İki aya yaxındır səhhəti ilə bağlı xəstəxanada müalicə alan tanınmış siyasətçi, Ədalət Partiyasının sədri İlyas İsmayılovun ilk dəfə fotoları yayılıb.
Musavat.com xəbər verir ki, bu fotoları tanınmış jurnalist Heydər Oğuz sosial media hesabında paylaşaraq, İsmayılovla arasında keçən maraqlı söhbətlərdən bəhs edib.
Heydər Oğuz paylaşımında qeyd edir ki, İlyas İsmayılov sağ dizində yaranan ağrılar səbəbilə xəstəxanada müalicə alsa da, digər orqanları ilə bağlı heç bir problemi yoxdur. Ziyarəti zamanı onların arasında siyasət, partiyanın gələcəyi və həyatın ümumi prinsipləri ilə bağlı maraqlı dialoqlar baş tutub.
İlyas İsmayılovun tövsiyəsi: “Lax yumurtalara inanma”
Heydər Oğuzun paylaşımında diqqət çəkən məqam İlyas İsmayılovun həyat təcrübəsindən çıxardığı bir məsləhəti olub:
“Sən ağıllı adamsan, vaxtını lax yumurtalara sərf etmə. Bütün yumurtalar salamat çıxmaz. Təbii ki, içərisindən lax çıxanlar da olacaq. Amma onların təhlükəliliyi lax olduqları anlaşılana qədərdir. Hər şey yoluna düşəcək".
İlyas İsmayılov bu sözlərlə cəmiyyətdəki mənfi tendensiyalara işarə edərək, gənc nəsilə daha böyük işlərə fokuslanmağı tövsiyə edib.
Söhbət əsnasında İlyas İsmayılov Heydər Oğuza partiyaya qayıtması ilə bağlı təklif irəli sürüb. Heydər Oğuz isə bu təklifi belə cavablandırıb:
“Partiyaya qayıdaram, amma yalnız sizin sədr olduğunuz şəraitdə. Mən sizin rəhbərliyinizdə fəaliyyət göstərmək istəyərəm".
İlyas İsmayılov bu təklifi böyük məsuliyyət kimi qəbul etdiyini bildirib və partiyada tezliklə yenidən fəallığını bərpa edəcəyinə dair ümidlərini ifadə edib.
Heydər Oğuzun sosial mediadakı bu paylaşımı izləyicilər arasında böyük maraq doğurub. Musavat.com onun ziyarəti əsnasında çəkilən fotoları oxucularına təüdim edir.
Musavat.com