İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə kişini bıçaqlayan qadın: "Əlləri ilə məni itələdi..." TƏFƏRRÜAT

1377 26.04.2022 15:15 Kriminal A A

Bərdə rayonunda 1992-ci il təvəllüdlü Səidə mübahisə zamanı Orxanı bıçaqlayıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 31-də Bərdə şəhəri, Heydər Əliyev prospektində baş verib.

Səidə əvvəllər tanımadığı Orxanın onunla tanış olmaq istəməsi ilə bağlı təkliflərinə görə mübahisə edib. Bu zaman Orxanın onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib, əl çantasında saxladığı bıçaqla onu vurub.

İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Səidə özünü təqsirli bilib. O bildirib ki, 2013-cü ildə rəsmi qaydada ərindən boşanıb: “Himayəmdə 2 azyaşlı uşağı var. Birinci dərəcəli əlil olan anama baxıram. Avqustun 20-dən “Monika” adlı geyim mağazasında satıcı işləməyə başladım. Avqustun 31-də saat 21.50-də işdən çıxdım, H.Əliyev prospekti ilə piyada hərəkət edərək yaşadığım kəndə qayıtmaq üçün taksi axtardım. Ancaq kəndə gedəcək taksi tapa bilmədiyimə görə Bərdə şəhərində yaşayan xalamgilin evinə gedib, onlarda gecələmək qərarına gəldim. Bu məqsədlə saat 22.30-da prospektlə piyada getməyə başladım”.

Təqsirləndirilənin sözlərinə görə, bu zaman bir nəfər sərxoş şəxsin arxasınca gəldiyini hiss edib: “Həmin şəxs bir dəfə yanımdan keçərək qarşıda dayandı, mənə baxdı. Mən isə yol kənarı mağazalardan birinə daxil oldum, alış-veriş etdikdən sonra yenidən yoluma davam etdim.

Mağazadan çıxdım, bu zaman sonradan adının Orxan olduğunu bildiyim şəxs yaxınlıqdakı dayanacaqdan başlayaraq arxamca gəldi. Avtomobil yolunun digər tərəfindəki səkiyə keçdim. “Fujifilm” adlı fotostudiyanın qarşısına yaxınlaşanda Orxan “gecənin bu vaxtı sənə nə qədər pul lazımdırsa, verim, mənimlə görüş” sözlərini dedi. Ona uzaqlaşmasını desəm də, arxamca gəlməyə davam etdi. “İşləməyə nə ehtiyacın var, mən səni saxlayaram” ifadəsini işlətdikdə əsəbiləşdiyim üçün Orxana “Alçaq!”, “Şərəfsiz!”, “Get anana, bacına bu təklifləri et, onları saxla” sözlərini dedim”.

Səidə deyib ki, sonra çoxdan Bərdə şəhərindəki “Köhnə bazar” deyilən yerdə tanımadığı şəxsdən aldığı qatlanan bıçağı əl çantasından götürüb və Orxanı vurub: “Bıçağın Orxana dəyib-dəymədiyini görmədim. Məqsədim onun məndən əl çəkməsinə nail olmaq idi. Orxan əlləri ilə məni itələdi. Sağ qolum və kürəyim səkinin qırağında olan ağaca dəydi”.

Səidənin sözlərinə görə, Orxan ondan üzr istəyib və kiminləsə səhv saldığını söyləyib: “Mən yaxınlıqda dayanan şəxsləri səslədim. Orxan əli ilə qarın nahiyəsini tutdu, məni söyə-söyə səki ilə getdi. Orxanın bıçaq zərbəsi nəticəsində xəsarət almasını hiss edib, kömək etmək üçün arxasınca getməyimə baxmayaraq, bu istəyimə məhəl qoymadan oradan uzaqlaşdı. Xalamgilin evində gecələdim. Hadisə barəsində heç kimə heç nə danışmadım”.

Səidə qeyd edib ki, ertəsi gün işə getsə də, hadisəni xatırlayaraq narahat olub və evə qayıdıb: “Evdə olarkən polis əməkdaşları məni polis şöbəsinə dəvət etdilər”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Orxanın sözlərinə görə, avqustun 31-də saat 21.30-da əmisioğlu İntiqamla “Gülüstan” şadlıq sarayının yanında pivə içib: “Ardınca saat 22.30-da Bərdə şəhəri H.Əliyev prospektində dönərxanada dönər yedik. Bu zaman yaşıl rəngli geyimdə olan bir qadının səki ilə piyada getdiyini gördüm. Sərxoş vəziyyətdə olduğumdan qadını əvvəllər parklardan birində gördüyüm və xoşuma gələn tanımadığım qadına oxşatdım.

Parkda gördüyüm qadının əxlaqsız olmasını eşitdiyim üçün dönərxanadan çıxdım, onun arxasınca düşdüm. Məqsədim həmin qadınla tanışlıq olub. Bir qədər irəlilədə Səidəyə yanaşdım və dedim ki, xanım, bir dəqiqə sizi olar? Mənə tərəf çevrildi və bildirdi ki, eşitmədim, nə dedin? O mənə tərəf çevrilən zaman səhv qadına yaxınlaşdığımı anladım. Səidəyə onu səhv saldığımı dedim. ancaq Səidə dediklərimi eşitməyərək üzərimə gəldi. Əlimlə Səidəni məndən uzaqlaşması üçün itələdim”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, bu zaman Səidənin əlinin kəmərinə dəydiyini hiss edib: “Səidəyə ”üzr istəyirəm, xanım” deyərək oradan uzaqlaşdım. Təxminən 2 metr uzaqlaşmışdım ki, qarın nahiyəmdən qan axdığını gördüm, onun mənə bıçaqla xəsarət yetirdiyini başa düşdüm. Tanımadığım taksi avtomobili ilə yaxınlıqda yaşayan əmim Ramizin evinə getdim. Əmim məni öz avtomobilində Bərdə rayon Mərkəzi Xəstəxanasına apardı”.

Orxan deyib ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilib: “Səidə ilə barışmışam. Ondan şikayətim yoxdur”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Səidənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR