İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransaya qarşı sanksiyalar “kağız üzərində” qalır

822 24.01.2024 09:16 Siyasət A A

Milli Məclisin hökumətə iki çağırışı nə zaman reallaşacaq?

Yanvarın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar sənəd qəbul edib. Yada salaq ki, iki il əvvəl də Milli Məclis hökumətə Fransaya qarşı sanksiya tətbiqi haqda çağırış etmişdi. 2022-ci il noyabrın 16-da qəbul etdiyi bəyanatda Azərbaycan hökumətinə çağırış edib. Onlardan bəzilərini yada salaq:

- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondulması.

- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi,

- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması,

- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması,

- İƏT çərçivəsində Fransanın İslamafobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması.

- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması və s.

Milli Məclis ötən həftə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, hökumətə indi bu çağırışı edib:

Fransaya qarşı sanksiyalar tətbiq edilsin. 

Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun. 

Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.

“TotalEnergies” şirkəti də  daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın. 

Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin. 

Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın.  

Fransa da ötən iki il müddət ərzində də Ermənistana dəstəyini davam etdirib və Azərbaycana qarşı təxribatlardan əl çəkməyib. Bəs Milli Məclisin hələ iki il əvvəl qəbul etdiyi sənəd-hökumətə tövsiyələr niyə icra olunmur? Hökumətin bununla bağlı məsuliyyəti varmı? Yeni sanksiya çağırışları icra olunacaqmı və ən azından bəziləri icra olunmalıdırmı?

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

 Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Fransanın anti-Azərbaycan mövqeyinə Azərbaycan adekvat əməli reaksiya verməlidir. Azərbaycan hətta bir az da irəli gedərək hücum mövqeyində olmalıdır: “Fransa kimi dövlətlər başa düşməlidir ki, Azərbaycan heç kəsin qarşısında geri çəkilmir, hansı mövqeyi nümayiş etdirirlərsə, artıqlaması ilə cavabını alacaqlar. Biz Fransaya açıq deməliyik ki, əgər siz bizə qarşı qərəzli mövqe tutursunuzsa, onda nə üçün biz sizinlə normal münasibət saxlamalıyıq? Milli Məclisin komitəsinin istər iki il öncəki, istər yeni təklifləri təxminən bir-birini tamamlayır. Bu təkliflərdən biri Fransa ilə siyasi, iqtisadi əlaqələrin məhdudlaşdırılması, yaxud ləğv olunmasını nəzərdə tutur. Bu təkliflər düzgündür və yerinə yetirilə bilər. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında Fransanın məsələsinin müzakirəyə çıxarılması təklifi də yerinə yetirilməli vacib təklifdir. Yəni Fransa kimi qərəzli dövlətlərə qarşı təklikdə yox, kollektiv mövqe ortaya qoyulmalıdır. Fransa məhsullarına Azərbaycanda məhdudiyyətlər qoyulmasına da gedilə bilər. Eyni zamanda Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin dayandırılması da mümkündür. Bu addımları hökumət atmalıdır. İki əvvəl hökumətə təkliflər veriləndən sonra müəyyən addımlar atılıb. Ola bilsin, bəziləri barədə heç ictimaiyyət bilgiləndirilməyib. Amma biz görürük ki, Fransa qərəzli mövqeyini davam etdirir. Ona görə də Azərbaycan müvafiq cavab addımlarını atmaqdan çəkinməməlidir. Cəmiyyət də bu məsələdə dövlətin yanında olmalıdır”. 

Yuri Kimin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər qəbuledilməz və  qərəzlidir" - Əli Orucov

Əli Orucov

AMİP rəsmisi, siyasi şərhçi Əli Orucov bildirdi ki, Fransanın son illər Azərbaycana qarşı yürütdüyü siyasət qərəzli, beynəlxalq hüququn norma və prinsiplərə uyğun deyil.  2020-ci ilədək Makron hökuməti bir qədər neytral görüntüsü yaratmağa çalışsa da, 44 günlük müharibə zamanı Paris əsl simasını açıq şəkildə büruzə verdi. Fransadan fərqli olaraq Azərbaycan soyuqqanlı davranmağa, münasibətlərin qırılma nöqtəsinə çatmaması üçün çabalarına baxmayaraq, görünür, bundan artığını etmək mümkün olmayıb: “2020-ci ildən indiyədək Fransa parlamenti Azərbaycana qarşı 6-ya yaxın qətnamə qəbul edib. Hamısı icra olunmadan kağız üzərində qalıb. Xatırlayırsınızsa, 10 noyabr 2020-ci il bəyanatının ardından 15 gün sonra senat hökuməti "artsax respublikasının" müstəqilliyini tanımağa çağıran qətnamə də qəbul etmişdir. Odur ki, senatın Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin hamısı siyasi xarakterli və təzyiq, şantajdan başqa bir şey deyil. Mən hesab etmirəm ki, Fransa Azərbaycanla bütün körpüləri və əlaqələri məhv etməyə maraqlı olsun. Cənubi Qafqaza nüfuz etməyə çalışan Fransa Azərbaycan olmadan bunu gerçəkləşdirə bilməz. Fikrimcə, Fransa davamlı basqılarla Azərbaycanın regional rolunu zəiflətməyə, onu müstəqil siyasi xətt yütürməkdən çəkindirməyə və idarəolunan bir vəziyyətə salmağı hədəfləyir. Azərbaycan özü də bu gərginliklərə baxmayaraq, daha sərt və qəti addım atmağa tələsmir. Azərbaycan parlamenti də hökuməti Fransaya qarşı müəyyən addımlar atmağa və sanksiyalar tətbiq etməyə çağırsa da, sərt əməli addımlar atılmayıb. Doğrudur, Fransa da son illər islamafobiya və türkfobya geniş vüsət almaqdadır. Fransız millətçiliyi, qeyri-din və millətlərə qarşı aqressiyası artır. Lakin bundan ilk öncə Fransanın özünə zərər dəyir. Fransa cəmiyyəti parçalanmağa doğru gedir. Ölkənin beynəlxalq nüfuzuna və etibarına ciddi ziyan dəyir. Fransanın erməniləri alət etmələri və Ermənistan üzərindən Cənubi Qafqazda maraqlarını təmin etmək siyasəti faktiki olaraq iflas edib. Parisin bu davranışı əslində Moskvanın xeyrinədir. Əgər Milli Məclisin qəbul etdiyi qətnamə həyata keçirilsə, bundan Fransa böyük zərər görmüş olar və həmin zərəri də kompensasiya etmək mümkün olmaz. Bura  həm siyasi, ticari, iqtisadi, həm də təhlükəsizlik və digər faktorlar daxildir".

Ə.Orucov qeyd etdi ki, sanksiyaların tətbiqindən hər iki dövlət maksimum dərəcədə qaçmağa çalışmalıdır: “Fransanın Azərbaycandakı "Total" şirkəti Abşeron qaz yatağının hasilatında 60 faiz paya malikdir. Fransanın digər şirkətləri də Azərbaycanda fəaliyyət göstərir. 2018-ci ildə Azərbaycanın ilk kosmik peyki Fransanın vasitəsilə kosmosa buraxılıb. Məncə, Makronun səhv siyasəti və Azərbaycana qarşı qərəzi uzun çəkməz. Çünki Makronun özünün hakimiyyətinin ömrünə də cəmi 1 il qalıb. Düşünmürəm ki, hakimiyyət dəyişliyindən sonra Fransa Makronun səhvini təkrarlasın. Bununla belə, Azərbaycanın haqlı mövqeyindən çəkilməməsi, qətiyyət və iradə nümayiş etdirməsi gec-tez öz müsbət nəticəsini verəcək və Paris yanlış mövqedə olduğunu anlayacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR