İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolun “boss”u - İnfantino kimdir?

647 17.06.2026 10:15 İdman A A

FİFA-ya ardıcıl üçüncü mundialdır vəsiqə qazana bilməyən İtaliyadan olan miqrantın oğlu rəhbərlik edir; Covanni ərəb dünyasına tərəf  “yıxılıb” - qadın amili, yoxsa...

...Biz futbolu izləyəndən (1998 mundialı) FİFA-nın prezidenti postunda Cozef Blatteri görmüşdük. Bir suyu Azərbaycanın mərhum eks-prezidenti Ayaz Mütəllibova, bir suyu da Türkiyənin sabiq dövlət başçısı Süleyman Dəmirələ oxşayan Blatter nədənsə adama doğma gəlirdi. Ona görə də FİFA-nın hazırkı prezidenti Canni İnfantinoya öyrəşmək və ya onu qəbul etmək hələ  çətindir, bir növ adama yovuşmur.

Gianni Infantino - 10 years as Fifa president - BBC Sport

İki isveçrəlinin “diktaturası”

Amma çox mübhəm detaldır ki, həm Blatter, həm də İnfantino İsveçrədə doğulublar. Sadəcə, Blatter kökəncə alman-isveçrəli etnik mənsubiyyətə sahibdir, İnfantino isə mənşəcə italyandır. Bununla belə, dünya futbolunun ən üst qurumu olan FİFA-ya 1998-ci ildən bəri “saatlar ölkəsi”ndə doğulanlar prezidentlik edirlər. Yəni nə futbolun vətəni olan İngiltərə, nə də futbolçu “zavodu” olan Braziliyadan kimsə FİFA-ya rəhbərlik edir. Görünür, İsveçrədə doğulanlar işlərində saat kimi dəqiqdirlər. Hərçənd Blatter haqda bunu söyləmək çətindir, çünki adı korrupsiya qalmaqallarında hallanmışdı. İnfantino isə hələlik təmiz reputasiya ilə yadda qalmaqdadır. Halbuki italiyalıların korrupsiyaya bulaşmamasının özü də bir möcüzədir.

Hər halda, hələ mundial başlamazdan əvvəl - mayın 1-də yayılan xəbərlərdə deyilirdi ki, İnfantino təşkilatın rəhbəri postuna növbəti seçkilərdə iştirak etmək niyyətindədir. Yəni bu gedişlə FİFA yenə isveçrəlinin rəhbərliyi altında olacaq. Hazırda onun ölkəsi isə mundiala o qədər də uğurlu başlamayıb. İsveçrə Qətərlə oyundan 1:1 hesabı ilə ayrılıb. Lakin hər şeydən ümdə olan bu möhtəşəm yarışın, futbol bayramının ən yüksək səviyyədə keçirilməsidir. Buna da təkcə ABŞ, Kanada və Meksika deyil, İnfantino ilə komandası cavabdehdir. Bəs futbol dünyasının “boss”u kimdir? Bu yerə necə gəlib çıxıb?

 

Gianni Infantino a no-show for meeting with ECA as key new agreement goes  unsigned

Qaçqın uşaq, ərəblərin və Putinin sevimlisi

Covani İnfantino 23 mart 1970-ci ildə İsveçrədə anadan olub. İtaliyanın Kalabriya və Lombardiya bölgələrindən olan italyan mühacir valideynlərinin oğludur. O, evlilik yolu ilə Livan vətəndaşlığını alıb, həmçinin İsveçrə, İtaliya vətəndaşıdır.

İnfantino livanlı Lena əl Əşqarla evlidir. Cütlüyün dörd övladı var. 2021-ci ilin oktyabr ayından o, həm də Dohada, Qətərdə vaxt keçirib, burada ev kirayələyib. 25 noyabr 2025-ci ildə İnfantino Livan Prezidenti Cozef Aun və Livan Futbol Assosiasiyasının Prezidenti Haşim Heydərlə görüşdən sonra Livan vətəndaşlığı əldə etmə prosesinə başlanıb. 16 fevral 2026-cı ildə Livan vətəndaşı olub.

Livan qanunlarına əsasən, qadınların öz vətəndaşlıqlarını əcnəbi ərlərinə və uşaqlarına verməsi, ümumiyyətlə, qadağandır, bu da İnfantinonun işini Livan prezidentinin müstəsna səlahiyyətinə çevirmişdi. O, Frayburq Universitetində hüquq təhsili alıb. Fransız, alman və italyan dillərində danışır, həmçinin ərəb, ingilis, portuqal və ispan dillərində bilir.

2000-cı ildə UEFA ilə işləməyə başlayıb və UEFA-nın Hüquqi İşlər direktoru olub. 2004-ün yanvarında Klubu Lisenziyalaşdırma Şöbəsinə təyin olunub. 26 fevral 2016-cı ildə o, 3 il müddətinə FİFA prezidenti seçilib. 2019 və 2023-cü illərdə isə alternativsiz şəkildə yenidən seçilib. Onu futbol fəaliyyətindən 6 illik uzaqlaşdırılması səbəbindən seçkilərə buraxılmayan Mişel Platininin “sağ əli” də adlandırırlar.

FİFA prezidenti kimi o, Rusiyada keçirilən 2018-ci il futbol üzrə dünya çempionatına nəzarət edib və buna görə prezident Vladimir Putinin ona verdiyi “Dostluq” ordenini qəbul edib. O, Qətərdə keçirilən dünya kubokuna da nəzarət edib və bu müddət ərzində bu ərəb ölkəsi haqda insan haqları ilə bağlı mübahisələri müdafiə edib və ya tənqidləri minimuma endirib. Ən əsası, Səudiyyə Ərəbistanının 2034-cü ildə mundiala ev sahibi kimi seçilməsində mühüm rol oynayıb. Çünki o, Səudiyyə Ərəbistanının təklifini müdafiə edib və ev sahibliyi hüququna məhdudiyyət qoyub, bu da potensial rəqib təkliflərinin sayını azaldıb.

İranlı qadınların sevimlisi

Hələ 2017-ci ildə İnfantino Birləşmiş Ştatların əksəriyyəti müsəlman olan bir neçə ölkəyə səyahət qadağasını tənqid edib. O, “FİFA yarışlarına gəlincə, dünya çempionatına vəsiqə qazanan istənilən komandanın, o cümlədən həmin komandanın tərəfdarlarının və rəsmilərinin ölkəyə girişi olmalıdır, əks halda dünya kuboku yoxdur. Bu, göz qabağındadır”, - deyə sərt bəyanat verib.

Müsəlman dünyasında futbol üçün çalışan İnfantino, demə, İranda qadınların stadiona buraxılmasına icazə verilməsinin “memarı” imiş. İslam inqilabından sonra kişi komandaları oynayan zaman qadınların stadionlara gəlməsi qadağan idi.  İnfantino dəfələrlə İran Futbol Federasiyasına xəbərdarlıq etsə də, təsiri olmamışdı. Günün birində - 8 sentyabr 2019-cu ildə Səhər Xudayari stadiona girməyə cəhd edir, lakin həbs olunduqdan sonra özünü yandırır. Bu, İranda insan haqları ilə bağlı daha bir dəhşətli faciə idi. Üstəlik, futbola görə...

“Bizim mövqeyimiz aydın və qətidir. İranda qadınların futbol stadionlarına buraxılması lazımdır”, - İnfantino o zaman belə reaksiya vermişdi. Bu hadisədən sonra elə həmin il FİFA iranlı qadınları stadionlara gedə biləcəklərinə əmin edir. 10 oktyabr 2019-cu ildə artıq 3500-dən çox qadın Azadi stadionunda Kambocaya qarşı dünya çempionatının seçmə oyunu üçün iştirak etmişdi. Bununla da İnfantinonu İranda azarkeş qadınların sevimlisi adlandırmaq olar.

Bundan başqa, İnfantino Qətərdə dünya çempionatının keçirilməsi ilə miqrantların hüquqları məsələsinə diqqət çəkib. Qətər ödənilməmiş maaşlar, həddindən artıq iş saatları tətbiq etmək, qeyri-qanuni işə götürmək və stadionların tikintisinə kömək edən işçilərin ölümündə ittiham olunub. Daha sonra İnfantino bildirib ki, miqrantlara iş və maaş verilib. FİFA prezidenti özünü “Qətərli, ərəb, afrikalı, gey, əlil və miqrant işçi kimi hiss etdiyini” bəyan edib.

Trampla qapalı görüş, maxinasiya...

Son mundiala gəlincə, 32 komandadan 48 komandaya qaldırılması ciddi skandala səbəb olur. 15 may 2025-ci ildə Asunsionda keçirilən FİFA-nın 75-ci Konqresi zamanı İnfantino Səudiyyə Ərəbistanı və Qətərdə ABŞ Prezidenti Donald Trampla görüşün nəticəsi olaraq tədbirə iki saat gec gəlib. Nəticədə UEFA rəhbərlərinin hamısı etiraz əlaməti olaraq meydanı tərk ediblər və İnfantinonu siyasi maraqları futboldan üstün tutmaqda ittiham ediblər.

Yeri gəlmişkən, FİFA prezidentinin adı müxtəlif qaranlıq maliyyə əməliyyatlarında da hallanıb. İlk növbədə 2016-cı ilin iyul ayında İnfantino FİFA-nın Etika Komitəsinin təhqiqat palatası tərəfindən FİFA-nın etika kodeksinin pozulmasında şübhəli bilinərək sorğuya alınıb. İstintaq üç məsələ üzərində cəmlənmişdi: prezidentliyinin ilk aylarında həyata keçirilən bir neçə uçuş, prezident ofisində işə götürmə prosesləri ilə bağlı insan resursları məsələləri və əmək münasibətlərini göstərən müqaviləni imzalamaqdan imtina etməsi.

Həmçinin FİFA tərəfindən vəsaitlərin qeyri-qanuni xərclənməsini təsvir edən sənəd sızdırsa da, nədənsəqurumun xərcləri və idarəçiliyi araşdırılmayıb. Sənəddə iddia edilirdi ki, İnfantino FİFA-ya şəxsi xərclər, o cümlədən evindəki döşəklər üçün 8795 funt sterlinq, pilləli idman maşını üçün 6829 funt sterlinq, smokin üçün 1086 funt sterlinq, çiçəklər üçün 677 funt sterlinq və şəxsi paltarlar üçün 132 funt-sterlinq də daxil olmaqla FİFA-ya hesab ödəyib. Bundan əlavə, İnfantino FİFA-dan uzaqda olarkən ailəsi və müşavirləri üçün xarici sürücü tutmağı tələb edib.

İnfantinonun 2018 və 2022-ci il dünya çempionatına ev sahibliyi edən ölkələrə (Rusiya və Qətər) səfərləri ilə bağlı şəxsi təyyarələr təşkil etmişdilər. Amma İstintaq Palatası heç bir qanun pozuntusunun baş vermədiyi qənaətinə gəlib. “Bayern Münhen” klubunun sədri Karl-Heinz Rummenigge isə İnfantinonu şəffaflıq, demokratiya və idarəetmə ilə bağlı vədlərini yerinə yetirmədiyinə görə tənqid edib.

2020-ci ilin iyulunda İnfantino İsveçrənin baş prokuroru Mişel Lauberlə gizli görüşdə ittiham edilib. Lauber FİFA ətrafında korrupsiya ilə bağlı apardığı araşdırma zamanı iclası ört-basdır etdiyi və nəzarətçilərə yalan dediyi barədə məhkəmənin qərarından sonra istefa verməyə hazır olduğunu deyib. Amma İnfantino özünü müdafiə edərək, İsveçrənin baş prokuroru ilə görüşməyi tamamilə qanuni adlandırıb. Göründüyü kimi, “sən siyasətlə məşğul olmasan, siyasət sənlə məşğul olacaq” məşhur deyiminə uyğun olaraq, futbol bir idman olsa da, siyasət ona təsirlərini göstərir. Üstəlik, “dünyanı qadınlar idarə edir” fikri İnfantino haqda oxuyandan sonra daha da güclənir. Deməli, həm də futbolu qadınlar idarə edir, yoxsa Livan vətəndaşlığı üçün dəridən-qabıqdan çıxmaz, iki mundialı Qətər, Səudiyyəyə salmazdı...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR