Mətbuatın, sosial şəbəkənin-filanın ara qarışdırmasına, fitnə-fəsadına baxmayaraq xalq artisti Ağadadaş müəllimlə “Medera” hospitalının gözətçisi Nurəddin müəllim barışdılar. Hətta barışıq aktı notariusda qeydə alındı, barışıq skameykasına oturub döyüş baltasını basdırdılar, sülh qəlyanı püləyib bütün dünyadakı bədxahlarına acıq verdilər.
İndi qalır bir-iki texniki məsələ. İlk növbədə, məhkəmə hakimi ilə barışmaq üçün üsullar tapılmalıdır, yoxsa belə olmaz. Camaat iş-gücünü atıb, nə qədər qovluq toplayıb, cinayətləri araşdırıb... Hərə elə məhkəmə qapısı görən kimi barışsa, hakimlər işsizlikdən ac qalıb ölər. Barışıqla bala saxlamaq olmur.
İkincisi, barışıq müqaviləsinin təntənəli imzalanması mərasiminə toplaşan jurnalistlərə açıqlamasında Ağadadaş müəllim yenə günahı qarşı tərəfə yüklədi. Sanki havada uçuşan tomaqavkları (bu, raket deyil, hindularda həqiqətən baltanın adıdır) xalq artisti yox, həmin yazıq xəstəxana xadiməsi və qarovulçu özü atırmış. Belə çıxır yenə “günah öləndədir” paradiqması (savadlı çıxsın deyə yazdım, heç mənasını bilmirəm) qalib gələcəkdir. Nəinki qarovulçudan, heç zənən xadimədən də üzr istəmədi. Tipik xalq artisti tərbiyəsidir, nə deyə bilərik. Hamısı bu cürdür.
Həm də bu kimi qaranlıq, mübahisəli mövqelər qaldığı üçün yaxşı olar məhkəmə uzunmüddətli sülh müqaviləsini təsdiqləyərkən Ağadadaş müəllimlə Nurəddin müəllim və xadimə, o cümlədən sözügedən hospital arasında sərhəd xəttinin dəqiqləşdirilməsi, demarkasiya, delimitasiya və demilitarizasiyasına ciddi yanaşsın. Əks halda, yenə sərhəd toqquşmaları qaçılmazdır: Ağadadaş müəllimin orada xeyir-şər evi var, maşın dayanacağı mübahisəlidir və sairə. Yəni ərazidə anklav və eksklavlar çoxdur.
Məhkəmə Ağadadaş müəllimə balta daşımağı qadağan edəcəkmi, Nurəddin müəllim güləş fəndlərindən gələcəkdə özünümüdafiə və özünühücum (təzə termindir, indi qayırdım) məqsədilə yararlana bilərmi, xadimə hospitalın dəhlizlərini siləndə zirehli geyimlə təchiz olunmalıdırmı, ümumiyyətlə, hospitala balta ilə neçə metr yaxınlaşmaq mümkün olacaq - bu kimi detallar sülh müqaviləsində həkk edilməlidir.
Yeri gəlmişkən, barışıq aksiyası zamanı bir kültür hadisəsi tamaşaçıların diqqətindən yayınmadı: Nurəddin müəllim bildirdi ki, ailəlikcə Ağadadaş müəllimin ifa etdiyi “Yarı səndə, yarı məndə” mahnısını xoşlayırlar. Hətta vəkil və jurnalist aman versə qarovulçu mahnını zümzümə etməyə hazır idi.
Hesab edirəm ki, bu, Ağadadaş müəllimin mahnısını oğurlamaq cəhdi idi və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bütün dünya-aləm, YUNESKO-nun mədəni irs üzrə müəlliflik agentliyi, o cümlədən Qafqaz toyxanaları həmin mahnının müəllifi olaraq Ağadadaş müəllimi tanıyır.
Qarovulçunun Ağadadaş müəllimi yaxşı tanıdığını, pərəstişkarı olmasını deməyi başqa suallar da doğurur. Çünki biz onun xalq artistini necə amansızlıqla təpiklədiyini də görmüşük axı!
Əgər bu xalq pərəstiş elədiyi, sevdiyi sənətkarı belə ayaqlayırsa, gör sevmədiyinə nə edər. Vallah, Azərbaycanda mədəniyyət və incəsənətlə məşğulat eləmək istəyənlər gündə pirə gedib nəzir versinlər, boyunlarından da dağdağan çubuğu və danadişi nəcisinin qurusunu assınlar, çünki çox təhlükəli peşə seçmişlər. Azərbaycan xalqı bəyəndiyi artisti də döyür, bəyənmədiyini də. Bəyəndiyi musiqiçiyə “köpəyoğlu yaman çalır” deyir, bəyənmədiyinə də “köpəyoğlu kimi çalır” deyir. Əxlaqsız yarlıkıyla damğaladıqları manıslara sonra on minlərlə manat verib əziz övladlarının toy mərasimlərində oxudurlar.
Bütün hallarda yazını xoş ovqatla bitirirəm, çünki Qafqazda bir münaqişə ocağı aradan qalxmaq, sönmək üzrədir.