İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fitburg” qalmaqalı: azərbaycanlı bosman ağır ittihamlarla üz-üzə

597 16.06.2026 13:35 Dünya A A

Finlandiya hüquq-mühafizə orqanları “Fitburg” adlı yük gəmisinin heyəti ilə bağlı ciddi ittihamlar irəli sürüb.

Musavat.com Finlandiya mətbuatına istinadən xəbər verir ki, gəminin kapitanı və bosmanı barəsində “ağırlaşdırıcı hallarda əmlaka ciddi zərər vurma” və telekommunikasiya şəbəkələrinə müdaxilə maddələri üzrə cinayət işi açılıb.

Məlumata görə, gəminin kapitanı Rusiya, bosmanı isə Azərbaycan vətəndaşıdır.

İttihamlara əsasən, “Fitburg” Fin körfəzində iki sualtı telekommunikasiya kabelini zədələyib, daha səkkiz kabelə isə zərər vurmağa cəhd edib.

Prokurorluğun açıqlamasında bildirilir ki, gəmi zədələnmiş lövbərlə təxminən 130 kilometr məsafədə dənizin dibində hərəkət edib və bu proses nəticəsində ciddi infrastruktur risk altına düşüb.

Prokurorların fikrincə, bu hərəkət təkcə böyük maddi ziyana səbəb olmayıb, həm də Finlandiyada telekommunikasiya, elektrik və qaz şəbəkələrinin fəaliyyətinə ciddi təhlükə yaradıb.

Hadisənin mərkəzində olan Azərbaycan vətəndaşı – gəminin bosmanı – Finlandiya polisi tərəfindən saxlanılıb. Yerli mənbələr onun istintaq altında əsas fiqurlardan biri olduğunu bildirir.

Digər tərəfdən, gəmidə olan üç ekipaj üzvünə, o cümlədən bir Rusiya vətəndaşına ölkəni tərk etmə qadağası qoyulub.

“Fitburg” yük gəmisi ötən ilin sonunda Sankt-Peterburqdan İsrailə istiqamət alarkən Helsinki–Tallin xəttində “Elisa” operatoruna məxsus sualtı kabelin zədələnməsi şübhəsi ilə saxlanılmışdı. Gəmi həmçinin sanksiyalara düşə biləcək “Rusiya mənşəli məhsullar” daşımaqda da ittiham olunurdu.

Hadisə ilə bağlı Finlandiya prokurorluğunun araşdırması davam edir və yekun qərarın yaxın zamanda veriləcəyi gözlənilir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR