İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlirdim kənddən, səs gəldi bərkdən

1811 18.01.2023 11:48 Yazarlar A A

Ölkəmizdə demokratiyanın şiddətli inkişafı sayəsində son zamanlar dövlət vəzifələrindən istefaların sayı artır. Yox, mən Vasif müəllimi nəzərdə tutmuram, o artıq tarixə keçmişdir. Dünən gömrükdən bir generalın və bir idarə rəisinin istefası xəbərləri gəldi. Düzdür, yazmışdılar ki, general Ramiz Mehdiyevin “qahımlarından” biridir. Bu da onun istefasına müsbət şərait yaradan amillərdən sayılır. Ancaq nə dəxli? İstefa istefadır. Xüsusilə gömrükdən istefa vermək kimin ağlına gələrdi? Buna cəsarət lazımdır. Biz həyatımız boyunca belə şeylər görməmişdik. BMT sədri istefa verə bilərdi, İsveçin baş naziri, Almaniyanın müdafiə naziri, nə bilim, hətta Şimali Koreyadan Kim müəllim şəxsən vəzifəni qoyub getsə inanmaq olardı, ancaq bir adam gömrükdəki işindən könüllü imtina eləsin... Fantastikadır. “Marvel” studiyasına pul ayırmalıyıq, “İstefa vermiş gömrükçü” kinosu çəksinlər. Bu, “Dəmir adam”, “Supermen”, “Halk”, “Tor”, “Kapitan Amerika” və sair superqəhrəmanlar seriyasından layiqli film olardı.

Əlbəttə, bu gün mən də gündəmə diqqət ayırmaq istəyirəm, sadəcə, gömrükçülərimiz araya girdilər. Mövzu isə budur ki, kəndlilər həqiqətən ağını çıxarıblar. A kişilər, dünən yumurtanın bir ədədini 40 qəpikdən almışam! Soğan 90 qəpikdir. Kartof artıq çoxdandır 1 manata yuxarıdan aşağı baxır. Südün litri, yalan olmasın, 3 manata yaxınlaşır. Hələ ətdən-yağdan danışmıram, çünki qəzetimizi pensiyaçılar oxuyur, istəmirəm söyüş yiyəsi olum.

Bu nə deməkdir? Kəndlisən, zəhmət çək ucuz mal düzəlt. Ancaq yooox... Bunlar gəlib doluşublar şəhərə, toyuq-cücə, xiyar-bamadur qalıb başlı-başına. Təklif edirəm polis buna əncam çəksin. Şəhərə gəlib 7 saat ərzində rədd olmayan kəndlilərə cinayət işi açılsın, tərəfimizdən aşkar edilib götürülsün. Pandemiya vaxtı buna oxşar qərar vardı, ağsaqqallar xatırlayar. Onda şəhərimiz elə qəşəng, elə gözəl idi ki. Hara baxırdın Bəhram müəllim balet oynayırdı, bakılı qaqaşlar tində rahat nəşəsini çəkirdi, az qala ermənilər də qayıdırdılar. Çox gözəl abu-hava yaranmışdı. Maskanı sal, havanı ciyərinə çək. Eh...

Biz bakılılar və şəhərimizin nəğməli qonaqları kənd camaatına qarşı tədbirləri artırmalıyıq. Məsələn, ikinci təklifim odur gedək meşələrə pampers, konserva qabı, kulok və Azərbaycanın xalq yazıçılarının seçilmiş əsərlərini ataq. Qoy tülkülərin boğazında qalsın. Canavarlar zibilə düşüb ulaşsın. Tədbirlər qarşılıqlı olmalıdır. Yoxsa deyərlər şəhərlilər qorxdu, üyütdü. Elə şey yoxdur.

Kənd yerlərindəki bulaq, meşə, dağ yamacı, çinarın altı, qarağacın böyrü, yoncalıq, alp çəmənliyi, limon bağı və sairə 9 iqlim qurşağını da o yaramaz toplumun əlindən almalıyıq. Yoxsa bu nə deməkdir, gəlib paytaxtda restoranda qışqırışırlar, dağa da gedirsən, görürsən çoban orada tütək çalır, Qafqaz qoyun iti hürür, uşaqlar muğamat təsnifi oxuyur. Zəhmət çəksinlər bir yerdə dursunlar. Ya da onlar burada qışqırışanda, biz şəhərlilər gedib kənddə qışqırmalıyıq. Qonaqlıq yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə. Məscidin qapısı açıqdır, itin abrına nə gəlib? Hacadan-hucadan, biri də düşdü bacadan. Meşədə çaqqal az idi, biri də gəmi ilə Bakıdan gəldi. Belə müdrik ata sözlərindən çox bilirəm, məni əsəbləşdirib danışdırmayın.

Axırda elə şərait yaradacaqsınız Putin gəlib şəhərlə kəndin arasına sülhməramlı dürtəcək. Onda gərək bir dəhliz də kəndə açaq. Bizə lazımdırmı? İlkin olaraq təklif edirəm kəndlilər güzəşt olaraq dana ətinin qiymətini 50 qəpik aşağı salsınlar. Sevişmək savaşmaqdan yaxşıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR