İnsanlara hürriyət, millətlərə istiqlal!

“Freedom House”dan həyasızlıq: “Azərbaycan Qarabağdakı erməni əhalinin hüquqlarını pozur...”

520 27.05.2023 13:50 Siyasət A A

Mənfur quruma Bakıdan sərt cavab: “Adını "azadlıq evi" qoymuş bu təşkilat "erməni yuvası"na çevrilib"

Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Freedom House” insan hüquqları təşkilatı “Keçid ölkələri 2023" hesabatını açıqlayıb. Hesabatda iddia edilir ki, Azərbaycan reytinqdə yalnız Türkmənistan və Tacikistandan önə çıxa bilib. Onların daxil olduğu səkkiz ölkə möhkəmlənmiş avtoritar rejimlər adlandırılıb. Ermənistan, Gürcüstan, Ukrayna və Moldova isə hibrid rejimlər sayılıb.

Hesabatda habelə Prezident İlham Əliyevin guya “ölkə daxilində müxalifəti sıxışdırdığı, Ermənistanı və Qarabağ əhalisinin azadlıqlarını təhdid etdiyi” bildirilir. Sitat: “Aydındır ki, Bakının Dağlıq Qarabağ və Ermənistanın bəzi hissələri üzərində (?!- red.) nəzarətini genişləndirməsi də yerli əhalinin azadlıq və təhlükəsizliyini sarsıdacaq. Demokratik hökumətlər bu təhlükəni gözardı etməməlidir. Onlar Ermənistanda demokratiyanı gücləndirmək üçün mümkün hər addımı atmalı, Azərbaycan hakimiyyətinin və ya işğalının (?!-red.) altında yaşayan, yaxud bundan qaçan bütün insanların müdafiəsini təmin etməlidirlər”.

Qurumun ənənəvi ermənipərəstliyi, xristian təəssübkeşliyindən qaynaqlanan klassik sırtıqlığı da növbəti dəfə elə burada özünü açıq büruzə verib. Sanki hesabatı hansısa erməni daşnakı hazırlayıb. İfadələr, ittihamlar, leksikon, şantaj ritorikası necə də bir-birinə oxşardır. Hələ üstəlik, Azərbaycanı utanmazcasına işğalçılıqda, yəni “demokratik Ermənistan”ın ərazisinə girməkdə və ona təzyiq eləməkdə ittiham edir, erməni separatizminə açıq-aşkar dəstək verir cızma-qara müəllifləri! Görəsən 30 illik erməni işğalı dövründə bu “ədalət carçıları” harada idilər, səsləri niyə çıxmırdı?

Başqa yandan, Bakının Qarabağdakı erməni əhaliyə “ya Azərbaycan Konstitusiyasını qəbul edin, ya da ərazimizi tərk edin” ədalətli və beynəlxalq hüquqa söykənən çağırışının harası “Qarabağ əhalisinin azadlıqlarını təhdid edilməsi” anlamını verir? Yaxud Laçının girişində - öz suveren ərazimizdə nəzarət-yoxlama postu qurmaqla separatçı-quldurların “nəfəsliyini” bağlamağın dinc erməni əhalinin hüquqlarına nə dəxli?
Qısası, yenə ölkəmizə qarşı aşırı qərəz, saxtakarlıq, şantaj, erməni yalanlarını “insan haqları” bəhanəsi ilə gerçək kimi təqdim eləmək cəhdləri...

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq “Freedom House” təşkilatını ermənipərəst qurum adlandırıb, onun hesabatlarının Azərbaycan üçün “heç bir əsası olmadığını” deyib.
Azərbaycan cəmiyyətində də “Freedom House” təşkilatına artıq uzun illərdir inam, etimad yoxdur. Azərbaycan üçün bu təşkilatın heç bir dəyəri qalmayıb. Bu bədnam təşkilatın erməni lobbi qruplarının sifarişi ilə uzun illərdir Azərbaycana qarşı fəaliyyət göstərdiyi hər kəs bəllidir.

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

 Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bu barədə bildirdi ki, “Freedom House” açıq-aşkar Azərbaycandakı reallıqları təhrif edir, Azərbaycana qarayaxma ilə məşğul olur: “Son bir həftədə ard-arda iki hesabatda Azərbaycana qarşı qarayaxma, böhtan dolu fikirlər əksini tapıb. Bu mənfur təşkilat ermənilərin diktəsi və pulu ilə hərəkətə edir. Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq inkişaf edən hüquq dövlətidir. Ölkəmizin Konstitusiyasından irəli gələrək ayrı-ayrı qanunlarda vətəndaşların hər bir hüquq və azadlığı əksini tapıb. O cümlədən ölkə vətəndaşlarının sərbəst toplaşmaq azadlığı ilə bağlı hüquqları qanunvericiliklə tam təsbit olunub. Ölkədə media azadlığı, internet azadlığı mövcuddur. Hər kəs fikirlərini sosial şəbəkələrdə yaza, yaya bilir. Dövlət buna şərait yaradır. Lakin ”Freedom House" xislətinə və düşmənçliyinə uyğun olaraq yenə də bütün bu reallıqları görməməzlikdən gəlir. Adını “azadlıq evi” qoymuş bu təşkilat “erməni yuvası”na çevrilib. Təşkilatın ermənipərəst mövqeyi bütün hesabatlarında özünü göstərir. “Freedom House” öz imicini korlamış, heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan mənfur, dəyərsiz bir quruma çevrilib. Bu eyni zamanda onu göstərir ki, onun kimi beynəlxalq qurumlar Azərbaycana qarşı qərəzli yanaşmağa davam edirlər. “Freedom House” qeyri-obyektiv və saxta rəylərə güvənərək qərəzli hesabatlar hazırlaması bu təşkilatın çirkli siyasi oyunlarda iştirakını göstərir. Qurum insan hüquqlarından, ölkələrin azadlığından danışarkən ilk növbədə Ermənistana diqqət etməlidir. Onun sənədlərində göstərilir ki, əsas məqsəd demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin illərdir ki, “Freedom House” anti-Azərbaycan şəbəkənin sifarişlərini yerinə yetirir, ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmaq və bu cür şər-böhtan kampaniyaları aparır. Azərbaycan üçün bu bədnam təşkilatın hesabatlarının dəyəri zibilliyə atılan kağız parçasının dəyərindən də aşağıdır".

Deputat əlavə etdi ki, Azərbaycanın Qarabağ müharibəsində qələbəsi, azad edilmiş torpaqlarda sürətli quruculuq işləri həyata keçirməsi, dünyada, regionda mövqelərinin daha da güclənməsi, inkişafı dünya erməni diasporunu, ermənilərdən qidalanan qüvvələri, narahat edir: “Azərbaycana qarşı böhtan dolu hesabatların hazırlanıb yayılması bununla əlaqədardır. Müxtəlif vasitələrlə ölkəmizə təzyiqlər göstərir, böhtanla dolu hesabatlar hazırlayaraq beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmağa cəhd edirlər. Çirkli pullar hesabına danışan belə ikiüzlü qurumlara artıq dünyada da inanan yoxdur. Ayrı-ayrı qrupların və satqınların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan ”Freedom House", “Human Rights Watch”, “Amnesty International ” və digər ermənipərəst qurumlar zaman-zaman ölkəmiz haqqında qərəzli hesabatlar hazırlasalar da, niyyətlərinə nail ola bilməyiblər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR