İnsanlara hürriyət, millətlərə istiqlal!

“Freedom House”dan növbəti simasızlıq: “Azərbaycan Ermənistanın demokratik hökumətinə təhdid yaradır...”

782 11.03.2023 08:50 Siyasət A A

ABŞ-dakı “Freedom House” qeyri-hökumət təşkilatı “Dünyada Azadlıq - 2023" illik hesabatını açıqlayıb. Qurum ümumilikdə qlobal azadlıqların artıq 17-ci ildir davamlı gerilədiyini qeyd edib. Sənədə görə, ötən il dünyada qeyri-azad sayılan 57 ölkədən 16-sının siyasi hüquqlar və mülki azadlıqlar üzrə balı ən aşağı həddə olub.

Azərbaycan Cənubi Sudan, Türkmənistan, Suriya, Tacikistan, Əfqanıstan və Belarus, Çin, Myanma, Yəmən kimi ölkələrlə birgə yer alıb - yəni qeyri-azad ölkə kimi.

Son 17 il ərzində hesabatın media azadlığı göstəricisi üzrə 4 baldan 0 bal alan ölkə və ərazilərin sayı 14-dən 33-ə yüksəlib: “Hazırda dünyada şəxsi həyata müdaxilə, təqib və hədə-qorxu, həm onlayn, həm də oflayn rejimdə özünüsenzuraya təşviqlər fonunda ifadə azadlığı hüququnun pozulması hallarının artdığı müşahidə olunur”.

“Freedom House” azadlıq və demokratiyanın ən çox geriləmə ilə üzləşməsinin səbəbləri sırasında müharibə, çevrilişlər, qanunsuz liderlərin demokratik qurumlara basqısını göstərir. Hesabatda Rusiya prezidenti Vladimir Putinin “avtoritar rejim”inin Ukraynanın “çətinliklə qazandığı demokratik prosesi boğmaq üçün” 2022-ci ilin fevralında bu ölkəyə müharibəyə başladığı qeyd olunur.

“Azərbaycan və Qazaxıstan parlamentləri media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edib, yeni qanunvericilikdə xarici onlayn platformalardan yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək tələb olunur”, - sənəddə iddia olunur.

Hesabatda demokratikləşmə yolu diqqət mərkəzində olan ölkələr arasında Türkiyə ilə yanaşı Ermənistanın da adı çəkilir və belə bir qərəz yer alır: “Azərbaycan qüvvələri Ermənistana hücum edib və sərhəd boyunca Ermənistanın ərazilərini işğal edib, bu da İrəvanda demokratik hökumət üçün təhdid təşkil edir (?! - red) və genişmiqyaslı müharibə riskini artırır”.

Aydın Hüseynov: Riyakar İran rejimi regionda sülh olmasını istəmir

Aydın Hüseynov: ““Freedom House” dəfələrlə Azərbaycana qarşı qərəzli münasibət bildirib, həqiqətləri təhrif edib”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, təşkilat açıq şəkildə saxtakarlıq və qərəz nümayiş etdirərək Azərbaycanın informasiya məkanı haqqında qeyri-obyektiv rəy verir: “Bu qurumun ekspertlərinin ”Media haqqında" Azərbaycan Respublikasının Qanununu qaralayan fikirləri də böhtandır. Həmin qanunda xarici onlayn media platformalarının hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmayıb. Qanunun müvafiq müddəalarına əsasən, Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur. Həmçinin, Qanunun müddəaları video paylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur. Beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmuş, dövlət orqanlarının bu istiqamətdəki səlahiyyətləri tamamilə məhdudlaşdırılmışdır. Heç bir dövlət orqanının media subyektlərinin fəaliyyətini dayandırmaq və ya onların fəaliyyətinə xitam vermək yaxud hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur".

A.Hüseynov qeyd etdi ki, “Freedom House” dəfələrlə Azərbaycana qarşı qərəzli münasibət bildirərək Azərbaycan həqiqətlərini təhrif edib: “Bu təşkilatın siyasi təmayüllü və Amerikada müxtəlif maliyyə lobbilərindən asılı olması, onların sifarişi əsasında qərəzli hesabatlar hazırlamasının indiyə qədər dəfələrlə şahidi olmuşuq. Bu təşkilatın erməni lobbisinin ianəsi ilə inkişafdan geri qalmış əyalət ölkəsi olan Ermənistanı hər dəfə yuxarı sıralarda yerləşdirməsinə də öyrəşmişik. Ona görə də bu qurumun ”İnternet Azadlığı İndeksi"nin əvvəlkilər kimi sifarişlə hazırlanmasına qətiyyən şübhə yoxdur. Ona görə də, təşkilatın Azərbaycana münasibətdə ənənəvi ədalətsiz və qərəzli yanaşmaların bir neçə dəfə şahidi olduğumuzdan budəfəki mövqeyi də təəccüb doğurmur".

Deputat hesab edir ki, “Freedom House” Azərbaycanda söz və media azadlığı sahəsində aparılan islahatları qaralamaq üçün bu cür böhtanlara əl atır: “Freedom House" illərdir ki, ölkəmizə qarşı qeyri-obyektiv yanaşma sərgiləyir. Qurumun bu günlərdə açıqladığı hesabatda Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibət bir daha ölkəmizə qarşı qarayaxma kampaniyasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bu qurumun ekspertlərinin rəyindən də məlum olur ki, onların  “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan xəbərləri ümumiyyətlə yoxdur, bu qanunda əks edilmiş müddəaları tamamilə təhrif edirlər. Onlar Azərbaycanda söz və media azadlığı sahəsində görülən mühüm işləri, müasir islahatları qaralamaq üçün bu təxribata əl atırlar".

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov: “Ermənistanı yenidən müharibəyə ruhlandıranlardan biri də “Freedom House”dur”

Millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, “Freedom House” bu hesabatda da əvvəlki hesabatlardakı kimi Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilib: “Freedom House" müəyyən dairələrini maraqlarını əhatə edən hesabatlar yaymaqla dünya ictimaiyyətində  ölkələrə qarşı rəylər formalaşdırmağa çalışır. Əslində onun ədalətsiz  fəaliyyətini necə qurması ilə bağlı dünya ictimaiyyətində geniş məlumatlar var. Ona görə də ölkəmiz haqqında açıqlanan hesabatı da dəyərsiz kağız parçası hesab edirəm. Çünki Azərbaycan daxili və xarici siyasətini hesabatları açıqlayan dairələrin xoşuna gəlməsi üçün müəyyən etmir. Ölkəmiz müstəqil siyasət yürüdür və bu siyasət milli maraqlarımıza uyğundur.

Qeyd etmək istəyirəm ki, hesabatda ümumən məntiqsiz fikirlər yer alıb. Belə ki, Azərbaycanı siyasi hüquqlar və mülki azadlıqlar üzrə balı ən aşağı həddə olan ölkələrin sırasına daxil edildiyi halda reallıq bu sıralamanın tamamilə əksinədir. Hesabatda bu sırada qeyd olunmayan Ermənistan və digər ölkələrdən fərqli olaraq Azərbaycanda siyasi və mülkü azadlıqlar yüksək səviyyədə təmin s. Amma təəssüf ki, “Freedom House”a sifariş verənlər ölkəmizdəki demokratik mühiti görmək istəmirlər.  Həm də bu kağız parçasında qərəzli şəkildə Azərbaycan və Qazaxıstan parlamentləri media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edib, yeni qanunvericilikdə xarici onlayn platformalardan yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək tələb olunduğu qeyd olunur. Amma reallıqda  vəziyyət bu açıqlamaının tamilə əksinədir. Yəni Azərbaycanda qanunvericilikdə xarici onlayn platformalardan yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək tələbi yoxdur. 

Hesabatda qeyd olunan digər bir məsələ isə odur ki, Azərbaycan qüvvələri guya Ermənistana hücum edərək sərhəd boyunca Ermənistanın ərazilərini işğal edib və bu da İrəvanda demokratik hökumət üçün təhdid təşkil edir, genişmiqyaslı müharibə riskini artırır. Bu, onu göstərir ki, hesabatı tərtib edənlərin Azərbaycanla Ermənistan arasındakı mübahisəli məsələlərdən və ölkəmizin sülh müqaviləsi imzalanmaqla bağlı təşəbbüslərdən ya xəbəri yoxdur, ya da bunu görmək istəmirlər. Reallıqda vəziyyət ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədi müəyyənləşmədiyindən bu sərhədin haradan keçməsi ilə bağlı dəqiq fikri heç kim  yürüdə bilməz. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiya edilməsi ilə bağlı təklifləri dəfələrlə göndərməsinə baxmayaraq, Ermənistan bunu istəmir və maraqlı olduğunu bildirmir. Hesabatda hansı sərhəd boyu ərazilərin işğal edilməsi ilə bağlı təsəvvür yaratmaq istədikləri də məlum deyil. Yeri gələndə Ermənistan Azərbaycanın 8 kəndini bu gün də işğal altında saxlayır və dinc yolla bu məsələnin həll olunmasına mane törədir".

Deputat hesab edir ki, Cənubi Qafqazda sülh və əməkdaşlığın yaranmasını arzulamayanlar və Ermənistana dayaq durub onu yenidən müharibəyə ruhlandırmaq istəyənlərdən biri də “Freedom House” və onun hesabatının hazırlanmasını sifariş verənlərdir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR