisində böyümələrini arzulayıram!"

Afaq MİRAYİQ,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR