İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncləri xarici qüvvələrin təsirindən necə qoruyaq? - rəylər

352 14.09.2023 08:27 Siyasət A A

Hikmət Babaoğlu: “Onların mənfi təsir altına düşməsinin əsas səbəbi siyasi baxımdan yetkin olmaması ilə əlaqədardır”

Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir. Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Fidan Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu hadisə bir daha Azərbaycan gənclərinin ayıq-sayıq olmasının  vacibliyini gündəmə gətirib. Düşmən informasiya əldə etmək üçün bütün vasitələrə əl atmaqdan çəkinmir. 44 günlük Vətən müharibəsindən, antiterror əməliyyatlarından sonra hər fürsətdən yararlanmağa çalışır. Bunun üçün ən əlverişli platforma sosial şəbəkələrdir. Burada dünyagörüşü, savadı müxtəlif olan 10 minlərlə gənc var ki, onları asanlıqla hədəf seçib istifadə etmək olar. Təsadüfi deyil, güc strukturları, təhlükəsizlik xidmətləri mütəmadi xəbərdarlıq edir, hər kəsi ehtiyatlı olmağa çağırır. Görünən odur ki, nə qədər diqqətli olmaq tələb olunsa da, boşluğa düşənlər tapılır, Fidan Əliyeva kimi...

Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə hədəfə almaq düz deyil

Hikmət Babaoğlu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu “Yeni Müsavat” a bildirdi ki, gənc nəsil milli genofonddur. O qeyd etdi ki, Azərbaycan gəncliyi milli maraqlar üçün bütün istiqamətlər üzrə mübarizə aparır: “Biz Azərbaycan gəncliyinin əzmini 2022-ci ilin dekabrında başlayan aksiyada aydın gördük. Təəssüf ki, ekofəallar arasında bilərəkdən, yaxud bilməyərəkdən bəzi xarici ölkələrin xarici kəşfiyyat dairəsinin maraq dairəsinə düşdüyünü görürük. Belə olan halda hüquq sistemi lazımi tədbirləri görməlidir. Ekofəalların hərəkatında iştirak edən gənc qızın Azərbaycan hüquq sistemi tərəfindən məsuliyyətə cəlb edilməsi onun törətdiyi əməllərlə bağlıdır. Bu hadisə digər gənclər üçün də nümunə olmalıdır. Əlbəttə ki, müharibə şəraiti olan ölkədə informasiya təhlükəsizliyi çox önəmlidir. Dəfələrlə xəbərdarlıqlar edilib ki, hərbi əhəmiyyət kəsb edən informasiyalar paylaşılmasın. Təəssüf ki, heç də hər kəs bunu ciddi qəbul etmir. Kritik mövqelərdə hər bir informasiya xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, gənclərin mənfi təsir altına düşməsinin əsas səbəbi siyasi baxımdan yetkin olmaması ilə əlaqədardır”.

Mahmud Hacıyev işdən çıxarılmasını qanunsuz hesab edir

Mahmud Hacıyev

Sabiq polis polkovniki Mahmud Hacıyev “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Hesab edirəm ki, ilk növbədə valideynlər diqqətli olmalıdırlar. O cümlədən KİV-in təbliğatı da gənclərə mənfi təsir edir. Gənclərin təlim-tərbiyə məsələlərinə demək olar ki, yer verilmir. Gənclər nə qədər diqqətli olsalar da, KİV-in rolu az deyil. Yaxşı ki, hüquq-mühafizə və əks-kəşfiyyat orqanları lazımi tədbirlər görüblər. Müstəqillikdən öncə polis orqanlarında gənclərlə işləyən komissiyalar var idi,  uşaq inspektorları var idi, 9,10 və 11-ci siniflərdə şagirdlərlə iş aparırdılar. İnspektorların əksəriyyəti qadınlar idi. Bu gün isə telekanallara nəzarətin gücləndirilməsini təklif edirəm”.

Qeyd edək ki, Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Fidan Əliyeva da olub. Onun Telegram platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir. Məhkəmədə ifadə verən Fidan Əliyeva özünü təqsirli bilməyib. Deyib ki, Ermənistana casusluq etməsi haqda ittiham həqiqətəuyğun deyil. Çünki Telegram-da tanış olduğu adamı rus zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub: “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim - Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”. Foto-video məsələsinə gəlincə, Fidan Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi. Fidan Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırladaq ki, ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna ekofəal vətəndaşlar aksiya keçirib. 138 gün davam edən aksiyanın iştirakçıları Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Nigar HƏSƏNLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR