İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fitch”dən Azərbaycan iqtisadiyyatına dair proqnoz - realdırmı...

1001 04.04.2023 09:02 İqtisadiyyat A A

Ekspert: “Bizdə iqtisadi artım ölkənin potensialından aşağıdır”

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illərdə Azərbaycanda ÜDM artımına dair proqnozunu açıqlayıb. Agentlik hesab edir ki, bu il və gələn il ölkəmizdə ildə orta hesabla 2,1 faiz iqtisadi artım baş verəcək.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM 4,6 faiz (2021-ci ildə 5,9 faiz) artıb. Ötən il qeyri-neft ÜDM-in artımı 9,1 faiz təşkil edib, neft hasilatının 5,6 faiz azalması nəticəsində neft ÜDM-i 2,7 faiz azalıb. Qaz hasilatının 7,3 faiz artması və qazın dünya bazar qiymətinin çox yüksək olması neft hasilatındakı azalmanın qismən də olsa kompensasiyasına imkan verib.

Bundan əlavə, 2022-ci ildə dövlət büdcəsinin profisiti gəlirlərin 27 faiz artması hesabına 2 faiz bəndi artaraq 6 faizə çatıb. “Fitch”ə görə, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin profisiti ÜDM-in 4,8 faizinədək, 2024-cü ildə isə 4,2 faizinədək azalacaq.

Agentlik qeyd edir ki, 2023-cü ilin fevral ayında Azərbaycanda inflyasiya (12 aylıq) 2022-ci ilin oktyabr ayındakı 15,6 faizlik pik səviyyədən 14,1 faizə düşüb. Azalmaya səbəb istehlak malları üzrə inflyasiyanın 4 faiz bəndi - 17,1 faizədək azalmasıdır. “Fitch” 2023-cü ildə Azərbaycanda 10,3 faiz, 2024-cü ildə isə 7,3 faiz orta illik inflyasiya proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in artımını 2,7 faiz, 2024-cü ildə 4,1 faiz, orta illik inflyasiyanı isə müvafiq olaraq 6,9 faiz və 4,5 faiz səviyyəsində proqnozlaşdırır.

Rəsmi statistikaya əsasən 2023-cü ilin yanvar ayında ölkədə 9,7 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 4,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb.

2023-cü ilin yanvar-fevral aylarında isə ÜDM istehsalı 19,8 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. İki ayda iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,6 faiz artıb.

Bu ilin 3 ayında iqtisadiyyatın artıb-azaldığı hələ açıqlanmayıb. Yalnız o məlumdur ki, 3 ayda ölkənin qeyri-neft ixracında ciddi artım var. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun yaydığı məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 912,2 milyon dollar təşkil edib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,2 faiz çoxdur. Qeyri-neft ixracının artması bu sektorda ümumi artımın yüksək olduğundan xəbər verir. Lakin mart ayı boyunca dünya bazarında neftin qiyməti 74-75 dollar civarında dəyişib ki, bu da Azərbaycanda ÜDM-in formalaşmasında böyük rolu olan neft sektorunda hasilatın azalması fonunda daralmanın daha böyük olmasına gətirib çıxaracaq amildir.

Onu da bildirək ki, “Fitch” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) “BB+” səviyyəsində, proqnozu müsbət olaraq təsdiqləyib. Bu qiymətləndirməyə səbəb Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren rifah fondunun iri aktivləri hesabına yüksək maliyyə çevikliyinin mövcudluğudur.

Agentlik ölkə iqtisadiyyatının karbohidrogen sektorundan yüksək asılılığının davam etməsini; bank sisteminin dollarlaşma səviyyəsinin yüksək olmasını; iqtisadi siyasətin proqnozlaşdırılma səviyyəsinin qənaətbəxş olmadığını; Ermənistanla münaqişə riskinin olduğunu əsas risklər hesab edir.

“Fitch”in qiymətləndirmələrinə görə, yüksək neft və qaz qiymətləri Azərbaycanın suveren balansını daha da gücləndirir. “2022-ci ilin sonuna Azərbaycanın strateji ehtiyatları 58 milyard dollar səviyyəsində qiymətləndirilir. Bunun 85 faizini Dövlət Neft Fondunun aktivləri təşkil edir. Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illərdə 14,9 faiz bəndi - ÜDM-in 68,7 faizinə qədər artacağını proqnozlaşdırırıq ki, bu da müqayisə olunan ölkələr qrupunda ən yüksək göstəricidir”.

“Fitch” Azərbaycanın ümumi dövlət borcunun 2022-ci ildə 4,5 faiz bəndi - ÜDM-in 11,6 faizinədək azaldığını xatırladır və hesab edir ki, 2024-cü ilin sonuna dövlət borcunun ÜDM-ə nisbəti 7,9 faiz təşkil edəcək.

Agentlik Azərbaycanın bank sektorunun göstəricilərinin stabil səviyyədə yaxşılaşdığını qeyd edir. 2022-ci ilin sonuna vaxtı keçmiş kreditlər 2,9 faiz (2021-ci ilin sonuna 6,1 faiz), birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 17,3 faiz təşkil edir, əmanətlər və depozitlər üzrə dollarlaşma səviyyəsi 2020-ci ilin birinci yarısındakı 60,4 faizdən 2022-ci ildə 48 faizədək azalıb.

Bundan başqa, “Fitch” analitiklərinin fikrincə, bank sektorunda tənzimləyici tərəfindən nəzarət yaxşılaşır, lakin hələ də bir sıra çatışmazlıqlar mövcuddur. Agentliyin qiymətləndirmələrinə görə, enerjidaşıyıcılarının ucuzlaşması, iqtisadi siyasətin dəyişməsi Azərbaycanın kredit reytinqlərinin aşağı düşməsinə gətirib çıxara biləcək amillərdir. Eyni zamanda xarici balansın daha da güclənməsi - məsələn, enerjidaşıyıcılarının yüksək qiyməti səbəbindən - Azərbaycanın iqtisadi siyasətinin səmərəliliyi və proqnozlaşdırılma qabiliyyəti ölkənin kredit reytinqinin yüksəlməsinə səbəb ola biləcək amillərdir.

Azərbaycanın dövlət büdcəsi 2023-cü ildə profisitlə icra oluna bilər -  "Qazprombank"

Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirir ki, Azərbaycanda iqtisadi artım “Fitch Ratings” beynəlxalq reytinqinin proqnozlarını xeyli üstələyib və bu, qeyri-neft-qaz sektorunun inkişaf tempi ilə bağlıdır: “Fiskal stimul, əlverişli karbohidrogen qiymətləri və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə tədarükün artması sayəsində 2021-ci ildə yüksək baza effektinə (5,6 faiz) baxmayaraq, Azərbaycanın iqtisadi artımı 2022-ci ildə 4,6 faizə çatıb. Beləliklə, iqtisadi artım "Fitch"in proqnozunu üstələyib. Bu və gələn il ərzində agentlik artımın 2,1 faizə qədər azalacağını gözləyir, biz isə orta hesabla 4 faizlik daha əhəmiyyətli artım proqnozlaşdırırıq”.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanın iqtisadi artımı əsasən qeyri-neft-qaz sektoru hesabına təmin edilib və burada artım demək olar ki, ikirəqəmli olub və illik müqayisədə 9,1 faiz təşkil edib: “Biz hesab edirik ki, sonuncu göstərici yeni karantin məhdudiyyətlərinin olmaması, turist axını və fiskal stimulla bağlıdır (hazırda büdcə iqtisadiyyatın stimullaşdırılmasında aparıcı rol oynayır). Qeyri-neft-qaz sektorunun inkişafı sayəsində onun ÜDM-dəki payı Azərbaycanın ən yaxın tarixində ən yüksək səviyyəyə çatacaq. Bizim hesablamalarımıza görə, Qarabağda həyata keçirilən yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artan logistik əhəmiyyəti ölkənin hazırkı inkişaf tempini qoruyub saxlayıb. Neft və qaz sektorunun ÜDM-də payı 2024-cü ildə 70 faizə yaxınlaşacaq. Bu, ölkənin yaxın tarixində ən yüksək səviyyə olacaq”.

2023-cü ildə Azərbaycanın maliyyə siyasəti pandemiyanın pik dövründə, iqtisadiyyatı bərpa etmək üçün kütləvi fiskal stimulun tələb olunduğu dövrdə olduğundan daha mühafizəkar olacaq. G.Xaydarşina hesab edir ki, 2023-cü ildə Maliyyə Nazirliyi büdcə kəsirini azaltmağı planlaşdırır, reallıqda isə büdcəni profisitlə icra etmək olar: “Bu il kəsirin 2022 və 2021-ci illər üçün nəzərdə tutulan 3,6 və 4,1 faizdən ÜDM-in 2,4 faizinə endirilməsi planlaşdırılır. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin büdcəsi neftin qiymətinin mühafizəkar proqnozuna əsaslanır. ABŞ bank sistemində risklərin artması fonunda "Brent" markalı neftin qiyməti bir barel üçün 78 dollara endikdən sonra belə onun kotirovkaları Azərbaycan büdcəsində müəyyən edilmiş səviyyədən 1,6 dəfə yüksək olaraq qalır".

İqtisadçı hesab edir ki, neftin qiyməti bu səviyyədə qalsa belə, ilin sonuna kimi Azərbaycan büdcəsində ÜDM-in təxminən 1 faizi həcmində profisit yarana bilər (Report).

Ekspert: “Azad ticarət zonası Azərbaycanın ixrac həcminin artmasını  şərtləndirə bilər” - 03.05.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, 2023-2024-cü illərdə Azərbaycan iqtisadiyyatının artım dinamikası beynəlxalq konyukturadan əlavə, ölkə hökumətinin yanaşmasından asılı olacaq: “Yəni burada indiki halda ciddi proqnozlar vermək mümkün deyil. 2022-2026-cı illər üzrə strategiya müəyyənləşib, iqtisadiyyatın liberallaşması istiqamətində müəyyən addımlar nəzərdə tutulur. Bu addımların nə qədər effektli olacağı hökumətin qərarından, siyasətindən asılı olacaq. O da məlumdur ki, hazırda Azərbaycan iqtisadiyyatı öz potensialına uyğun artım nümayiş etdirmir, potensialından geri qalır. Bu, fundamental problemlərlə əlaqəli olsa da, göstərir ki, potensialdan daha səmərəli artım üçün istifadə oluna bilər. İndiki halda, məsələn, turizm sektorunda artım onun potensialından aşağıdır ki, bu da hökumətin siyasəti ilə bağlıdır: pandemiyadan sonra ölkənin quru sərhədləri hələ də açılmayıb. 2022-ci ildə ölkəyə gələn turistlərin sayı 2019-cu ildəkindən iki dəfə az olub. Bu ilin ilk rübündə də məhdudiyyət qalır, amma növbəti dövrdə quru sərhədləri açılarsa, bu, turizm sektorunda sıçrayışa səbəb ola bilər ki, bu da ümumi artıma töhfəsini verər”.

Ekspertin sözlərinə görə, hazırda Qarabağda aparılan bərpa işləri ilə bağlı tikinti sektorunda da canlanma müşahidə olunur: “Bunun nəticəsində tikinti sektoru da artımın dəstəkləyicisi rolunda çıxış edir. Bundan əlavə, hökumətin resurs gəlirlərini real iqtisadiyyata hansı formada transformasiya etməsindən də çox şeylər asılıdır. Hələlik bu gəlirlər büdcə xərcləmələri vasitəsilə iqtisadi aktivliyin müəyyən həddə saxlanmasına imkan verir. Lakin gəlirlərin daha çox və digər yollarla real iqtisadiyyata yönəldilməsi təmin edilməzsə, bu aktivliyin daha da artması mümkün olmayacaq”.

R.Həsənov hesab edir ki, iqtisadi artımla bağlı “Fitch”in proqnozu daha realdır, nəinki Azərbaycan hökumətinin...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR