İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gərginliyin artması hər iki ölkənin maraqlarına ziddir” - politoloqdan İran-Azərbaycan münasibətlərinə baxış

420 12.09.2023 11:51 Siyasət A A

Elxan Şahinoğlu: “İran indiki həssas məqamda öz generallarını Bakıya Qərbi Zəngəzura görə göndərib, nəbzimizi yoxlayırlar”

İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. “Yeni Müsavat” APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi “seçkilər” barədə suala cavabında deyib.

“İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və bu bölgənin sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən edilməli və təmin edilməlidir. Bu bizim aydın mövqeyimizdir. Biz hər zaman ölkələrin ərazi bütövlüyü, milli suverenliyinə hörmətlə yanaşmağın və hər hansı gərginlik yaradan hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayırıq”, - Kənani qeyd edib.

XİN rəsmisi əlavə edib ki, ölkəsi beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.

Hər halda, Tehranın Qarabağ separatçılarının “seçki” tamaşasını pisləməsi təqdirolunan addımdır. Münasibətlərin dünəninə baxsaq, İran TIR-larının Ermənistan nömrə-nişanları ilə separatçılara yardım, yanacaq daşıması ilə müqayisədə irəliyə doğru çox müsbət yolun qət edildiyini söyləmək olar. Ümid edək ki, bu siyasət Tehrandakı Azərbaycan səfirliyinə və millət vəkilimizə qarşı terror törədənlərə münasibətdə ədalətli qərarın verilməsinə də gətirib çıxaracaq.

Qeyd edək ki, sentyabrın 9-da Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilib. İclasda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyəti sentyabrın 10-da Hərbi Qənimətlər Parkına baş çəkərək Vətən müharibəsində Azərbaycanın düşməndən qənimət götürdüyü texnika ilə tanış olub. Sonra hərbi heyət açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla yaxından tanış olaraq müxtəlif xatirə fotoları çəkdiriblər.

Bu toplantı Bakı ilə Tehran arasındakı gərginliklərin səngiməsi baxımından faydalı hesab olunur. Xatırladaq ki, bir neçə gün əvvəl İranın Azərbaycanla sərhəd bölgələrə hərbi texnika və canlı qüvvə topladığı barədə məlumatlar, videokadrlar yayılmışdı. Lakin Bakıya gələn heyətin rəhbərliyi sözügedən məlumatı təkzib etdi. İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır. Bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib. M.Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir: “Nümayəndə heyəti iclasdan əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.

Şübhəsiz ki, Ermənistan və onun havadarları Azərbaycanı İranla üz-üzə qoymaq üçün hər cür fitnə-felə əl atır. Dəfələrlə eyni cəhdlərə Bakı ilə Moskva arasında gərginliyin tətiklənməsindən ötrü əl atılıb, ancaq İrəvan məqsədinə çatmayıb, hətta özü Rusiyanı qəzəbləndirən hərəkələrə yol verib. Düzdür, bir sıra hallarda Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” sayan İran rəsmi dairələri də ermənilərin təsiri altında Azərbaycanla münasibətləri gərginləşdirəməyə meyillənirlər. Rəsmi Bakı bir qayda olaraq bütün qonşuları ilə normal münasibətlər qurmaq siyasətinə üstünlük verir. Təsadüfi deyil ki, 8 sentyabrda Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılıb. Göründüyü kimi, Azərbaycan İranla yolların qapanmasında deyil, daha işlək olmasında maraqlıdır. Ancaq dövlətimiz eyni zamanda milli və dövlət maraqlarından da zərrə qədər geri çəkilməyəcəyini dəfələrlə bəyan edib. Bu mənada İranla münasibətlərimizdə prioritet sayılan məsələlər var. Bəzi ekspertlər İranla münasibətlərdə sərt ritorikanın saxlanmasını, digərləri isə Ermənistanı sevindirə biləcək hərəkətlərə yol verilməməsini zəruri sayırlar. İndiki durumda necə davranmalıyıq: İranla döyüşək, yoxsa...

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-İran münasibətlərində sualların sayı azalmayıb: “Buna baxmayaraq, gərginliyin artması hər iki ölkənin maraqlarına ziddir. Ermənistanla müharibə şəraitində olduğumuzdan düşmən ölkə Azərbaycan-İran münasibətlərinin daha çox gərginləşməsində maraqlıdır. Ona görə də "İran Azərbaycanla sərhəddə qoşun toplayıb" xəbərinin haradan qaynaqlanması mənim üçün maraqlıdır. İstisna etmirəm ki, bu erməni dezinformasiya mərkəzinin Azərbaycanın informasiya məkanına atdığı xəbərlər silsiləsindəndir. Ancaq əgər bu dezinformsiyadırsa, bunu birinci İran rəsmi strukturları təkzib etməli idi. Təkzib etməyiblərsə və ya gec təkzib ediblərsə, demək, Tehran bu xəbərin bir müddət yayılmasında maraqlı olub. Məqsədləri öz məntiqlərinə görə, bu yolla Azərbaycanı Qərbi Zəngəzurla bağlı planlardan çəkindirməkdir".

E.Şahinoğlu qeyd etdi ki, İrandakı strukturlar hələ də Zəngəzur məsələsini hallandırmaqda davam edirlər: “Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir və bu, heç bir ölkənin, o cümlədən İranın maraqlarına zidd deyil. Ancaq Tehranda bunu belə qəbul edirlər ki, yol açılsa, guya İran-Ermənistan sərhədi bloklanacaq və bu istiqamətdə yük daşına bilməyəcək. Yanlış məntiqdir. Azərbaycanın Qərbi Zəngəzuru ələ keçirmək kimi planı yoxdur. Ancaq orası da var ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina edərsə, Azərbaycan da Qərbi Zəngəzuru Ermənistan ərazisi kimi tanımayacaq. Ona görə də Tehran bu məsələdə Azərbaycanı hədələməkdənsə, Ermənistanı ağıllandırmalıdır ki, bu ölkə Qarabağ daxil, Azərbaycanın ərazi bötüvlüyünü tanısın və bu əsasda sülh sazişi imzalansın, əks halda, bölgədə müharibə ehtimalı azalmayacaq”. “Atlas” rəhbəri bir məqama da xüsusi diqqət çəkdi: “Tehran anlamalıdır ki, Azərbaycanı hədələdikcə, qarşısında bizimlə yanaşı Türkiyəni də görəcək. Ankara İranla münasibətləri gərginləşdirmək istəmir. Türkiyə ilə hərtərəfli əməkdaşlıq Qərbin sərt sanksiyaları altında olan İranın da maraqlarına xidmət edir. Ancaq Ankara Tehranın anti-Azərbaycan siyasətinə seyrçi qalmayacaq. Tehranda bilməlidirlər ki, Azərbaycana qarşı təxribat edərlərsə, Türkiyə müdaxilə edəcək. Bu haqda Türkiyənin xarici işlər naziri Hakan Fidanın da konkret açıqlaması olub. Tehran Azərbaycanla Türkiyə arasında mövcud olan "Şuşa Bəyannaməsini" də unutmasın. Tehran bölgədəki problemlərin 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, İran, Rusiya) formatında həllinə üstünlük verir. Bunu İran prezidenti İbrahim Rəisi son telefon danışığında Ermənistanın baş naziri Nikol Paşinyana da xatırladıb. Azərbaycan bu təşəbbüsü ilk gündən dəstəkləyib. Bu təşəbbüsün əleyhinə çıxan elə Ermənistandır. Bu məsələdə də Tehranın sözü varsa, Ermənistan hakimiyyətinə ünvanlamalıdır. Digər tərəfdən, Ermənistanda ABŞ-la birgə hərbi təlimlər başlayıb. Amerika İranın başlıca düşmənidir. İbrahim Rəisi Nikol Paşinyanla son telefon söhbətində yumşaq şəkildə bununla bağlı ona xatırlatma edib. Halbuki Tehran daha sərt formada İrəvana xəbərdarlıq edə bilərdi. Misal üçün, Rusiyanın reaksiyasi daha sərtdir. İran rəsmiləri Azərbaycanın İsraillə əməkdaşlığına qarşı yüzlərlə açıqlama veriblər. Halbuki, Azərbaycan-İsrail tərəfdaşlığı İrana qarşı yönəlməyib. Bəs niyə İran rəsmiləri Ermənistan-ABŞ hərbi əməkdaşlığına dair etiraz bildirmirlər? Bu da bizdə Tehranın siyasəti ilə bağlı haqlı suallar yaradır".

Politoloq bildirdi ki, müdafiə naziri Zakir Həsənov bir neçə gün əvvəl Bakıda Azərbaycan-İran Birgə Komissiyanın ölkəmizə səfər edən heyətini qəbul etdi: “General Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran silahlı qüvvələrinin nümayəndə heyəti Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Onlar hətta Azərbaycanın Ermənistan üzərindəki qələbəsini tərənnüm etdirən Hərbi Qənimətlər Parkında da olublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yayımladığı xəbərdə bir cümlə diqqətimi cəlb etdi: “Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə edib”. Bu xəbərdə yayıldığı kimi, İran silahlı qüvvələrinin generalları Ermənistanın təxribatçı fəaliyyətindən narazıdırlarsa, Azərbaycanla sərhəddə gərgliyin yaradılmasında maraqlı olmamalıdırlar. İran Azərbaycanın Qərbi Zəngəzurla bağlı planlarından narahat olduğunu gizlətmir. Tehranda düşünürlər ki, Azərbaycanla Ermənistan arasında növbəti müharibə başlayarsa, Azərbaycan hərbi birlikləri Xankəndi və ətrafı ilə yanaşı, Qərbi Zəngəzura da daxil olacaq və bununla İran-Ermənistan sərhədi Azərbaycanın nəzarətinə keçəcək. Tehran hadisələrin bu istiqamətdə inkişafını istəmirsə, Azərbaycana deyil, Ermənistana təzyiq etməlidir ki, baş nazir Nikol Paşinyan Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyünü tanısın. İran indiki həssas məqamda öz generallarını Bakıya Qərbi Zəngəzura görə göndərib, nəbzimizi yoxlayırlar".

İstisna deyil ki, İran generallarının Hərbi Qənimətlər Parkını ziyarəti ABŞ-la birgə hərbi təlimlərə başlayan Ermənistana şifrəli mesajdır. Etiraf edək ki, kifayət qədər ciddi addımdır və Ermənistan bu faktı görməzdən gələ bilməz. Söhbət Bakıda sərgilənən erməni tanklarından, digər silah-sursatdan gedir...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR