İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncənin sabiq başçı ilə hərbi prokurorun qardaşından qəddar tələb – 12 il cəza azdır...

3320 20.12.2022 18:31 Kriminal A A

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə hərbi prokuror Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyev keçmiş biznes tərəfdaşını həbs elətdirib, indi də onun ən ağır cəzaya çatdrılması üçün əlindən gələni edir.  

Şahmar Vəliyevin həbsə aldırdığı Cəfər Əliyevin cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Artıq prokuror məhkəmədə Cəfər Əliyevə 12 il həbs cəzası istəyib. Buna baxmayaraq, Şahmar Vəliyev cəzadan narazıdır. Onun nümayəndəsi məhkəmədə vəsatət qaldırıb ki, iş istintaqa qaytarılsın. Təqsirləndirilən Cəfər Əliyevə əlavə ağırlaşdırıcı maddə də verilsin.

Baxmayaraq ki, hətta prokuror da bu vəsatətin əleyhinə çıxıb, amma Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayev Şahmar Vəliyevin bu istəyini təmin edib. Cinayət işi Cəfər Əliyevə əlavə ittiham verilməsi məqsədilə istintaqa qaytarılıb.

Təqsirləndirilən Cəfər Əliyev plastik boru istehsalında istifadə olunan materialın (“kroşka”) İrandan gətirilib Azərbaycanda satışı ilə məşğul olub. Onun sözlərinə görə, bu materialları qonşu ölkədə Əkbər adı İran vətəndaşından alıb və Azərbaycanda bu sahə ilə məşğul olan iş adamlarına satıb. Müştərilərindən biri də Şahmar Vəliyev olub.

Onların əlaqələri 2015-ci ildən başlayıb. Əvvəl tikinti sahəsində əməkdaşlıq etdiklərini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ildən sonra “kroşka” ticarəti sahəsində işləyiblər: “Hər şey qaydasında idi. Mən  “kroşka”nı İranda Əkbər adlı adamdan alır, Azərbaycandakı müştərilərə çatdırırdım. Pandemiya dövründə problem yarandı. Əkbər də yoxa çıxdı. Mən ortada qaldım...”

O zaman Şahmar Vəliyevin onda 580 min dollar pulu qalıb. Amma Cəfər Əliyev deyir ki, əslində, bu gün ona heç bir borcu yoxdur. Çünki nəyi vardısa, bu pulun əvəzində, əlindən alıb - evini, bağını, avtomobilini...

Şahmar Vəliyevin rəhbərlik etdiyi “Azneftmaş” ASC-də Etibar Quliyev adlı etibar etdiyi şəxs var: “Məni məcbur elədi ki, onunla 550 min dollarlıq borc müqaviləsi bağlayım. Guya ondan borc almışam. Halbuki, belə bir şey olmamışdı – mən ondan borc almamışdım. Sonra da o borc müqaviləsi ilə məni məhkəməyə verdi ki, əmlaklarımı ələ keçirsin. Məhkəmə qərar verdi və borcu əmlaklarıma yönəltdi. Beləliklə, Şahmar Vəliyev nəyim vardısa, əlimdən aldı – evimi, bağımı, maşınımı. Onunla kifayətlənməyib, məni həbs elətdirdi...”

Şahmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, bir ildən çoxdur davam edən məhkəmə iclaslarının heç birinə gəlməyib. Onu nümayəndəsi təmsil edir.

Son məhkəmə iclaslarından birinə isə başqa bir işçisini də göndərib. Bu, prokuror təqsirləndirilən şəxsə 12 il cəza istəyəndən sonra olub. Onların istəyi ilə məhkəmə istintaqı təzələnib və məhkəməyə gətirdikləri şahid dindirilib. Bu isə Yelena Yusifzadə olub. O, məhkəmədə deyib ki, Şahmar Vəliyev onunla Cəfər Əliyevə çatdırmaq üçün 33 min manat pul göndərib: “Nəqliyyat və gömrük pulu idi...”

Cəfər Əliyev isə onun dediklərini təkzib edib. Deyib ki, yalandır, ona belə pul verilməyib. Cəfər Əliyevin vəkili də yada salıb ki, bu şahid heç istintaq vaxtı ifadəsində bu haqda heç nə deməyib. İndi ortaya çıxması şübhəlidir.

“Şahmar müəllim mənə necə demişdi, mən də elə demişdim", - Yusifzadə belə cavab verib. Cəfər Əliyev indiyədək CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunurdu. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Şahmar Vəliyev və ailəsinin Mingəçevirdə “Azneftemaş” ASC, Yevlaxda mərkəzi bazar, Bakıda “Bakı Mexanikləşdirmə-1” ASC, “Rusel Plaza” və  başqa böyük obyektləri var.

Vəliyevlərin daha bir qardaşı Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevdir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR