İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc həkimləri illərlə gözlədən SƏBƏB – Diplomlar niyə GEC tanınır?

428 19.06.2026 14:39 Səhiyyə A A

Xaricdə təhsil almış azərbaycanlı həkimlərin diplomlarının tanınması və ixtisaslarının qəbul olunması ilə bağlı problemlər var. Bu barədə Milli Məclisin bugünkü plenar iclasında deputat, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə xaricdə ali tibb təhsili və ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqdan sonra nostrifikasiya və peşə fəaliyyətinə başlama prosesində ciddi hüquqi və prosedur çətinliklərlə üzləşirlər. “2011-ci ildən əvvəl və sonra formalaşmış mexanizmlər arasında hüquqi və prosedur baxımından fərqlər yaranıb. 2023-cü ildən etibarən isə bu sahədə vahid və aydın tətbiq mexanizminin olmaması müşahidə edilir. Nəticədə xaricdə yüksək səviyyəli təhsil alan həkimlər ölkəyə qayıtdıqda onların ixtisaslarının tanınması prosesi ya uzanır, ya da komissiya qərarlarından asılı vəziyyətdə qalır”, – deyə deputat bildirib.

Xaricdə ixtisaslaşma keçmiş həkimlərin Azərbaycanda ixtisaslarının tanınmamasının əsas səbəbləri nədir? Bu sahədə beynəlxalq təcrübə (Türkiyə, Avropa ölkələri və s.) Azərbaycandan nə ilə fərqlənir? Xaricdə yüksək reytinqli universitetlərdə təhsil alan həkimlər niyə əlavə imtahan və prosedurlara cəlb olunur?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb: “Bəli, belə bir problemlə bağlı bizim də məlumatımız var. Ümumiyyətlə qeyd edim ki, ölkələr arasında anlaşmalara əsasən bu məsələlər, əslində, hər zaman həllini tapır və digər ölkələrdə də diplom tanınması məsələsi heç vaxt birbaşa formada olmur. Yəni, orada da müəyyən prosedurlardan keçmək lazım gəlir. Bizim diplomların da digər ölkələrdə tanınması eyni xarakterli prosedurlardan keçir.

Bu baxımdan məsələyə əlbəttə ki, həm ölkənin maraqları kontekstindən, həm də ölkələrarası anlaşmalar kontekstindən yanaşmaq lazımdır. Sadəcə, burada məsələ ondan ibarətdir ki, həmin bu prosedurlar, hansı ki, tələb olunur və bütün ölkədaxili qaydalara uyğunlaşma istiqamətində həyata keçirilir, həddən artıq yorucu və uzunmüddətli olmamalıdır”.

Mütəxəssisin fikrincə, tələb olunan prosedurlar üçün mümkün qədər çevik mexanizmləri olmalıdır: “Çünki bəzən görürsünüz ki, dünyaca tanınmış universitetlərin diplomları həddən artıq çox sayda, müxtəlif süzgəclərdən keçməli olur və bu diplomların tanınması üçün yenidən məzunların həmin ölkələrə səfər etməsi, orada bəzi sənədləri təkrar təsdiq etdirməsi lazım gəlir. Sonra bizim ölkədə həmin məzunlardan həddən çox təsdiqləyici sənədlər tələb oluna bilər ki, bunlar da bəzən aylarla, hətta illərlə sürə bilər.

Biz artıq dünyanın elektronlaşmış dövrünə, süni intellekt dövrünə gəlib çıxmışıq. Əslinə qalsa, məzunların həmin universitetləri, institutları, ali təhsil müəssisələrini bitirməsini təsdiq etmək bir an məsələsi ola bilər. Yəni bu, çox asan həll oluna bilən məsələdir. İkinci tərəfdən, hətta belə hallarla da rastlaşırıq ki, həmin məzunlar eyni zamanda bizim ölkəmiz tərəfindən göndərilib, oxuyublar və onlar haqqında bütün məlumatlar əslində müvafiq instansiyalarda olduğu halda belə, yenidən təsdiqlənmə üçün çox uzun prosedurlara ehtiyac yaranır”.

Həkimin sözlərinə görə, bütün bunlar məzunların ölkəyə tez töhfə verməsi prosesindən uzaqlaşdırır və onların gənc istedadlarının vətən üçün sərf olunması baxımından bir qədər həvəsdən salınmasına səbəb ola bilər: “Eyni zamanda, ölkəmiz üçün də vacib olan məsələ ondan ibarətdir ki, həmin gənclərin tezliklə işə başlaması, diplomlarının təsdiq olunması və lazımi şəkildə vətənə töhfə verməsi üçün bu proseslərin daha çevik və optimallaşdırılmış formada həyata keçirilməsi lazımdır".

Zülfüqar Yusifova görə, başqa ölkələrdə də bu cür prosedurlar mövcuddur: "Əlbəttə ki, onlar da çalışırlar ki, təhsil sistemlərinin ümumi prinsipləri onların öz təhsil sistemlərinə uyğunlaşdırılsın. Bu baxımdan əvvəllər biz daha çox çətinliklərlə üzləşmişik. Xüsusilə tibb sahəsində rezidenturanın və internaturanın olmaması, 12 illik təhsil sistemi ilə bağlı problemlər və digər məsələlər bu sistemlər arasındakı əsas fərqlər idi.

Amma fərqlər getdikcə aradan qaldırıldıqca mənə elə gəlir ki, ölkələrarası bu proseslərin müzakirəsinə də daha aktiv şəkildə başlamaq lazımdır ki, bizim ölkəmizdə verilən diplomların digər ölkələrdə tanınma prosesi də daha rahat və çevik şəkildə həyata keçirilsin və gənclərimiz bundan lazımi şəkildə faydalana bilsinlər".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR