DÇ-2026 ətrafında yaranan qalmaqal FİFA rəhbərliyində ciddi böhrana səbəb olub.
Musavat.com xəbər verir ki, "The Guardian" qəzetinin jurnalisti Romen Molinanın məlumatına görə, DÇ-2026 zamanı baş verən qalmaqaldan sonra FİFA prezidenti Canni İnfantinonun vəzifədən uzaqlaşdırılması ilə bağlı müzakirələr sürətlənib. Bildirilir ki, UEFA artıq təşkilata rəhbərlik edəcək yeni namizəd üzərində işləyir və qurumlar arasındakı pərdəarxası qarşıdurma açıq mərhələyə keçib.
Qalmaqal ABŞ millisinin hücumçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqənin sonradan ləğv edilməsi ilə başlayıb. Futbolçu qaydalara əsasən Belçikaya qarşı 1/8 final oyununu buraxmalı idi. Lakin FİFA cəzanı şərti cəza ilə əvəz edərək onun meydana çıxmasına icazə verib.
Məlumata görə, bu qərarın qəbul edilməsindən əvvəl Tramp İnfantino ilə telefon danışığı aparıb. Britaniyalı jurnalist Ben Ceykobs və "Daily Mail"in mənbələri bildiriblər ki, Tramp futbolçuya verilən qırmızı vərəqənin səbəbi ilə maraqlanıb.
"Politico"nun yazdığına görə, hadisələrin başlanmasına Nyu-Yorkun sabiq meri Rudi Culianinin oğlu Endryu Culiani səbəb olub. Məhz o, Baloqunun qırmızı vərəqəsi barədə Trampa məlumat verib.
Baş verənlər UEFA, Belçika Kral Futbol Assosiasiyası və futbol ictimaiyyətinin sərt reaksiyasına səbəb olub. UEFA bunu "misli görünməmiş və əsaslandırılmamış qərar" adlandıraraq oyunun ədalətinə zərbə vurulduğunu bəyan edib.
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel və əfsanəvi futbolçu Ueyn Runi də qərarı kəskin tənqid edərək FİFA rəhbərliyinin hərəkətlərini qəbulolunmaz adlandırıblar.
Məlumata görə, son qalmaqal İnfantinonun rəhbərliyi ilə bağlı narazılığı daha da artırıb və UEFA artıq FİFA-da rəhbərlik dəyişikliyi üçün hazırlıqlara başlayıb.
Musavat.com






